"Əl-ayağı amputasiya olunmuş şəxslərin hər il təkrar müayinələrə çağırılması praktikası artıq keçmişdə qalıb”
"Son illərdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin digər fəaliyyət istiqamətlərində olduğu kimi, əlilliyin qiymətləndirilməsi sistemində də mühüm islahatlar aparılmaqla, bu sahədə müasir və ədalətli yanaşmalara əsaslanan, obyektivliyin və şəffaflığın təmin edilməsinə yönələn köklü dəyişikliklər həyata keçirilib.
Bununla belə, tibb elmləri doktoru, professor Adil Qeybullanın əlilliyin qiymətləndirilməsi ilə bağlı ötən əsrin 90-cı illərinin təcrübəsinə istinadla mətbuata ifadə etdikləri fikirlər, xüsusən də "Əl-ayağı amputasiya olunmuş şəxsləri hər il yoxlama adından çağırırlar, başa düşə bilmirəm ki, bu adamın ayağı bitəsi deyil ki?!” fikri onun qeyd olunan islahatlarla bağlı məlumatsızlığından irəli gəlir". Bunu "Şərq” qəzetinə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şəbəsinin müdiri Elman Babayev deyib.
Nazirlik rəsmisi diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin 14 sentyabr 2015-ci il tarixli Fərmanına uyğun olaraq, əlillik təyinatında məmur-vətəndaş təmaslarının minimuma endirilməsi və şəffaflığın artırılması məqsədilə "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də müvafiq dəyişikliklər aparılıb və Nazirlər Kabinetinin 06 yanvar 2016-cı il tarixli 413 nömrəli qərarı ilə yeni Əsasnamə təsdiq edilib:
"Yeni Əsasnamədə mühüm dəyişikliklər olaraq əlilliyin hər il təkrar qiymətləndirilməsi proseduru aradan qaldırılıb. Yəni bu Əsasnamənin təsdiq edildiyi günədək əlillik müddəti başa çatmamış I dərəcə əlilliyi olan şəxslərin əlilliyi Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi tərəfindən avtomatik olaraq müddətsiz müəyyən edilib. II və III dərəcə əlilliyi olan şəxslərin əlillik müddəti 5 il müddətinə, sağlamlıq imkanlarının məhdudluğu müddəti isə 3 il müddətinə uzadılıb. Adil Qeybullanın bu gün irad bildirdiyi məsələ, yəni əl-ayağı amputasiya olunmuş şəxslərin hər il təkrar müayinələrə çağırılması praktikası da artıq keçmişdə qalıb”.
E.Babayev deyib ki, islahatlar nəticəsində Tibbi-Sosial Ekspert Komissiyaları (TSEK) tərəfindən əlilliyin təyin olunması proseduru da tam aradan qaldırılıb.
Belə ki, əlilliyin qiymətləndirilməsi üçün Səhiyyə Nazirliyinin müəssisələrindən Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sisteminə daxil olan göndərişlərdə (forma 88) göndərişi verən səhiyyə müəssisəsinin, onu təsdiq edən şəxslərin, eyni zamanda göndərişin aid olduğu şəxsin kimliyini müəyyən etməyə imkan verən bütün məlumatlar adsızlaşdırılaraq kodlaşdırılır. Beləliklə də, göndərişin kimə aid olduğu, hətta hansı rayon və şəhərin səhiyyə müəssisəsindən göndərildiyi bilinmədən, tam obyektiv və şəffaf şəkildə əlillik təyin olunub-olunmamasına dair qərar qəbul edilir. "Bu prosesdə əlilliyi qiymətləndirilməli olan vətəndaşla TSEK arasında heç bir kontakt özünü göstərmir, əlilliyin qiymətləndirilməsi prosesi məmur-vətəndaş təmasları olmadan, elektron ifrastruktur üzərində tam obyektiv və şəffaf şəraitdə aparılır.
Yəni sadə dildə desək, TSEK əlillik təyin etdiyi şəxsi görməməklə yanaşı, onun kim olduğunu belə bilmir, yalnız səhiyyə müəssisələri tərəfindən verilmiş göndərişdəki xəstəliklərə əsasən qərar verir. Onu da qeyd edim ki, hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin digər elektron sistemləri kimi, əlilliyin şəffaf şəkildə qiymətləndirilməsinə imkan verən Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi də beynəlxalq təşkilatlar tərəfindən qabaqcıl təcrübə nümunəsi kimi yüksək dəyərləndirilir və təbliğ olunur. Bu sistemlərin öyrənilməsinə və özlərində tətbiqinə maraq göstərən, bunun üçün müraciət edən ölkələrin də sayı artır”-deyə şöbə müdiri bildirib.