Nə qədər insanı həbs etmək mümkün olacaq?

“Borclu şəxslərin həbs olunması ümumiyyətlə vəsaitin itib-batmasına, geri ödənməməsinə gətirib çıxaracaq”
“Ölkədə təqribən 2 milyon 300 min insanın kredit borcu var”


Azərbaycanda banklara borcu olanları həbs etməyə başlayıblar. Bu barədə bank üzrə ekspert, vəkil Əkrəm Həsənov məlumat yayıb. O deyib ki, 11 mart tarixində Səbail rayon məhkəməsinin hakimi Rauf Əhmədov 28 yaşlı Vahid Kərimovu borca görə 10 gün müddətinə həbs edib. İşin qısa mahiyyəti isə belədir.

Deməli, bir vətəndaşın "Rabitəbank”a 7 min manatdan artıq borcu olub. Borc üzrə girov da müəyyən edilib. Üstəlik, 3 zamin də var. Həbs edilən V.Kərimov isə zaminlərdən biridir. Vəkil deyib ki, Kərimovun 2 və 3 yaşında körpə uşağı var. Özü və həyat yoldaşı işləmir. Buna baxmayaraq, zamin olduğu borca görə, birtəhər 200 manat tapıb ödəyib. Borclu və digər zaminlər isə heç nə ödəməyiblər, heç onları narahat edən də yoxdur. Hüquqşünas Ə.Həsənov bunun qanunsuzluq olduğunu deyib və bildirib ki, müvafiq maddəyə görə, məsuliyyət yalnız borcun üzrsüz səbəbdən ödənilməməsi halında ola bilər: "Hakim qərarının əvvəlində özü Kərimovu "iki azyaşlı uşağı olan, işləməyən” kimi xarakterizə edir. Gəliri olmayan, heç 2 körpəsini saxlamağa pulu olmayan şəxs başqasının borcunu nəyin hesabına ödəməlidir? Gəliri yoxdursa, deməli, məhkəmə qararını üzrlü səbəbdən icra etmir. Yəni bunu anlamaq belə çətindir hakim üçün?”.

Məhkəmənin hökmü ilə bağlı "Şərq”ə danışan iqtisadçı-ekspert Natiq Cəfərli deyib ki, banklara borcu olan şəxslərin həbs olunması problemin həll yolu deyil. Çünki ölkədə təqribən 2 milyon 300 min insanın kredit borcu var. Problemli kreditlərin həcmi də təxminən 2 milyard manata yaxınlaşır: "Nə qədər insanı həbs etmək mümkün olacaq? Həbslərin həyata keçməsindən banklar nə xeyir götürəcək? Borclu şəxslərin həbs olunması ümumiyyətlə vəsaitin itib-batmasına, geri ödənməməsinə gətirib çıxaracaq. Həbs çıxış yolu deyil, əksinə, daha ciddi problemlər yaradan amildir. Bu yolun sonu görünmür”. Ekspertə görə, banklarla müştərilər arasında ortaq məxrəcə gəlmək, dil tapmaq lazımdır: "Valyuta kreditlərinin məzənnəsini aşağı salmaq, borclulara əlavə möhlət vermək, faizləri azaltmaq, yeni müqavilələr bağlamaq və s. Belə variantlarla vətəndaş-bank əlaqəsi yenidən bərpa edilməlidir. Fikrimcə, bu cür üsullarla verilən borcu geri qaytarmaq mümkün olar. Düzdür, bir sıra banklar müəyyən güzəştlər etdilər, amma bunlar ümumi şəkildə həyata keçirilməlidir”. N.Cəfərli bildirib ki, bəzən banklarla bağlanan müqavilələr zamanı vətəndaşların hüquqi biliyi o qədər yüksək səviyyədə olmur: "Vətəndaş imzaladığı müqaviləni oxumur. Banklar da bundan istifadə edir. Demək olar ki, müqavilələrin hamısı bankların xeyrinə, müştərilərin isə əleyhinədir. Vətəndaşlar işi uzatmamaq, krediti tez almaq üçün tələsirlər və öhdəliklərini oxumadan imza atırlar. Bu baxımdan ola bilər ki, müqavilədə zaminin məsuliyyət daşıması ilə bağlı xüsusi bənd olub və hakim ona 10 sutka həbs verib”.

İsmayıl