Gürcüstan belə bir addım atarsa, Ukraynadan da bərbad vəziyyətə düşəcək
"Gürcüstanın NATO-ya üzv olması Cənubi Qafqaz regionunun maraqlarına xidmət edəcək. Ona görə ki, Gürcüstan NATO-ya üzv olduqdan sonra region daha dayanıqlı, sabit və cəlbedici olacaq”. Bu sözləri Gürcüstanın Baş naziri Mamuka Baxtadze Davos Dünya İqtisadi Forumundakı çıxışı zamanı deyib. Baş nazirin fikrincə, region üçün sabitlik əsas şərtdir: "Regionun iqtisadi inkişafı üçün bütün imkanlar mövcuddur. Həyata keçirdiyimiz islahatlar sübut edir ki, Gürcüstan müasir Avropa ölkəsinə çevrilə bilər. Gürcüstan sübut etdi ki, ən ağır vəziyyətdə belə qanunun aliliyini qoruya, təhlükəsizliyi, sabitliyi və proqnozları təmin edə bilər. Avropa və NATO ölkələrinin çox yaxşı sərmayədarları və iqtisadi imkanları, əlverişli vergi sistemi var. Amma sabitlik və təhlükəsizlik olmadan heç bir investor bizim regiona risk edib gələ bilməz. Ona görə də regionda təhlükəsizlik çox vacib amildir və biz buna nail olmalıyıq”.
Gürcüstan baş nazirinin fikirlərini "Şərq”ə dəyərləndirən siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev bildirib ki, hələlik postsovet məkanında heç bir dövlət NATO-ya qəbul oluna bilmir. Bunun üçün hərbi alyansın nizamnaməsində dəyişiklik edilməlidir:
"Təbii ki, dəyişiklik istisna olunmur, nə vaxtsa baş verə bilər. Amma Gürcüstanın NATO-ya üzv olmasının regiona və Azərbaycana nə qədər xeyri dəyəcək, bu bir az sual altında olan məsələdir. Əgər buna cəhd edilərsə, Gürcüstanda mütləq hakimiyyət dəyişəcək.
Onsuz da indiki hakimiyyətin bu və ya digər formada Moskva ilə bağlılığı var. NATO-ya üzv olmaq məsələsi Ukraynanı pis günə qoydu. Gürcüstan belə bir addım atarsa, Ukraynadan da bərbad vəziyyətə düşəcək. Rusiya 50 milyonluq Ukraynada indiyədək davam edən bir münaqişənin yaranmasına səbəb oldusa, Gürcüstanı çox rahatlıqla, qısa zamanda qarışdıra bilər”.
Professorun sözlərinə görə, Gürcüstanın NATO-ya üzv olması Azərbaycana iqtisadi sahədə problemlər yarada bilər:
"Azərbaycan Gürcüstana ən çox investisiya yatıran ölkədir. Bizim Qərbə açılışımız da Gürcüstan üzərindən həyata keçirilir. Üzvlük təşəbbüskarı olduğumuz regional layihələrdə də müəyyən çətinliklər yarada bilər. Ona görə də yaxın zamanlarda Gürcüstanın hərbi alyansa üzv qəbul ediləcəyinə inanmıram. Hazırda NATO daxilində ciddi narazılıqlar var, xüsusən Donald Tramp Amerika prezidenti olandan sonra təşkilat daxilində qarşıdurmalar müşahidə olunur. Bu baxımdan Gürcüstanın ora qəbul edilməsi ehtimalı çox aşağıdır”.
İsmayıl