Türkiyə hakimiyyəti körpüləri və avtomagistralları müəyyən müddətə özəl şirkətlərin idarəçiliyinə verməyi planlaşdırır, lakin onları satmayacaq.
Sherg.az xəbər verir ki, Türkiyənin Maliyyə və Xəzinə Nazirliyi ölkəyə məxsus bu tikililərin gələcək taleyini müəyyənləşdirib.
“Avtomagistrallar və körpülər satılmayacaq. Onlar dövlətin mülkiyyətində qalacaq. Bununla yanaşı, istismar hüququnun müəyyən müddətə verilməsi modeli qiymətləndirilir”,- deyə rəsmi sənəddə bildirilir.
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Bosfor boğazı üzərindən keçən iki körpünün və 10 avtomagistralın 30 il müddətinə özəl idarəçiliyə verilməsi ilə bağlı qərar imzalayıb.
Qeyd olunur ki, özəlləşdirmə ilə bağlı tender elan edilməyib. Türkiyə prezidentinin qərarı yalnız Özəlləşdirmə İdarəsinə hazırlıq işləri aparmaq hüququ verir.
Bundan əvvəl Ərdoğanın daha bir qərarı məlum olub. Bu dəfə qərar Türkiyənin dövlət quruluşu ilə bağlı olub. Türkiyə lideri Ankaranın özünə siyasi kurs diktə edilməsinə imkan verməyəcəyini və “qanlı ssenarilərə” yol verməyəcəyini bildirib.