- Çimərlikdə təhlükəsizlik hər zaman prioritet məsələ olmalıdır və istirahətə yollanmadan əvvəl ilk növbədə hava şəraiti nəzərə alınmalıdır
Yay mövsümünün başlamasından cəmi bir neçə gün keçməsinə baxmayaraq, Azərbaycanda dənizdə boğulma halları artıq ciddi narahatlıq doğurmağa başlayıb. Son günlər demək olar ki, hər gün bir və ya bir neçə nəfərin dənizdə batması ilə bağlı xəbərlər yayılır. Xüsusilə Xəzər rayonunun Mərdəkan qəsəbəsində 4 qohum gəncin dənizdə batması cəmiyyətdə böyük rezonans doğurub. Onlardan ikisinin qardaş olması isə faciənin ağırlığını daha da artırıb.
Artan ölüm halları fonunda ictimaiyyətdə haqlı suallar yaranır: təhlükə yalnız insan ehtiyatsızlığından qaynaqlanır, yoxsa problem daha dərindir? Son illər müxtəlif ekspertlər və yerli sakinlər tərəfindən dəniz sahillərində qum qatının daşınması, sahil relyefinin dəyişməsi və dənizin dibində yaranan qəfil çuxurların boğulma riskini artırdığı iddia olunur. Bildirilir ki, bəzi ərazilərdə aparılan qanunsuz və ya nəzarətsiz qum daşınması nəticəsində sualtı axınlar güclənib, təhlükəli zonalar yaranıb.
Digər tərəfdən, nəzarətsiz çimərliklər, xilasedicilərin çatışmazlığı, xəbərdarlıq nişanlarının olmaması və insanların təhlükəli hava şəraitində belə dənizə daxil olması da vəziyyəti daha da ağırlaşdırır. Bütün bunlar göstərir ki, problem təkcə fərdi məsuliyyət məsələsi deyil, həm də təhlükəsizlik nəzarəti, ekoloji müdaxilələr və aidiyyəti qurumların fəaliyyətinə dair ciddi çatışmazlıqlar var.
Təhlükəsizlik eksperti Elmar Nurəliyev Sherg.az-a açıqlamasında çimərlikdə təhlükəsizlik qaydalarına əməl etməyin vacib olduğunu deyib. Onun sözlərinə görə, çimərlikdə təhlükəsizlik hər zaman prioritet məsələ olmalıdır və istirahətə yollanmadan əvvəl ilk növbədə hava şəraiti nəzərə alınmalıdır:
“Əlverişsiz hava şəraitində çimərliyə getmək təhlükəli nəticələrə səbəb ola bilər. Çimərlikdə təhlükəsizliyi təmin edən əsas qaydalar var və bu qaydalara ciddi əməl olunarsa, bədbəxt hadisələrin qarşısını böyük ölçüdə almaq mümkündür. İlk növbədə küləkli və əlverişsiz havada dənizə girmək olmaz. Eyni zamanda, üzmə sərhədlərini müəyyən edən nişan xətlərini keçmək, spirtli içki qəbul etdikdən sonra suya daxil olmaq və xilasetmə xidməti olmayan nəzarətsiz çimərliklərdə istirahət etmək ciddi risk yaradır. Xüsusilə uşaqlar çimərlikdə heç vaxt nəzarətsiz buraxılmamalıdır. Bəzən valideynlərin diqqəti yayındığı anda uşaqlar təhlükə ilə üz-üzə qalırlar. Hadisə baş verəndən sonra isə çox gec olur. Buna görə uşaqlar daim nəzarətdə saxlanılmalıdır”.
Küləyin sürəti saniyədə 10-12 metri keçdiyi hallarda çimərliyə getməyin təhlükəli olduğunu xatırladan E. Nurəliyev qeyd edib ki, belə hava şəraitində suya daxil olmaq təhlükəsizlik baxımından qətiyyən məqsədəuyğun deyil:
“Eyni zamanda, gecə saatlarında dənizə girmək, uzun müddət suda qalmaq, eləcə də qayaların və dəmir konstruksiyaların üzərindən suya tullanmaq ciddi risk yaradır. “Kim daha uzağa üzəcək” düşüncəsi ilə müəyyən edilmiş sərhədləri aşmaq və dərinliyə doğru irəliləmək, dənizdə yarışmaq boğulma riskini artırır. İnsanlar yalnız ayrılmış üzmə zonalarında və sahilə paralel istiqamətdə üzməlidirlər. Çimərlik mövsümü başlamazdan əvvəl aidiyyəti qurumlar tərəfindən həmin ərazilərdə yoxlamalar aparılır, suyun dibi, sualtı axınlar və yarğanlar araşdırılır, həmçinin suyun fiziki, kimyəvi və bakterioloji göstəriciləri müayinə edilir. Yalnız təhlükəsiz hesab olunan çimərliklərin fəaliyyətinə icazə verilir. Rəsmi nəzarətdə olan çimərliklərdə təhlükəsizlik yüksək səviyyədə təmin edilir. Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti hər il yüzlərlə insanın həyatını xilas edir. Nəzarət olunan çimərliklərdə demək olar ki, boğulma halları qeydə alınmır. Bu da həmin ərazilərin nə qədər təhlükəsiz olduğunu göstərir”.