“Neft və qazın qiymətində radikal dəyişiklik narahatlıq doğurur”

Prezident İlham Əliyev: “Azərbaycan “Holland sindromu”na məruz qalmadı”



"Hər zaman iqtisadiyyatımızın neft və qazdan asılılığının azaldılmasına çalışmışıq və davamlı inkişafı əsas götürmüşük. İqtisadiyyatımızın 70 faizi qeyri-neft sektorundan ibarətdir. İxracımızda isə neft və qaz əsas yer tutur. Bu da təbiidir”.

APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Bakıda keçirilən Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 48-ci İllik Toplantısında çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib ki, yaxın illərdə qazın ixracatda çəkisi artacaq: "Biz yerli və xarici sərmayəçilərin qeyri-neft sektoruna sərmayə qoymasını təşviq edirik. Neft və qaz istehsalçısı olan ölkə kimi neft və qazın qiymətində radikal dəyişiklik narahatlıq doğurur. Ancaq bu, bir çağırışdır ki, büdcəni konsolidasiya edək, lazım olmayan xərcləri azaldaq, səmərəli idarəçilik tətbiq edək. "Qara qızıl”ın insan kapitalına çevrilməsi bizim üçün əsasdır. Neft Fondunda toplanan vəsaitlər gələcəkdə arzu olunmaz hadisələrdən sığortalanmaq üçün vacibdir”.

Ölkə başçısı deyib ki, son 10 ildə Azərbaycan iqtisadiyyatı 3 dəfə artıb, xarici borc ümumi daxili məhsulun 10 faizi təşkil edir, müstəqillik illərində 200 milyard dollar sərmayə cəlb etmişik.

Dövlət başçısının sözlərinə görə, Azərbaycan xarici sərmayə üçün cəlbedici ölkə olaraq qalmaqdadır: "Azərbaycanda işsizlik səviyyəsi 5 faizdir. Ən böyük uğurumuz yoxsulluğu 5 faizə qədər salmağımızdır. Bu göstərir ki, biz "Holland sindromu”na məruz qalmadıq. Bəzi ölkələrdə neftlə bağlı zənginlər daha da zənginləşir, yoxsullar daha yoxsullaşır. Bizim məqsədimiz bu gəlirlərdən hər kəsin bəhrələnməsi idi. Bu gün vətəndaşlar yeni iş yerlərinin yaradılmasının, infrastruktur layihələrin həyata keçirilməsinin şahidi olurlar”.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycanda regionların inkişafı ilə bağlı 3 dövlət proqramı qəbul olunub: "Bu gün Neft Fondunun vasitəsi ilə 500-dən artıq xəstəxana, 3 mindən artıq məktəb tikmişik”.

"20 il əvvəl Azərbaycana səfər edənlər Bakının acınacaqlı vəziyyətdə olduğunu görürdülər. İndi isə Bakı tamamilə dəyişib. Bakıda neft gölləri təmizlənib, ətraf mühit yaxşılaşdırılıb. Bu, resurslarımızın sahibi olduğumuz üçün mümkün olub”.

Dövlət başçısı bildirib ki, 70 il əvvəl Azərbaycan müstəqil olsaydı, bu gün daha zəngin ölkə olardı: "Enerji təhlükəsizliyimiz, öz sərvətlərimizə arxalanmağımız iqtisadi inkişafımızın əsasını təşkil edir. Bu gün Azərbaycan coğrafi mövqeyindən yararlanır, nəqliyyat mərkəzidir. Xəzərdə ən böyük - 25 milyon ton yük qəbul etmək qabiliyyətinə malik liman tikilir. Bakı-Tiflis-Qars dəmiryolu xətti dəmir "İpək Yolu” olacaq”.

Prezident onu da bildirib ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasında beynəlxalq hüquq və ədaləti qoruyub: "Dostlarımız və tərəfdaşlarımızın sayəsində Azərbaycan uğurlu enerji siyasəti yürüdüb. Bizim nəhəng sərvətlərimiz olsa da, sərmayəyə, infrastruktura ehtiyacımız vardı. Azərbaycanın açıq dənizə çıxışı yoxdur, ona görə də borular çəkməli idik. Biz tarixdə ilk dəfə Xəzər dənizini Aralıq və Qara dənizlə birləşdirdik, Azərbaycan enerji xəritəsini ilk dəfə dəyişdirdi”.

Prezident bəyan edib ki, enerji təhlükəsizliyi bu gün təbii qaz sərvətləri ilə bağlıdır və Azərbaycan bu prosesdə aparıcı ölkədir: "Biz TANAR və TAP-ın təşəbbüskarı olmuşuq. Cənub Qaz Dəhlizi ən böyük infrastruktur layihəsidir, 45 milyard dollar tələb olunur. Cənub Qaz Dəhlizinin inşası başa çatdıqdan sonra 100 il Avropanın, qonşularımızın enerji təchizatçısı olacağıq. Siyasətimiz regional əməkdaşlığın təşviqinə yönəlib. Biz qarşılıqlı faydalı prinsiplərlə əməkdaşlığa üstünlük veririk. Biz heç vaxt enerji resurslarımızdan təzyiq vasitəsi kimi istifadə etməmişik, tranzit və istehlakçı ölkələri dəstəkləmişik”.