Son illər Azərbaycan vətəndaşlarının müalicə üçün xarici ölkələrə axın etməsi artıq hər kəsə bəllidir. Bu axının istiqaməti isə vətəndaşların cibinə görə dəyişir. Əhalinin nisbətən kasıb zümrəsi, yəni sadə vətəndaşlar müalicə üçün daha çox qonşu İrana üz tutur. İmkanlı şəxslər isə Avropa ölkələrinə, əsasən də Almaniya, Türkiyə, Rusiya, İran, İsrail, Amerikanın tibb ocaqlarına gedirlər. Xüsusən də, məmurlarımızın adi bir müayinə üçün belə əcnəbi xəstəxanaların qapısını döyməsi mətbuatdan hər kəsə məlumdur.
Maraqlıdır, Azərbaycanda səhiyyənin inkişafından ağızdolusu danışan məmurlar, niyə öz səhiyyəmizə etibar etmirlər? Məsələnin problem səviyyəsinə qalxması isə artıq cəmiyyətdə ölkə səhiyyəsi ilə bağlı heç də xoş olmayan fikirlərin formalaşması ilə nəticələnib. Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev də bu narahatlıqlardan və problemlərdən danışıb. Öncə ölkənin yüksək vəzifəli məmurlarının, deputatların xarici ölkələrin klinikalarında müalicəyə üstünlük verməsinə münasibət bildirən Şirəliyev Səhiyyə Nazirliyinin rəsmi mətbuat orqanı olan "Tibb” qəzetinə müsahibəsində belə hallar heç də həmişə baş vermədiyini deyib. Onun sözlərinə görə, sadalanan qəbildən olan vətəndaşlar və onların ailə üzvlərinin çoxu yerli klinikalarda müalicə olunur: "Amma əlbəttə, elə də olur ki, cəmiyyətdə tanınan şəxs sağlamlıq durumu barədə məlumatların yayılmasını istəmədiyinə görə, yaxud hansısa digər səbəblərdən müalicə üçün xaricə gedir”. Azərbaycandakı özəl klinikaların xarici həkimlərinin geniş reklam edilməsinin çox vaxt xam adamlar üçün nəzərdə tutulan adi bir kələk olduğunu vurğulayan nazir qeyd edib ki, əsas məsələlərdən biri özəl klinikaların dəvət etdikləri həkimlərin səlahiyyətli və səriştəli olmasına həmişə zəmanət verib-verməməsidir. Tibb elmləri doktoru, professor Adil Qeybulla məmurların xarici ölkələrdə müayinə və müalicəsi Azərbaycanda daha kütləvi şəkildə olmasını təsdiq edib: "Bu, həm də onların Azərbaycan səhiyyə sisteminə etibar etməməsi ilə əlaqədardır. Təəssüf ki, bu, reallıqdır. Bu məsələ nəinki məmurlara, hansısa bir imkanlı insanlara da aiddir. Hər hansı bir şəxs imkan və fürsət tapan kimi xaricdə müalicə olunmağa üstünlük verir. Bu yerli həkimlərə inamsızlıqdan, yerli səhiyyəyə güvənsizlikdən irəli gəlir”. Adil Qeybulla bəzən haqlı olaraq Azərbaycanda müalicənin nəticəsindən narazı qalıb xaricə üz tutanların da olduğunu qeyd edib. O, bunun səhiyyəmizdə tam sistemin olmaması ilə əlaqələndirib: "Bir şeyi nəzərə almaq lazımdır ki, Azərbaycan səhiyyəsinin ayrı-ayrı qolları artıq Qərb, Avropa səhiyyəsinə inteqrasiya edir. Lakin biz uzun dövr ərzində sovet səhiyyə sistemi ilə işləmişik və keçid dövrünü yaşayırıq, təbii ki burda da problemlər olmalıdır”.
A.Qeybulla xəstələrin İrana və digər ölkələrə üz tutmasının bir səbəbinin də Azərbaycanda orqan köçürülməsi kimi mürəkkəb əməliyyatların həyata keçirilməməsi ilə izah edib: "Bunun da səbəbi bizdə orqan transplantasiyasının tam həllini tapmamasıdır. Bu məsələdə əhalini xeyli maarifləndirmək lazımdır. Ölkəmizdə insanlar müxtəlif kliniki beyin ölümü keçirən şəxslərin orqanlarının çıxarılmasına qətiyyən razılıq vermirlər. Ona görə də, bu məsələlərin texniki, mənəvi, psixoloji tərəfləri cəmiyyətdə öz həllini tam tapmamış Azərbaycanda orqan transplantasiyası yetərincə yayılıb inkişaf etməyəcək və insanlar yenə də xaricə üz tutacaqlar”.
Xaricdən gələn həkimlərin reklamı o qədər şişirdilmiş şəkildə aparılır ki, insanlar ona sanki möcüzə olacaqmış kimi inanırlar. Adil Qeybulla hesab edir ki, klinikalar xaricdən həkim gətirərkən efirlərdə reklamını elə təqdim edirlər ki, daha çox xəstə cəlb edə bilsinlər: "Əslində xaricdən gələn həkimlərin əksəriyyətinin reklamı reallıqla uzlaşmır. Aydın olur ki, öz ölkəsində o qədər də tanınmır. Mütəxəssis kimi tanınmayan həkim isə Azərbaycanda dünya şöhrətli həkim olaraq təqdim olunur. Elə sahələr var ki, xaricdən həkim çağırılmasına ehtiyac yoxdur, amma gətirirlər. Bu reklamlar bəzi klinikanın korporativ maraqlarına xidmət edir. Buna hansısa məhdudiyyətlər qoyulmalı, nizamlama aparılmalıdır. Bu sahədə dünya praktikasından yararlanmalıyıq”.
Adil Qeybulla onu da bildirdi ki, Azərbaycanın qanunvericiliyində elə bir maddə yoxdur ki, xaricdən gəlib ölkəmizdə müalicə aparan həkimlərə qarşı hansısa bir iddia qaldıraq: "Hansısa bir problem yaransa, məsuliyyət klinikanın üzərinə düşür. Xaricdən gələn həkimlər istəsələr belə, burda əməliyyat etdikləri xəstələrə cavabdehlik daşıya bilməzlər. Onlar müəyyən müddət ərzində Bakıya gəlib əməliyyat edib, ölkələrinə qaydırlar. Xəstələr həmin klinikanın yerli həkimlərinin ixtiyarında qalır”.
Şəymən