Nazir gərək ad çəkəydi...

Xaricdə təhsil şirkətləri işlədənlər vəzifəli, arxalı adamlardır


Təhsil naziri Mikayıl Cabbarov xaricdə fəaliyyət göstərən təhsil şirkətləri ilə bağlı valideynlərə xəbərdarlıq edib. Nazir bildirib ki, vətəndaşlar müxtəlif şirkətlərin verdiyi vədlərə aldanmasınlar. Çünki nazirlik xaricdə təhsillə bağlı heç bir şirkətlə əməkdaşlıq etmir.

Bu şirkətlər tərəfindən təqdim olunan sənədlər xaricə tələbə göndərilməsi zamanı heç bir üstünlüyə malik olmayacaq. Təhsil Nazirliyi yalnız Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramına uyğun seçim aparır. Gənclərin seçimində ilk növbədə dövlət ehtiyacları, nazirliklə əməkdaşlıq edən xarici ölkə ali məktəblərinin sifarişi, təhsildə və qəbul imtahanlarındakı uğurlar, intellektual səviyyə, aktivlik nəzərə alınır.

Amma təəssüf ki, biz çox zaman fərqli situasiyaların şahidi oluruq. Cəlbedici reklamlara, çağırışlara aldanan valideynlər külli miqdarda vəsait ödəyib övladlarını müxtəlif hazırlıq kurslarına göndərir. Belə zənn edirlər ki, bu kurslar başa çatdıqda uşaqları xarici ölkələrdə təhsil almaq imkanı əldə edəcək. Sonra isə aldandıqlarını başa düşür, məlum olur ki, belə ali təhsil müəssisəsinin diplomu ölkəmizdə tanınmır. Çəkilən xərc də batır.

Təhsil eksperti Nabatəli Qulamoğlu "Şərq”ə açıqlamasında nazirin xəbərdarlığının əsaslı olduğunu dedi:

- Nazirin xəbərdarlığını müsbət qiymətləndirirəm. Fikir verirsinizsə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası da hər dəfə oxşar məzmunlu bəyanatlar verir və valideynləri, abituriyentləri ayıq olmağa çağırır. Xaricdə təhsillə bağlı fəaliyyət göstərən şirkətlərin hardasa 90 faizi qeyri-sağlam işlərlə məşğuldur. Hətta Türkiyədə fəaliyyət göstərən bir şirkətdə bizim konsulluğun əməkdaşlarının çalışdığı da deyilirdi. Nazir bu xəbərdarlığı edir, amma gərək o, həmin şirkətlərin adlarını açıqlayaydı, adbaad deyəydi. Bunu deyə bilmirlər, ona görə ki, həmin şirkətlər hansısa yüksək vəzifəli şəxslərə aiddir. Adi adam, sıravi vətəndaş belə şirkəti qeydiyyatdan keçirib, işlədə bilməz. Məlum məsələdir ki, bu şirkətləri qeydiyyata aldıranlar da, onu işlədənlər də vəzifəli, arxalı adamlardır. Ədliyyə Nazirliyində şirkət qeydiyyatdan keçirmək asan iş deyil. Bu şirkətləri yaradırlar, bilirlər ki, xaricdə tələbələrə tələbat var. Şirin vədlərlə insanları aldadıb, cəlb edirlər. Mən abituriyentlərə məsləhət görərdim ki, özləri sərbəst şəkildə xarici ölkələrə gedib, imtahan versinlər. Bu, çətin məsələ deyil. Heç bir şirkətin köməyi, göndərişi olmadan da bu işi icra etmək mümkündür. O dövlətlərin bizim tələbələrin puluna ehtiyacı var. Ona görə də onların ali məktəblərə qəbul prosesi çətin olmur. Amma hansısa şirkətin xətti ilə xaricdə təhsil vədi almaq çox zaman uğursuzluqla nəticələnir. Belə şirkətlər "yağlı” vədlər verir, imtahansız qəbul vəd edir. Ən yaxşı yol, abituriyentin şəxsən özünün imtahan verib ali məktəbə daxil olmasıdır. O təhsil müəssisəsinin diplomlarının Azərbaycanda tanınıb-tanınmadığını da Təhsil Nazirliyinin, TQDK-nın rəsmi saytlarından öyrənmək mümkündür. Başqasının vədinə inanmaqdansa, insan özü sərbəst hərəkət edib, istəyinə nail olmalıdır.

Məlahət Rzayeva