Əliməmməd Nuriyev: "Nəzərə almaq lazımdır ki, məhkəmə də qərar anında prezident Fərmanını əsas götürəcək"
Bəzi şəhid vərəsələrinə birdəfəlik ödəmələrdə problem yaranıb. 11 min manat sığorta haqqını almaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edən bəzi şəhidlərin ailə üzvlərinə onların bu hüquqdan məhrum edildiyi bildirilib. Səbəb isə 1990-cı illərdə Dövlət Sığorta Kommesiya Şirkəti tərəfindən verilən sığorta haqqını almaları göstərilib. Şəhid vərəsələri isə həmin ödənişi almadıqlarını bildiriblər. Onlar çıxış yolunu nazirliyin və parlamentin qarşısında toplaşmaqda görüblər.
Nazirliyin qarşısına toplaşan şikayətçiləri qəbul edən nazir Sahil Babayev deyib ki, hər bir şəhid ailəsi haqqı olan məbləği alacaq.
Amma haqqı olmadan nəyisə tələb etmək düzgün deyil: "Tələb olunan 3 sənəd saxtadırsa, buna artıq hüquq-mühafizə orqanları baxmalıdır. Bizdən bank ödənişi tələb edirlər. Amma 26 il heç bir bank o sənədi saxlamır. Olmayan sənəd bizdən tələb olunur. Qanunla qəbzlər saxlanılır, sonra arxivə verilir və məhv edilir. Bu gün yenə onları qəbul etdim. Yenə də deyirlər ki, biz razı deyilik. Onlara izah etdim ki, razı olmadığınız məsələləri hüquqi müstəvidə həll edə bilərsiniz. Məhkəməyə müraciət edə bilərsiniz. Amma hər kəs üçün müqəddəs olan şəhid adından bu cür istifadə etmək düzgün deyil. Bu problem 1 aydır ki, davam edir".
Qeyd edək ki, 1992-1997-ci illərdə şəhid ailələrinə verilən 50 min manat və ya 500 min rublun indiki 11 min manata adekvat olmamasıdır. Həmin vəsait 1992-1997-ci illərdə böyük məbləğ olmayıb.
Yəni sözügedən siyahıda olmayan şəhidlərin vərəsələrinə o vaxt verilən məbləğ həmin vaxta olan kursla 100 dollara yaxın olub. İndi isə ölkə Prezidenti 11 000 manat təyin edib. Ən azından bu məqam nəzərə alınaraq, aradakı fərq həmin şəhid ailələrinə ödənilməlidir.
Konstitusiya Araşdırmalar Fondunun prezidenti, hüquq müdafiəçisi Əliməmməd Nuriyevin sözlərinə görə, prezidentin imzaladığı Fərmanda konkret göstərilib ki, birdəfəlik ödəmə əvvəllər sığorta ödənişi verilməmiş, o cümlədən barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olmayan hərbi qulluqçuların vərəsələrinə verilir:
"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də məhz bu Fərmana uyğun şəhid vərəsələrinə birdəfəlik ödəmələr edirlər. 1992-1997-ci illərdə şəhid ailələrinə verilən 50 min manatı alan insanlar isə indiki məbləğlə uyğunlaşmadığı üçün yenidən bu vəsaitə iddia edirlər.
Ona görə də bu proses mübahisəli oldu. Nazirin də qeyd etdiyi kimi, məsələni aydınlaşdırmağın yeganə yolu şəhid ailələrinin məhkəməyə müraciət etməsidir. Ancaq nəzərə almaq lazımdır ki, məhkəmə də qərar anında prezident Fərmanını əsas götürəcək və bu istiqamətdə ƏƏSMN-nin atdığı addımları doğru hesab edəcək. Mənim ilkin qənaətim bundan ibarətdir”.
Ə.Nuriyevin fikrincə, şəhid vərəsələrinin bəziləri kompensasiya tələbi zamanı mənəvi və etik normalardan kənara çıxırlar ki, bu da xoşagəlməz haldır:
"Nəyin bahasına olur-olsun 11 min manat sığorta haqqını almaq istəyən insanlar atdıqları addımı müxtəlif səbəblərlə izah edirlər. Sözsüz ki, bu dövlət öz müstəqilliyinə şəhidlərin qanı bahasına nail olub. Biz hamımız o şəhidlərin ruhu qarşısında baş əyirik. Lakin şəhid vərəsələrinin arzu və istəkləri, dövlət qarşısında qaldırdıqları öhdəlikləri qanunvericiliyin tələblərinə uyğun olmalıdır. ƏƏSMN-nin şəhid ailələrinə qarşı ayrı-seçkilik və ya ədalətsizlik etdiyini düşünmürəm. Nazirlik ona həvalə edilən bu tapşırığa Fərmana uyğun və şəffaf şəkildə əməl edir”.
Şəymən