"Bir stəkan su istədi və sonra vəsiyyət etdi ki..." - Köməkçisi Elçibəyin son anlarından danışdı

  • "Elçibəy dağları çox sevirdi. Bəzən dəniz kənarına da gedərdik. Orada dayanıb, dənizə baxar, türkülər oxuyardı"

Bu gün milli azadlıq hərəkatının lideri, Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyin anadan olmasının növbəti ildönümüdür. Müstəqillik tariximizin ən çox müzakirə olunan və yadda qalan simalarından biri olan Elçibəy həm siyasi fəaliyyəti, həm də şəxsi keyfiyyətləri ilə cəmiyyətdə dərin iz qoyub. Onunla uzun illər çiyin-çiyinə çalışan, ən yaxın çevrəsində yer alan şəxslərin xatirələri isə Elçibəyin ictimaiyyətə məlum olmayan tərəflərini üzə çıxarır. Bu münasibətlə sabiq prezidentin köməkçisi Əli Mürsəloğlu ilə həmsöhbət olduq.

Sherg.az müsahibəni təqdim edir:

- Əli bəy, Elçibəyi necə xatırlayırsınız?

-Bilirsiniz, lider olmaq asan məsələ deyil. Hər şeyi Allah bilir. Elçibəy lider idi. O, sanki doğulandan tarix yaratmaq üçün seçilmişdi. Azərbaycan xalqının bütövlüyü və Azərbaycan Respublikasının inkişafı üçün bacardığı, imkanı yetdiyi hər şeyi etdi. Məsələn, rus qoşunlarının Azərbaycandan çıxarılması, milli pul vahidinin dövriyyəyə buraxılması, təhsil sahəsində atılan addımlar və digər məsələlər. Bunların hamısı dövlət atributlarıdır. Dövlətin bayrağı, ordusu və digər atributları yoxdursa, o dövlət haqqında danışmağa dəyməz. Elçibəyin xüsusiyyətlərini saymaqla bitirmək olmaz. Ən başlıcası millət sevgisi, millət eşqi idi. Gözəl bir söz var: “Eşqi ilə yürüyən yorulmaz”. O da həmişə həmin eşqlə yaşayırdı. Bu, millət sevgisi idi. Bu gün çox təəssüflənirəm ki, onun adı kifayət qədər çəkilmir. Nə televiziyalarda, nə də başqa yerlərdə. Mən bunu kimisə qınamaq üçün demirəm. Sadəcə düşünürəm ki, niyə Elçibəyin adı çəkilməsin? Axı bu xalq üçün çox iş görmüş bir insandır.

– Şəxsi keyfiyyətləri necə idi? Mülayim idi, yoxsa əsəbi?

– Bəzən deyirlər ki, Elçibəy zəif siyasətçi idi və ya siyasəti bilmirdi. Bunların hamısı içi boş fikirlərdir. İnsanlar zahiri görünüşə, çəkisinə və ya başqa məsələlərə görə fikir yürüdə bilərlər, amma əsas məsələ bu deyil. O, milləti üçün fədakarlıq edən insan idi. Millət naminə lazım gələndə güzəştə gedirdi. Çünki düşünürdü ki, bir toplumu bir məqsəd ətrafında birləşdirmək istəyirsənsə, onun istəklərini nəzərə almalısan. Milli məsələlərdə prinsipial mövqe sərgiləyirdi, amma insanlarla ünsiyyətdə həmişə mehriban və anlayışlı idi. Mən indiyə qədər Elçibəy qədər insanlara dəyər verən bir adam görməmişəm. Yəqin ki, bundan sonra da görməyəcəyəm. Kənardan deyilənlər isə ikinci dərəcəlidir. Məsələn, bir ata övladını böyüdüb təhsil vermək istəyirsə, onun bütün qayğılarını çəkir, zəhmət çəkir ki, övladı gələcəkdə rahat yaşasın. Elçibəy də millətinə belə yanaşırdı. Bir insan kimi son dərəcə təvazökar və mehriban idi. Onunla bağlı çox xatirələrim var. Məsələn, deyirdi ki, “Mən burda qəzet oxuyuram, amma mənim əsgərim soyuğun altında bizi qoruyur”. Belə incə məqamları heç kəsin ağlına gətirmədiyi halda o düşünürdü. Həmçinin 2000-ci ildə Amerikada olarkən də bunun şahidi olmuşam. Gəldim dedim, "dayı, birini sizə, birini də özümə idman ayaqqabısı almışam". Mənə baxıb dedi ki, “Bəs Elman Türkoğluna, Yaşar Türkazərə almısan?” Yəni bəy, həmişə ətrafındakı insanları düşünürdü, kiminsə nəyəsə ehtiyacı olub-olmadığını soruşurdu. İnsanlara dəyər vermək onun xarakterinin əsas xüsusiyyətlərindən biri idi. 

-İnsanlara qarşı münasibəti necə idi?

-Mən indiyə qədər insanlara onun qədər dəyər verən ikinci bir şəxs görməmişəm. Türk mədəniyyətinə xas nəzakət qaydalarına böyük önəm verirdi. İnsanlara həmişə “bəy”, “bəy əfəndi”, “xanım” deyə müraciət edərdi. Heç vaxt kiməsə qarşı kobud və ya soyuq davranmazdı. Bu, insanın böyüklüyündən, ucalığından irəli gələn xüsusiyyətdir. Deyirdi ki, bir insana dəyər versən, Allah da sənin dəyərini artırar. Birinə qiymət versən, Allah sənin qiymətini qat-qat yüksəldər. Bu gün baxıram ki, cəmiyyətdə əvvəlki münasibətlər qalmayıb. İnsanlar bir-birinə qarşı əvvəlki kimi diqqətli deyil. Bizim dövrümüzdə hörmət də vardı, izzət də vardı. İndi isə çoxları yalnız öz mənafeyini düşünür.

– Bəs Elçibəy ad günlərini necə qeyd edirdi? Təmtərağı sevirdimi?

– Yox, yox, yox. Elçibəy belə şeyləri xoşlamırdı. Kələkidə olduğu dövrlərdə də, istər xaricdən, istərsə də Azərbaycanın müxtəlif bölgələrindən onu sevən insanlar gəlirdilər. Həmin gün evdə qonaqlar olurdu, insanlar bir araya toplaşırdı. Bu, əslində paylaşmaq günü idi. Türklərin bir sözü var: dərdi bölərlər, sevinci paylaşarlar. O gün də məhz belə bir gün olurdu. İnsanlar bir yerə yığışır, söhbət edir, xatirələrini bölüşürdülər. Maşın, ev və ya başqa maddi nemətlər keçicidir. İnsan yalnız özü üçün yaşayanda etdikləri də həmin günlə məhdudlaşır. Amma milləti üçün nəsə edəndə həm özü sevinir, həm insanların sevincini yaşayır, həm də Allah onun ömrünə, taleyinə bərəkət verir. Bir çoxları onun yubileyini və ya ad gününü xüsusi təmtəraqla keçirmək istəyirdi. Amma bəy buna qətiyyən razı olmurdu. Deyirdi ki, belə tədbirlər böyük tarixi şəxsiyyətlər üçün keçirilər, mənim üçün buna ehtiyac yoxdur. Bilirsiniz, xalq öz böyüklərinə, tarix yazan insanlarına qiymət verməlidir. Xalqın səni sevməsini istəyirsənsə, xalq üçün nəsə etməlisən, fədakarlıq göstərməlisən. Mən etiraf edirəm- 1991-ci ildə atam rəhmətə getdi. İldə bir dəfə yadıma düşər, ya düşməz. Amma Elçibəyi hər gün xatırlayıram. Çünki o, bu millət üçün yanan, bu millətin millət kimi formalaşması üçün əlindən gələni edən insan idi.

– Bəs, sıxılanda və ya düşünmək istəyəndə hara getməyi sevirdi? Onun müqəddəs yeri hara idi?

– Onun üçün dağların xüsusi yeri var idi. Biz Kələkiyə gedəndə dağları çox sevərdi. Bir dəfə bu barədə özündən soruşmuşdum. Dedi ki, “Dəniz insanı sakitləşdirir, amma dağlar həm güc verir, həm də insanı düşündürür. Dağlar insana yurdunu, vətənini xatırladır. Sanki deyir ki, bura sənin məmləkətindir, sənin torpağındır. Dağlara baxanda insan özünü, keçmişini, mənsub olduğu xalqı düşünür”. Elçibəy dağları buna görə sevirdi. Bəzən dəniz kənarına da gedərdik. Orada dayanıb dənizə baxar, türkülər oxuyardı. Fürsət düşəndə də dağlara çıxardı. Bəzən də yolüstü hansısa çayxanaya girib adi insanlar kimi çay içərdik. Heç bir təmtəraq sevməzdi. Bir neçə dəfə onun əvvəllər oturduğu yerlərə - bulvara da getmişik. Oturub çay içmişik, söhbət etmişik. Çox sadə insan idi. Türk atalar sözündə deyildiyi kimi, “Sadəlik gözəllikdir”. Elçibəy də məhz bu sadəliyi ilə seçilirdi.

– Elçibəyi son dəfə necə gördünüz? Son arzusu nə idi?

– Sonuncu dəfə Türkiyədə olmuşduq. Elçibəyi Ankarada xəstəxanaya yerləşdirmişdilər. Müalicə alırdı. Bəzi qüvvələr onu Gülhanəyə buraxmadı. Buna görə də onun müalicəsi daha erkən mərhələdə aparılmadı. Sonradan xəstəxanaya yerləşdiriləndə artıq vəziyyət ağırlaşmışdı. Hətta Gülhanədəki həkimlərdən biri mənə dedi ki, əgər Elçibəy daha əvvəl, martın 29-u gətirilsəydi, onun ömrünü uzatmaq mümkün olardı. Lakin o vaxtkı Türkiyə rəhbərliyi bunu etmədi. Bu günlər mənim yaddaşımdan heç vaxt silinməyib. Son günlərdə daim onun yanında olurdum. Son görüşümüz də gözümün önündədir.Yanına heç kəsi buraxmırdılar. Məni yanına çağırdılar. Mənə baxdı. Həmin baxışı heç vaxt unuda bilmərəm. Mən Elçibəyə çox bağlı idim. Uzun illər onunla birlikdə olmuşdum. Həyatımın böyük hissəsi onun yanında keçmişdi. Aramızda qarşılıqlı hörmət, etibar və sevgi var idi. Ona görə də həmin an mənim üçün çox ağır idi. Nə hiss etdiyimi sözlə ifadə etmək çətindir. Elçibəy mənə sadəcə rəhbər yox, həm də doğma insan idi. Son dəfə mənə baxdı. Bir stəkan su istədi. Suyu içdikdən sonra vəsiyyət etdi ki, “Mən öləndə ağlamazsınız. Tabutumu isə Azərbaycan himni və "Çırpınırdı qara dəniz" mahnılarıyla aparrsınız”. Bir qədər sonra isə səhər saat 6 radələrində dünyasını dəyişdi. Biz Elçibəyin kirayə qaldığı evin qabağından keçəndə gördüm ki, millət Çırpınırdın qara dəniz və Azərbaycan himnini oxuyur. Sanki, bəy ölümündən sonra nə olacağını öncədən görüb, mənə vəsiət etmişdi.