Nəticə sevindirdi: Uşaqlar internetdən faydalı işlər üçün istifadə edir





Texnologiyanın inkişafı dövründə yaşadığımıza görə internet gündəlik həyatımızın bir hissəsinə çevrilib. Dünyada olduğu kimi, ölkəmizdə də əhalinin böyük hissəsi işlərinin çoxunu internet vasitəsilə həyata keçirir. Hətta çoxları internetə olan tələbatı çörəyə olan tələbatla bir tutur.

İnternetdən çox istifadə edənlər arasında uşaqlar və orta məktəb şagirdləri də var.

Telefon və planşet istifadəçisi olan uşaqlarla yanaşı, yəqin hər kəs diqqət edib ki, şəhərdə fəaliyyət göstərən internet klublarda da istənilən yaşda məktəbliyə rast gəlinir. Uşaqların çoxu internet klublardan müxtəlif oyunlar oynamaq üçün istifadə edirlər. Bu da təbii ki, onların yeni formalaşmağa başlayan psixologiyasına mənfi təsir göstərir.

Dünən isə "Kaspersky Lab” şirkəti "Azərbaycanda uşaqlar internetdə nə ilə məşğuldurlar” adlı statistik məlumatlarında maraqlı rəqəmlər açıqlayıb. Şirkət bildirib ki, Azərbaycanda son 12 ayda uşaqlar internetdə daha çox (73,65 faiz) internet-kommunikasiya vasitələrinin axtarışı ilə məşğul olublar.

Açıqlanan digər ortalama göstəricilərə əsasən, son 12 ayda ölkədə uşaqların 6,66 faizi kompüter oyunları, 5,83 faizi alkoqol, tütün, narkotik maddələr, 1,70 faizi elektron ticarət, 1,52 faizi proqram təminatı, audio, video, 1,36 faizi porno və erotika, 0,98 faizi ədəbsiz leksika, 0,34 faizi iş axtarışı, 0,21 faizi qumar oyunları, 0,20 faizi silah, 0,17 faizi zorakılıq və 0,02 faizi HTTP-sorğuların (HiperTekst Ötürmə Protokolu) yönləndirilməsi ilə məşğul olublar.

Məlumatda internetdə uşaqlar üçün təhlükələr sırasına təhlükəli axtarış sorğuları və arzuolunmaz kontent, sosial şəbəkələrdə tanımadıqları pisniyyətli şəxslərlə ünsiyyət, düşünülməmiş onlayn alış-veriş, kompüterin zərərverici proqramla yoluxması və internet-asılılığın daxil olduğu qeyd olunub.

Bununla bağlı "Şərq”ə danışan "Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz şagirdlərin və uşaqların internet-komminikasiya vasitələrindən müxtəlif məqsədlərlə istifadə etdiyini deyib: "Bu gün internetin vazgeçilməz olduğu danılmazdır. Statistikada da qeyd olunduğu kimi, insanlar, o cümlədən də uşaqlar internet resurslarından əsasən faydalı sahələr üçün istifadə edirlər. Lakin bəzən yeniyetmələr, məktəblilər oyun saytlarına, faydasız məlumatlara da meyl edirlər. Amma bu elə də kütləvi hal almayıb. Əsasən məktəblilər internetdən dərs vəsaitlərinin, məlumatların, testlərin, elmi informasiyaların öyrənilməsi üçün istifadə edirlər”.

Osman Gündüz uşaqların internetə çıxışı olan qurğulardan, telefon və planşetlərdən istifadə etməsini çərçivə daxilində olmaq şərtilə düzgün hesab edir: "Müasir vaxtda inkişafdan, maarifçilikdən danışırıqsa, internetin, kompyuterin uşaqların üzərinə qapadılması yolverilməzdir. Bununla belə, internetdə uşaqlar üçün arzuolunmayan informasiyalar da olduğuna görə nəzarət olmalıdır. Bunun üçün texnologiya və proqram istehsalçısı olan şirkətlər də artıq yeni layihələr hazırlayırlar. Bütün tədbirlərlə yanaşı, əsas yük valideynlərin və müəllimlərin üzərinə düşür ki, onlar uşaqlara daim bu sahədə nəzarət etməlidirlər. Müəyyən vaxt daxilində, təhlükəsiz və faydalı formada istifadə üçün uşaqlara şərait yaratmaq valideynlərin vəzifəsidir. İnternetdə olan təhlükələri bəhanə gətirərək uşaqlara interneti qadağan etmək olmaz, bu daha mənfi nəticə verə bilər”.

Aysel Aslan