Nə banklar ziyana düşməlidir, nə də vətəndaşlar
Çıxış yolu budur ki, məzənnə fərqi Mərkəzi Bank vasitəsi ilə dövlət tərəfindən kompensasiya edilsin
Azərbaycan Konstitusiya Məhkəməsinin keçirdiyi Plenum iclasında bank kreditləri ilə bağlı qərarı cəmiyyətdə müəyyən müzakirələrə səbəb olub. Qərara əsasən, xarici valyutada olan pul öhdəliyinin manatla icrası zamanı öhdəliyin icrasının ödəniş anında ödəniş yerinin məzənnə qiyməti ilə aparılması birmənalı müəyyən edilib.
Yəni məzənnə dəyişikliyi nəticəsində manatın dəyəri azalarsa, kreditor borcludan müqavilə üzrə artıq məbləğin ödənilməsini tələb edə və ya əksinə, dəyəri artarsa, borclu manatda daha az məbləğin ödənilməsini iddia edə bilməz. Deməli, kredit (borc) müqaviləsi üzrə əsas borc və faizlər kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödəniləcək. Amma Konstitusiya Məhkəməsinin gözlənən qərarında bir bənd var. Bu bənd borclulara banklardan əhəmiyyətli güzəşt tələb etmək hüququ verir. Qərarın 6-cı bəndində qeyd olunub ki, əhalinin maraqlarını nəzərə alaraq, xarici valyutada verilmiş kreditlər üzrə kredit müddətinin uzadılması, faiz dərəcələrinin aşağı salınması və digər güzəştli şərtlərin tətbiqi üzrə tədbirlərin bankların maliyyə imkanlarından asılı olaraq həyata keçirilməsi məqsədəmüvafiq hesab edilsin.
Amma bu qərarla bağlı fikirlər haçalanıb. Bəzi ekspertlər hesab edir ki, bu bənd borclulara banklardan əhəmiyyətli güzəşt tələb etmək hüququ verir. Amma digər tərəfdən də qərarın sadəcə tövsiyə xarakterli olmasına dair fikirlər səslənir. Yəni ki, vətəndaşların taleyi yenə də bankların "insafına” qalıb.
İqtisadi Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri, iqtisadçı-alim Vüqar Bayramov bildirib ki, Konstitusiya Məhkəməsinin qərarı prosesin sonu deyil, başlanğıcı olmalıdır: "Əslində, hüquqi baxımdan Konstitusiya Məhkəməsi birmənalı şəkildə xarici valyutada verilmiş kreditlər üzrə kredit müddətinin uzadılması, faiz dərəcələrinin aşağı salınması və digər güzəştli şərtlərin tətbiqi üzrə qərar vermək səlahiyyətində deyil. Məhkəmə sadəcə olaraq kommersiya banklarının maliyyə imkanlarından asılı olaraq bu tədbirlərin həyata keçirilməsini məqsədəmüvafiq hesab edir. Əsas məqsəd isə kommersiya banklarını kredit müqavilələri üzrə güzəştlərin tətbiqinə stimullaşdırmaqdır. Kommersiya bankları çalışmalıdır ki, dollarla verilən kreditlərin qaytarılması istiqamətində ciddi problemlər yaşanmasın. Bunun üçün də müəyyən güzəştlərin tətbiq edilməsi şərtdir”. Konstitusiya Məhkəməsinin qərarının tövsiyə xarakterli olduğunu deyən ekspertə görə, istənilən halda kommersiya bankları Konstitusiya Məhkəməsinin bu qərarına ciddi yanaşmalı və faiz endirimləri həyata keçirilməsində maraqlı olmalıdır.
İqtisadçı hesab edir ki, Mərkəzi Bank kredit götürənlərin ödəmə qabiliyyətinin aşağı salınması və borc öhdəliklərinin əhalinin sosial müdafiəsinə mənfi təsir göstərməsinin qarşısının alınması üçün real addımlar atmalıdır: "Aydındır ki, Konstitusiya Məhkəməsi köhnə məzənnə ilə ödənişlərin həyata keçirilməsi bağlı qərar qəbul etsəydi, o halda 10-dan artıq kommersiya bankı müflisləşmə təhlükəsi ilə üzləşəcəkdi. Bu isə iqtisadiyyatda ciddi problemlər yarada bilərdi. Kommersiya banklarının xarici borc öhdəlikləri xarici valyuta ilə olduğuna görə, bu, onların öz borclarını qaytarmasında ciddi problemlər yarada bilərdi. Etiraf edək ki, dünya praktikasında da belə hallarda yeni məzənnə əsas götürülür. Amma bu, heç də o anlama gəlməməlidir ki, bankların müflis olmaması üçün vətəndaşların daha çox ödəniş etməsi iqtisadi baxımdan məqsədəuyğundur. Buna görə də, sözügedən qərarda qeyd edildiyi kimi, dollar ilə kredit götürənlərə ya kompensasiyanın verilməsinə və ya güzəştlərin tətbiq edilməsinə ehtiyac var. Belə ki, əgər əvvəl 500 dollar aylıq ödəniş edən kredit götürən şəxsin aylıq ödənişi 390 manat idisə, indi yeni məzənnə tətbiq olunduğu üçün həmin pulu ödəyən vətəndaşın aylıq ödənişi 525 manatdır. Bu isə o deməkdir ki, hər 500 dollar kredit ödənişi edən vətəndaş 135 manat artıq aylıq vəsait ödəməlidir. Bu isə hiss edilən fərqdir. Deməli, indi Mərkəzi Bank real addımlar atmalıdır”.
Atılacaq addımların nədən ibarət ola biləcəyinə gəldikdə, ekspert qeyd edib ki, bunun bir neçə yolu va: "Öncə də Mərkəzi Banka təklif etdiyim kimi, dünya praktikasına uyğun olaraq, belə hallarda tətbiq edilən 3 yoldan birini seçsin. Əvvəla, daha yaxşı olar ki, məzənnə fərqi arasındakı fərq Mərkəzi Bank vasitəsi ilə dövlət tərəfindən kompensasiya edilsin. Bu zaman nə kredit götürən əlavə vəsait ödəyəcək, nə də bank ziyana düşəcək. Kredit götürən şəxs aylıq ödənişlərini manatın əvvəlki məzənnəsinə əsasən hesablayıb. Yeni məzənnə tətbiq edildiyi halda isə, onun gözlənilmədən aylıq ödənişi artır. Bu da arzuolunan hal olmamaqla yanaşı, kredit qaytarılmasını sual altına alır. Buna görə də, həmin gözlənilməz xərcin Mərkəzi Bank tərəfindən örtülməsi vacibdir. Onun sözlərinə görə, əgər Mərkəzi Bank kompensasiya ödənişi həyata keçirməsə, o zaman, bir sıra inkişaf etməkdə olan ölkələrdə olduğu kimi, bu kreditlərin milli valyuta ilə dəyərinin hesablanması üçün orta məzənnə prinsipindən istifadə edə bilər. Bu zaman bank və müştəri üçün ağırlığın paylaşdırılması həyata keçirilə bilər”.
Şəymən