Nə xəstəlik var, nə də tələf olan quşlar...

“Quş qripi” ilə bağlı aparılan monitorinqin nəticələri müsbət çıxdı



Ölkəmizdə "quş qripi” xəstəliyinin yoxlanması məqsədilə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX), Səhiyyə, Ekologiya və Təbii sərvətlər nazirliklərinin mütəxəssis və əməkdaşları tərəfindən geniş monitorinq həyata keçirilib.

Monitorinq prosesini "Şərq”ə çatdıran Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli respublika ərazisində "quş qripi” xəstəliyinin törədicisinin aşkar edilmədiyini deyib. May ayının 2-si və 13-ü aralığında baş tutan nəzarət tədbiri köçəri quşların müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Salyan, Lənkəran və Ağcabədi rayonlarındakı milli park və qoruqlarında həyata keçirilib. Monitorinq aparılan müddətdə quşçuluq və şəxsi təsərrüfatlarda saxlanılan quşlardan nümunələr götürülüb: "Xəstəliyin aşkar olunması məqsədilə aparılan növbəti monitorinq zamanı seçmə üsulla ovlanaraq götürülən 21 baş çöl quşlarının patoloji materialı və ölkəmizin ayrı-ayrı quşçuluq və həyətyanı təsərrüfatlarından götürülən 1932 baş ev quşlarının qan nümunələri Respublika Baytarlıq Laboratoriyasında müvafiq müayinələrdən keçirilib, nümunələrin heç birində "quş qripi” xəstəliyi ilə bağlı təhlükə görülməyib”. Ekspertin sözlərinə görə, köçəri quşlara görə monitorinq aparılan ərazilərdə xəstə və xəstəlikdən tələf olan quşlara təsadüf edilməyib. Ölkənin bütün təsərrüfatlarında saxlanılan quşlar arasında hər hansı iti infeksion xəstəliyə və xəstəlikdən kütləvi tələfolma hallarına rast gəlinməyib. Hazırda "quş qripi” və digər iti yoluxucu xəstəliklər üzrə respublikamızda epizootik vəziyyət sabit olduğuna görə növbəti monitorinqin payız fəslində aparılması planlaşdırılır.

Aysel Aslan