Nə sığortası var, nə də vergi verir

Türkiyədə qanunsuz yaşayan azərbaycanlılar işə götürənlərə də sərf edir


"Müxtəlif səbəblərdən Türkiyəyə gedən və orada qeydiyyata düşmədən uzun illər yaşayan azərbaycanlılar var”. Bunu ötən gün parlamentdə qanun layihələrinin müzakirəsi zamanı millət vəkili Fazil Mustafa deyib. Türkiyədə rəsmi qeydiyyata düşmədən yaşamağın soydaşlarımız üçün ciddi problemlər yaratdığını bildirən deputat 2500 nəfər uşağın təhsildən kənarda qaldığını vurğulayıb.

F.Mustafanın sözlərinə görə, valideynlər orada rəsmi qeydiyyata düşmürlər, çünki bunda maraqlı deyillər: "İşləmək üçün Türkiyəyə getmiş həmin Azərbaycan vətəndaşları qeydiyyata düşərsə, Azərbaycana geri qayıtmalıdırlar. Görünür, valideynlər işlərini itirməmək üçün qeydiyyata düşmürlər. Ancaq hansısa formada uşaqların təhsil məsələsi həll olunmalıdır”. Millət vəkilinin qaldırdığı məsələni şərh edən miqrasiya üzrə ekspert Azər Allahverənov Türkiyədə qeyri-qanuni fəaliyyət göstərən xeyli sayda azərbaycanlıların olduğunu və onların hansı səbəbdən rəsmi qeydiyyatdan qaçdıqlarını açıqlayıb: "Türkiyədə yaşayan azərbaycanlılar qeydiyyat məsələsini əksər hallarda qeyri-rəsmi həll edirlər. Çünki rəsmi qeydiyyat zamanı müəyyən bürokratik əngəllərlə üzləşirlər. Rəsmi qeydiyyat zamanı insanlarımız əvvəlcə "oturum izni” almalıdır, əmək müqaviləsi imzalamalıdır və s. Yəni Türkiyəyə gedən vətəndaşlarımızın qeyri-qanuni şəkildə əmək fəaliyyəti ilə məşğul olmaq istəyi müəyyən bürokratik əngəllərlə bağlıdır. Çox zaman işverənlərin özləri də müqavilə bağlamaqda maraqlı olmurlar və qanunsuz miqrantlar üçün "münbit” şərait yaradırlar. Çünki qeyri-qanuni şəkildə əmək fəaliyyətinə cəlb edilən miqrantları aşağı məvaciblə çalışdırmaq, sığortalardan məhrum etmək mümkündür. Həmçinin, qanunsuz çalışdırılan miqrantlara görə vergi də ödənilmir. Bu səbəbdən miqrant işçilərlə yanaşı, işverənlər də qeyri-qanuni əməkdə maraqlı olurlar”. Ekspertin sözlərinə görə, rəsmi qeydiyyata düşməyən soydaşlarımız Türkiyə hökumətinin imtiyazlarından məhrum olurlar: "Hər hansı şəxsin ölkə ərazisində yaşaması qanuni şəkildə həyata keçirilirsə, dövlət onun müdafiəsi ilə bağlı bütün hüquqi resursları təmin etməyə borcludur. Düzdür, beynəlxalq qanunvericilikdə əksini tapmış müddəalara görə, miqrantlar qeyri-qanuni əsaslarla yaşasalar belə, dövlətin müdafiə sistemindən məhrum edilə bilməzlər. Amma istənilən halda qanuni əsaslarla yaşamaq hər baxımdan daha faydalı və məqsədəuyğundur”.

İsmayıl