Nemət Pənahlının ailəsi sevindi

“Həyəcanlıyam, heç bilmirəm nə danışım. Allaha min şükür”



Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə bir sıra tanınmış məhbuslar azadlığa buraxılıb. Həmin şəxslərin arasında 6 ildir məhbus həyatı yaşayan, meydan hərəkatının qəhrəmanlarından olan Nemət Pənahlının da adı var.

Nemət Pənahlının azadlıq sevincini bölüşmək və gözaydınlığı vermək məqsədi ilə onun həyat yoldaşı Həcər Pənahlı ilə əlaqə saxladıq.

- Həcər xanım, necəsiniz?

- Necə ola bilərəm ki?! Əlbəttə ki, çox sevincli.

- Nemət bəyin, azadlıq xəbərini necə qarşıladınız?

- İnanırsınız, bizim üçün çox təəccüblü oldu. O qədər ümidli olduğumuz vaxtlar olub ki, amma hər dəfəsində ümidlərimiz puç olmuşdu. Bu dəfə heç gözləmirdik ki, azadlığa buraxılacaq.

- Əfv qərarını necə bildiniz?

- İşdə olduğum üçün heç nədən xəbərim yox idi. Jurnalistlərdən eşitdim ki, əfv olunanlar siyahısına Nemət də düşüb. O dəqiqə evə zəng edib xəbər elədim. O qədər həyəcanlıyam ki, heç bilmirəm nə danışım. Təbii ki, biz də, uşaqlar da çox sevinirik. Sevincimi ifadə eləməyə söz tapmıram. Allaha min şükür. Görünür, bu da bir sınaq imiş. Düzdür, Nemətin məhbus olduğu müddətdə çox çətinliklər yaşadıq. Amma bu günə də şükür.

- Nə vaxt çıxacağını bilirsiniz?

- Deyilənə görə, sabah (bu gün) çıxmalıdı.

Qeyd edək ki, Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı 2011-ci il iyunun 17-də Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə təqsirli bilinirdi.

Şəymən