Nazirlər görüşdülər

“Dağlıq Qarabağ məsələsinin həlli Rusiyadan asılıdır”
Rusiyada səfərdə olan Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov rusiyalı həmkarı Sergey Lavrov və digər rəsmi şəxslərlə görüşlər keçirib. Tərəflər Dağlıq Qarabağ münaqişəsini və ikitərəfli münasibətlərin gücləndirilməsi yollarını müzakirə ediblər. S.Lavrov E.Məmmədyarovla görüşündən sonra bildirib ki, Rusiya Dağlıq Qarabağ məsələsinin həllini öz xarici siyasət prioritetləri sırasında görür.
Nazir hər iki tərəfin qəbul edə biləcəyi razılaşmaların əldə olunması istiqamətində axtarışlara dəstək verməyə davam edəcəklərini söyləyib: "Münaqişənin çox uzandığını heç kəs inkar etmir. Razılaşma üçün real baza var və bunu hamı etiraf edir. İndi bu qarşılıqlı anlayışın konkret məzmuna çevrilməsinə ehtiyac var. Moskva həm ikitərəfli kanallar, həm də Rusiyanın həmsədr olduğu ATƏT-in Minsk Qrupu vasitəsilə münaqişə üzrə qarşılıqlı məqbul razılaşmaların axtarışına köməyi fəal davam etdirəcək”. Rusiya XİN başçısı söyləyib ki, Rusiya və Azərbaycanın strateji tərəfdaşlığı ikitərəfli əməkdaşlıq və Cənubi Qafqaz regionunda sabitlik baxımından vacibdir: "İki ölkənin iqtisadi əlaqələri inkişaf edir. Əmtəə dövriyyəsi tarixi maksimuma çatıb və ötən illə müqayisədə 12 faiz artıb. Bu ildə də müsbət dinamika müşahidə edilir. Rusiyanın bir çox regionları Azərbaycanla əlaqə saxlayır. Yekaterinburqda VI Rusiya-Azərbaycan forumunun keçirilməsinə hazırlıq görülür”.
E.Məmmədyarov da Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı nikbin notları bölüşdüyünü vurğulayıb: "Problem var və onu həll etmək lazımdır. Bunun vaxtı çoxdan yetişib”.
Elmar Məmmədyarov Rusiya Federasiyasının Dövlət Dumasının Sədri Sergey Narışkin ilə də görüşüb. Nazir Azərbaycan ilə Rusiya arasında bütün sahələrdə olduğu kimi, parlamentlərarası əlaqələrin də yüksələn xətt üzrə inkişafından məmnunluğunu vurğulayıb. O, 2015-ci ilin 12-28 iyun tarixlərində Bakıda keçiriləcək Birinci Avropa Oyunlarının açılış mərasimində Rusiya Prezidenti Vladimir Putinin iştirakının yüksək qiymətləndirildiyini qeyd edib.
Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqlar barəsində məlumat verən E.Məmmədyarov münaqişənin həllinin artıq yetişdiyini bildirib. Münaqişənin həlli üçün ilk növbədə Ermənistanın silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu deyən nazir mövcud status-kvonun qəbuledilməz və qeyri-davamlı olduğunu deyib. O əlavə edib ki, regionda sülh və sabitliyin bərqərar olması üçün Ermənistan rəhbərliyi destruktiv siyasətindən əl çəkməli və siyasi iradə nümayiş etdirməlidir. S.Narışkin qanunverici orqanlar arasında sıx əlaqələrin iki ölkə arasında əməkdaşlığın və dostluğun möhkəmlənməsinə xidmət etdiyini nəzərə çatdırıb. Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ilə əlaqədar təbriklərini ifadə edən Narışkin Oyunların yüksək səviyyədə təşkil olunacağına əminliyini bildirib. Duma sədri Rusiyanın münaqişənin tezliklə həllində maraqlı tərəf olduğunu vurğulayıb.
Görüşləri şərh edən əksər ekspertlərə görə, Riqa sammitindən sonra Azərbaycan-Rusiya münasibətləri müəyyən inkişaf mərhələsinə qədəm qoyacaq.
Politoloq Fikrət Sadıqov Azərbaycan-Rusiya münasibətlərinin hazırda kifayət qədər davamlı və stabil olduğunu deyib: "Dağlıq Qarabağ məsələsinin həlli bir çox hallarda Rusiyadan asılıdır. Çünki Rusiya Ermənistanın yaxın hərbi müttəfiqidir. Ermənistanın ərazisində Rusiyanın hərbi bazası var. Amma eyni zamanda Rusiya yaxşı anlayır ki, Azərbaycan Rusiya üçün kifayət qədər önəmli, maraqlı bir dövlətdir. Düzdür, yaxın gələcəkdə Dağlıq Qarabağ məsələsinin tam həllini gözləmirik, bu, çox mürəkkəb məsələdir. Amma Azərbaycanın diplomatik hücumları daimi olaraq davam etməlidir. Bu istiqamətdə fəaliyyətimizi gücləndirməliyik. Biz anlayırıq ki, Rusiya ilə münasibətləri dərinləşdirmək Azərbaycanın xeyrinədir. Düşünürəm ki, bu cür görüşlərdə tək Dağlıq Qarabağ məsələsi deyil, ikitərəfli münasibətlər də geniş müzakirə olunmalıdır. Hətta müəyyən razılıqlar da əldə olunmalıdır”.
İsmayıl