İsrail ordusu Suriyanın Əl-Qüneytirə əyalətini atəşə tutdu

İsrail qüvvələri Suriyanın cənubundakı demilitarizasiya olunmuş zonaya artilleriya atəşi açıb.

Teleqraf xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, mərmilər Əl-Qüneytirə əyalətinin Ər-Rafid yaşayış məntəqəsinin ətrafına düşüb. Atəş nəticəsində mülki əhali arasında zərərçəkənlərin olmadığı bildirilir.

Bundan əlavə, İsrail qüvvələri Dəməşqin cənub-qərbində yerləşən Beyt-Cin şəhərinin kənarındakı Batt əl-Varda yüksəkliyinə də zərbələr endirib. Nəticədə dağıntılar qeydə alınıb, yaralananların olduğu bildirilib. Onların dəqiq sayı açıqlanmayıb.

Məlumata görə, 2026-cı ilin əvvəlindən İsrail hərbi hava qüvvələri Suriyadakı obyektlərə altı dəfə zərbə endirib. İsrail artilleriyası və tankları isə Suriya ərazilərini 60-dan çox dəfə atəşə tutub.

Bu hücumlar nəticəsində 13 bina və müxtəlif tikililər, həmçinin bir neçə silah-sursat anbarı, müxtəlif qurğular və nəqliyyat vasitələri zədələnib və ya məhv edilib. Ümumilikdə beş yerli sakin həlak olub.