
Nə olsun ağ bayraq qaldırıb?
Qarabağ ermənisinə vətəndaşlıq, işğal faktı aradan qalxandan sonra verilə bilər

Ermənistan ordusunun əsgəri Andranik Qriqoriyanın ağ bayraq qaldıraraq Azərbaycan tərəfinə könüllü keçməsindən sonra Milli Məclis üzvləri tərəfindən Dağlıq Qarabağ ermənilərinə Azərbaycan vətəndaşlığı verilməsi məsələsini qaldırıb. Deputat Zahid Oruc və İqbal Ağazadə Dağlıq Qarabağ ermənilərinə vətəndaşlıq verilməsi barədə düşünməyin vaxtı çatdığını bildiriblər. Hətta İqbal Ağazadə aidiyyəti orqanları hərəkətə keçməyə çağırıb.
Ermənilərə Azərbaycan vətəndaşlığı verilməsinin şərtlərini açıqlayan Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev deyib ki, bu məsələyə baxıla bilər. Ancaq Azərbaycanın işğal olunmuş torpaqları azad olunduqdan sonra.
Bu cür təşəbbüsləri normal qəbul etdiyini vurğulayan millət vəkili Fazil Mustafa şəxsən özü bu cür düşünmədiyini deyib:
"Ermənistanda olan Azərbaycan vətəndaşlarını Azərbaycan qanunlarına hörmət edən bir vəziyyətə gətirmək üçün yollar axtarmalı və onların inteqrasiyasını təmin etməliyik. Amma indiki situasiyada Dağlıq Qarabağ ermənlərinə vətəndaşlıq verməyin tərəfdarı deyiləm. Bu mənada Dövlət Miqrasiya Xidmətinin məsələ yalnız Azərbaycanın işğal olunmuş torpaqları azad olunduqdan sonra mümkün olacağı fikri ilə həmfikirəm. Torpaqlarımız işğaldan azad olunmamış hansısa erməniyə Azərbaycan vətəndaşlığı vermək bu vətəndaşlığın ölkəmiz əleyhinə imtiyazlarından istifadə edilərək müəyyən addımlar atılması ilə nəticələnə bilər. Odur ki, indiki şərtlər daxilində Qarabağ ermənilərinə Azərbaycan vətəndaşlığı verilməsini məqbul hesab eləmirəm. İşğal altında qalan torpaqlarımız azad olunduqdan sonra belə ermənilərə Azərbaycan vətəndaşlığı verən zaman bir seçim etməliyik. Azərbaycan dövlətçiliyinə düşmən münasibət bəsləyən və ölkəmizin Konstitusiyasını qəbul edib, qanunlarımızla yaşamaq istəyən ermənilər kateqoriyasını müəyyən eləmədən onlara ucdantutma vətəndaşlıq vermək olmaz. Bu mənada Qarabağ ermənilərinə vətəndaşlıq məsələsində ehtiyatlı olmağımız vacibdir. Odur ki, bu təklifin çıxış yolu olduğunu düşünmürəm”.
Fazil Mustafanın sözlərinə görə, indiki halda bir erməni əsgəri ağ bayraq qaldırıb deyə, Qarabağ ermənilərinə Azərbaycan vətəndaşlığı vermək bizim üçün təhlükəli ola bilər: "Çünki bizim bütövlükdə erməni xalqı ilə problemimiz yoxdur. Bizim məsələmiz Rusiya kəşfiyyatına bağlı erməni hərbi birləşmələri ilədir. Əslində bu gün erməni xalqının müəyyən bir hissəsi Azərbaycanda hüquqi baxımdan yaşamaqda maraqlıdır. Amma biz bizə düşmən münasibətdə olan ermənilərlə məsələmizi çözmədən xalqla bağlı problemi həll edə bilmərik”.
Məsələyə münasibət bildirən politoloq Natiq Miri qeyd edib ki, Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. Bütün dünya Azərbaycanı 1991-ci ildə bu sərhədlər çərçivəsində tanıyıb. Qarabağın dağlıq hissəsində yaşayan ermənilər bilavasitə Azərbaycan vətəndaşlarıdır. Onlara yenidən vətəndaşlıq verilməsi absurddur. Biz onları Azərbaycandan qovub çıxartmamışıq. Əksinə, Rusiyanın da köməyi ilə Ermənistan ordusu Azərbaycan torpağını işğal edib. Sabah Azərbaycanın suverenliyi Qarabağ ətrafı rayonlarda, eyni zamanda Qarabağın dağlıq hissəsində təmin olunandan sonra ermənilər Azərbaycan vətəndaşı sayılacaqlar. Bundan ötrü hər hansı bir qərar verib Azərbaycan vətəndaşı elan etmək, açığı, oğrunun yadına daş salmaq kimi bir şeydir. Nə vaxtdan Dağlıq Qarabağ müstəqil bir dövlət oldu ki, Azərbaycan vətəndaşlığından çıxdılar və yenidən biz bu insanları Azərbaycan vətəndaşları etmək məcburiyyətində qalırıq. Bunlar onsuz da Azərbaycan vətəndaşlarıdır. Azərbaycan vətəndaşları olaraq da qalırlar”. Azərbaycanın seçki proseslərində ermənilərin iştirak etmədiyini vurğulayan N.Mirinin sözlərinə görə, bu o demək deyil ki, onlar Azərbaycan vətəndaşı deyillər: "Zaman keçəcək, bütün rayonlar, eyni zamanda Qarabağın dağlıq hissəsi də daxil Azərbaycanın suverenliyi bu ərazilərdə təmin olunacaq. Bu insanlar könüllü olaraq Azərbaycanda yaşamağı istəyərlərsə, davam edərlərsə, onlar qeyri-iradi olaraq Azərbaycanın vətəndaşı olacaqlar. Əgər söhbət həqiqətən də bu insanlara yenidən müstəqil Azərbaycanın pasportlarının verilməsindən gedirsə, bu da zaman məsələsidir. Bu ərazilərdə suverenlik təmin olunarsa, ondan sonra Dağlıq Qarabağda yaşayan ermənilərə Azərbaycan pasportlarını vermək olar. Ancaq bu gün ermənilər keçmiş rus pasportlarını daşıyırlar. Təbii ki, Azərbaycanın suverenliyi təmin olunduğu təqdirdə Aazərbaycan dövlətinin
şəxsiyyəti təsdiq edən sənədlərini ermənilərə də vermək olar. Bunun üçün indi xüsusi bir addım atmağa lüzum yoxdur”.
Ekspert Azər Allahverənov isə hesab edir ki, Qarabağ ermənilərinə Azərbaycan vətəndaşlığı verilməsi məsələsinə iki kontekstdən yanaşmaq lazımdır: hüquqi və siyasi aspektdən: "Amma məsələ birbaşa Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olduğu üçün problemə siyasi yanaşmaq lazımdır. Bu mənada hesab edirəm ki, ancaq Dağlıq Qarabağ məsələsi özünün siyasi həllini tapdıqdan sonra Qarabağ ermənilərinə vətəndaşlıq verilməsi məsələsini müzakirəyə çıxarmaq olar. Faktiki olaraq Azərbaycan torpaqları işğal altında olduğu üçün indiki halda ermənilərə Azərbaycan vətəndaşlığı verilməsi məqsədəuyğun deyil. Bu məsələ ancaq torpaqlarımız işğaldan azad olunduqdan sonra öz həllini tapa bilər. Mahiyyət budur ki, problem siyasi cəhətdən öz həllini tapmayıbsa, digər aspektlərə toxunmaq, onların həlli yollarını axtarmaq absurddur və bu iş baş tutsa belə, müsbət nəticələnə bilməz”.
Məsələyə sırf hüquqi aspektdən yanaşdıqda isə A.Allahverənov deyir ki, irqindən, dinindən, millətindən asılı olmayaraq hər kəs Azərbaycan vətəndaşlığı əldə etmək hüququna malikdir: "Amma Azərbaycan vətəndaşlığı almanın da müəyyən tələbləri var ki, onlar ödənməlidir. İlk növbədə Azərbaycan vətəndaşlığını almaq istəyən insanın keçmiş tarixçəsi və Azərbaycanla bağlı mövqeyi araşdırılmalıdır. Həmin şəxs nə vaxtsa Azərbaycanın ərazi bütövlüyü əleyhinə olubsa və ya ölkəmizə qarşı həyata keçirilən hərbi əməliyyatlarda iştirak edibsə, bu müraciətdən dərhal imtina edilməlidir. Çünki həmin şəxsin vətəndaşlıq əldə etməsi yolverilməzdir və birbaşa təhlükə mənbəyidir. Əksinə, beynəlxalq hüquq çərçivəsində həmin şəxsin cəzalandırılmasına nail olmaq lazımdır”.
Şəymən