Neft 40 dollara düşsə...

...İqtisadiyyatımızda çox böyük problemlər yarana bilər



Neftin qiyməti 50 dollardan aşağı düşüb. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,21 dollar azalaraq 49,94 dollar təşkil edib.

ICE London qitələrarası birjasında isə "Brent” markalı neftin 1 barelinin dəyəri 0,14 dollar azalaraq 56,51 dollar olub.

Neftin ucuzlaşmasını şərh edən iqtisadçı-ekspert Samir Əliyev "Şərq”ə deyib ki, bizim üçün əsas olan "Brent” markalı neftdir ki, o da London əmtəə birjasında satılır və bizim neft London

birjasında satılan neftdən 1-2 dollar baha olur: "Əldə etdiyim son məlumata görə, neftin qiyməti London birjasında təxminən 58 dollara yaxındır. Bu o deməkdir ki, Azərbaycan nefti ən yaxşı halda 58-59 dollara satılır”.

Qiymət azalmasının ölkəmizə göstərəcəyi təsirə gəlincə, ekspert deyib ki, bu, Azərbaycan üçün arzuolunan hal deyil: "Çünki iqtisadiyyatımız neftdən asılıdır. Büdcə gəlirlərinin təxminən 70 faizə qədər neftdən gəlir. Düşünürəm ki, neft ucuzlaşıb, 40 dollara yaxınlaşarsa, iqtisadiyyatımızda çox böyük problemlər yarana bilər. Eyni zamanda manatın növbəti devalvasiyası qaçılmaz olar. Bundan başqa, neft fondunun büdcəsində böyük həcmdə kəsr yaranar. Bütün hallarda neftin ucuzlaşması ölkəmiz üçün yaxşı deyil. Yəqin ki, gələcəkdə büdcə tərtib olunanda, bu amil nəzərə alınacaq”.

Ayyət Əhməd