Nazir doğru deyir, gəlirlərin 80 faizi müəllimlərin maaşına sərf edilir

Ancaq görünür ali məktəblərin rəhbərləri müəllim sıxlığı ilə spekulyasiya edib
“Diaqnostik qiymətləndirmədən sonra biz orta məktəblərdə heç bir maaş artımının şahidi olmadıq”




Təhsil naziri Mikayıl Cabbarov ali təhsil sistemində ali məktəblərin gəlirlərinin təxminən 80 faizinin əmək haqqı fonduna keçdiyini deyib. Onun sözlərinə görə, hər 100 manat təhsil haqqının 80 manatı müəllimlərin əmək haqqına sərf edilir. Qalan xərclər məktəbin digər xərclərinə sərf edilir. Ali məktəblər arasında bu rəqəmin dəyişə bilməsinin mümkünlüyünü qeyd edən nazir bildirib ki, ali məktəblərin gəlirlərinin qalan hissəsi əsaslı təmirə, maddi-texniki bazanın maliyyələşməsinə və digər işlərə sərf edilir.

Ali məktəblərin gəlirlərinin təxminən 80 faizinin əmək haqqı fonduna keçdiyini təsdiqləyən təhsil eksperti Nabatəli Qulamoğlunun sözlərinə görə, orta ümumtəhsil məktəblərində də vəziyyət eynidir: "Dövlət büdcəsindən məktəblərə ayrılan vəsaitlərin də 80 faizi müəllimlərin əmək haqqı fonduna yönəlir. Amma bunun fonunda müəllimlərin maaşı həddindən artıq aşağıdır. Çünki ali və orta məktəblərdə kifayət qədər müəllim sıxlığı var. Görünür, ali məktəblərin rəhbərləri müəllim sıxlığı ilə spekulyasiya edib. Əgər bu qədər yüksək təhsil haqqına rəğmən universitetlər müəllimləri yüksək maaşla təmin edə bilmirsə, deməli, müəllimlərin sayını azaltmalıdır. Özəl universitetlərdə müəllimlərə verilən maaşlar qənaətbəxşdir. Amma dövlət ali məktəblərində maaş azdır. Bunun da səbəbi müəllimlərin işdən çıxarılmamasıdır”.

Müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi prosesinin maaş artımına heç bir təsiri olmadığını vurğulayan ekspert deyib ki, bu mövzu ilə bağlı sənədin girişində yazılıb ki, diaqnostik qiymətləndirilmədə iştirak edən müəllimlərin qiymətləri artırılır: "Əgər maaş artımı müəllimin bu qiymətləndirmənin müsbət və ya mənfi nəticəsindən asılı deyilsə, deməli, bunun üzərində dayanmağın bir o qədər də fərqi yoxdur. Bu proqramın nə dərəcədə effektiv olub-olmayacağı, düşünürəm ki, gələcəyə planlaşdırılıb: "Diaqnostik qiymətləndirmədən sonra biz orta məktəblərdə heç bir maaş artımının şahidi olmadıq. Amma sayda xeyli azalmalar var. Son iki il ərzində biabırçı sıxlıq müşahidə olunmur. Amma orta məktəblərdən fərqli olaraq ali məktəb rəhbərləri pedaqoji kollektivin maraqlarına toxunmaqdan ehtiyatlanır, müəyyən əməliyyatlara göz yumurlar. İstisna hallar ola bilər, amma əksər universitet rəhbərliyi pedaqoji heyət qarşısında gözükölgəli olduğu üçün onları işdən çıxara və qarşılarında ciddi tələblər qoya bilmirlər. "Dəymə mənə, dəyməyim sənə” prinsipi ilə hərəkət edirlər, ara yerdə də tələbələr ziyan görür”.

Şəymən