Sellofan torbaların pullu olması əhalini alternativ seçim etməyə imkan yaradacaq
Nə yaxşı oldu...
Marketlərə daha bazar zənbilləri ilə gediləcək
Sellofan torbaların pullu olması əhalini alternativ seçim etməyə imkan yaradacaq
Sellofan torbaların pullu olması əhalini alternativ seçim etməyə imkan yaradacaq
"Marketdə fikir verin, keşniş-şüyüdü qoyduğu torbaya bibəri qoymaq istəmir alıcı. Yığıb gətirir 50 paketi evinə, sonra da balkondan aşağı vızıldadır. Kanalizasiyalara dolur o sellofanlar, yağış yağanda şəhər olur Venesiya"
Bütün dünyada olduğu kimi, ölkəmizdə də plastik qablaşdırmalara, sellofan torbalara qarşı mübarizə gücləndirilib. Ətraf mühiti çirkləndirən əsas faktorlardan biri hesab olunan plastik qablaşdırma tullantıları, xüsusən də polietilen torbalar, eyni zamanda, kənd təsərrüfatı torpaqlarının dərin qatlarına keçərək bitkilərin normal inkişafına və bununla da məhsuldarlığın aşağı düşməsinə səbəb olur.
Bu sahədə vəziyyəti mürəkkəbləşdirən amillərdən biri də plastik tullantıların təbiətdə 100 illər ərzində parçalanmadan ilbəil miqdarının artmasıdır. Araşdırmalar göstərir ki, bu tullantılar düzgün idarə olunmadığından ətraf mühiti və sututarları çirkləndirir. Həmçinin bu tullantılar yanan zaman əmələ gələn toksiki tüstü atmosfer havasını zəhərləyir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva "Report"a müsahibəsində deyib ki, plastik tullantıların təbiətə neqativ təsirlərinin aradan qaldırılması ətraf mühitin sağlamlaşdırılması sahəsində prioritet hesab olunur.
Onun sözlərinə görə, əksər Avropa ölkələrində plastik torbalardan istifadənin məhdulaşdırılması istiqamətində əsas tədbir kimi plastik torbaların ödənişli olması və ya ekoloji vergi tətbiqindən istifadə edilir: "Bəzi Avropa ölkələrində, məsələn, Hollandiya, Sloveniya, Çexiya, Slovakiya, Polşa, İsveç, Finlandiya, Latviya, Litvada ildə adambaşına 10-19 kq plastik tullantı əmələ gəlir.
Bir çox inkişaf etmiş ölkələrdə plastik qablaşdırıcılardan istifadənin azaldılması və ya qadağa olunması istiqamətində müvafiq qanunvericilik bazası yaradılıb. Müxtəlif iqtisadi mexanizmlərdən istifadə edilməklə plastik tullantıların toplanılması, təkrar emalı sisteminin təkmilləşdirilməsi işləri aparılır”.
Hazırda bir çox Avropa ölkələrində dəfələrlə istifadə olunan parça torbalardan və asanlıqla parcalanan qablaşdırma materiallarından istifadəyə üstünlük verildiyini qeyd edən U.Tağıyeva deyib ki, Azərbaycanda isə adambaşına ildə 24 kq plastik tullantı əmələ gəlir: "Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Azərbaycanda bu məsələnin həlli istiqamətində ardıcıl işlər görülür. Ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılması, plastik tullantıların yandırılması zamanı atmosfer havasının çirkləndirilməsi nəticəsində insan sağlamlığı üçün yaranan əlavə risklərin azaldılması üçün mərhələli şəkildə plastik məhsulların istifadəsinin məhdudlaşdırılmasına yönələn fəaliyyətimiz, düşünürəm ki, əhali tərəfindən dəstəklənəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi gələn ildən başlayaraq ticarətdə plastik torbaların ödənişli olması ilə bağlı müvafiq işlər görür və yaxın zamanda ölkədə birdəfəlik istifadə olan 20 mikrona qədər plastik torbaların istifadəsinin qadağan olunması nəzərdə tutulur.
Düşünürük ki, bu addımlar problemin həlli istiqamətində irəliləyişin əldə olunmasına, atmosfer havasının əlavə çirklənməməsinə və insan səhhəti üçün yarana biləcək fəsadların azaldılmasına gətirəcək. Hər bir insanın təmiz ətraf mühitdə yaşamaq hüququ varsa, deməli, heç bir insanın da bu ətraf mühiti çirkləndirmək hüququ yoxdur”.
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynovun fikrincə, plastik torbaların pullu olması vacibdir: "MDB ölkələrində nazik və rəngsiz torbalardan istifadə olunur və həmin torbalar əhaliyə pulla satılır. İllərdir bu məsələni qabardıram ki, Azərbaycan da bu təcrübədən istifadə etməlidir”.
AİB sədrinin sözlərinə görə, sellofanların əvəzinə istifadə ediləcək alternativ paketləri istehlakçılar özləri tapmalıdır. Bazar zənbillərindən istifadə etmək və hər dəfə marketə gedəndə evdən özləri ilə torba götürməlidirlər. Mağazanın satılan məhsulu büküb vermək kimi bir öhdəliyi yoxdur. Sellofanların kağız paketlərlə əvəzlənməsinin də tərəfdarı deyiləm. Bu, meşələrin qırılmasına səbəb olacaq: "Bu paketlərdən istifadə qadağan olunmayınca, problem öz həllini tapmayacaq. Belə paketləri marketlərin pulsuz verməsi problemi bir qədər də kütləviləşdirir.
Bizdə bütün marketlərdən nə qədər istəsən sellofan torba götürmək olar. Bəzən o torbaların rəngləri də çıxır və bu da qida məhsulunu zəhərli edir.
Yuxarıda da qeyd etdiyimiz kimi, AİB sədri problemin həllini əhalinin keçmiş bazar torbalarına, "Talış zənbilləri"nə qayıtmasında görür.
Sosioloq Lalə Mehralı da polietilen torbaların pullu olacağı məsələsini alqışladığını deyib. Onun sözlərinə görə, pullu sistem tətbiq ediləcək, sonra tədricən istehsalı məhdudlaşacaq: "Çox düz edirlər, küçədə gedirsən, səndən qabaqda yeriyən yediyi bulkanın torbasını atır yerə, külək gətirib yapışdırır sənin sifətinə. Pul verib alsa, elə etməyəcək. Marketdə fikir verin, keşniş-şüyüdü qoyduğu torbaya bibəri qoymaq istəmir alıcı. Yığıb gətirir 50 paketi evinə, sonra da balkondan aşağı vızıldadır. Kanalizasiyalara dolur o sellofanlar, yağış yağanda şəhər olur Venesiya.
İtaliya, İrlandiya, Danimarkada pullu edildikdən sonra polietilen torbalara tələbat 90 faiz azalmışdı, hamı ekoloji sağlam parça torbası ilə bazarlığa gəlir. Keniya 38 min dollar cərimə edir istehsal edəni, satanı. Verə bilməyəni də 4 il damlayır. Hazırda dünyanın 40 ölkəsi polietilen məhsulların istehsalını və satışını qadağan edib və ya məhdudlaşdırıb".
Sosioloq deyib ki, hazırda bir çox Avropa ölkələrində hamı alış-verişə dəfələrlə istifadəsi mümkün olan adi parça torbalarla gedir: "Bu ölkələrdə yaşayan dost-tanışdan maraqlana bilərsiniz. Paketlənmiş məhsulları da asanlıqla parçalanan qablaşdırma materialları ilə paketləyirlər. Avropa şəhərlərinin təmizliyinə həsəd aparırıq, o təmizlik bu kimi xırda və lüzumsuz görünən qadağalarla yaranır.
Hər il dünyada 500 milyard (qeyri-rəsmi məlumatlara görə, 1 trillyon) sellofan torba istehsal edilir. Dünyada hər 1 dəqiqədə isə 1 milyon polietilen torba zibil qutusuna atılır. Polietilenin çürüyərək yox olması üçün torpaqda 800 il, dənizdə isə 400 il lazım gəlir. Evdə istifadə etmədiyiniz geyimlərinizdən zövqünüzcə olan bazar çantası hazırlaya bilərsiniz. Yutubda nə qədər ideya var. Mən sınmış çətirlərdən düzəltmişəm, çətirin parçası həm bərk olur, həm də su keçirməz. Və yaxud bazarlıq üçün satılan hazır çantalardan da ala bilərsiniz”.
Şəymən