“Nəvəm atasız deyil ki, pullarını qılınc kəsmir”

Tariyel Qasımov: “Mənim razılığım olmadan ikinci dəfə ailə qurdu, indi mənim elə qızım yoxdur, silmişəm”



Xalq artisti Tariyel Qasımovun nəvəsi Fariz Kərimlinin mətbuatda verdiyi açıqlama birmənalı qarşılanmayıb. O, babası olan Xalq artistini laqeydlikdə qınayır. Fariz sosial şəbəkədə görüntüsünü yayaraq, imdad diləyib. Xatırladaq ki, Tariyel Qasımovun nəvəsi Fariz Kərimli böyrək çatışmamazlığı xəstəliyindən əziyyət çəkir. Nəvəsinin suçlamasına Tariyel Qasımov "Şərq”də aydınlıq gətirdi.

- Necəsiz, Tariyel müəllim? Xeyli vaxtdı mətbuatda görünmürsüz.

- Çox sağ olun, yaxşıyam. Hazırda Qazaxda, anamın yanında oturmuşam. Gözəl kənd ab-havasında insan özünü necə hiss edər. Gəlmişəm anama baş çəkməyə.

- İstirahətinizi pozmaq istəməsək də, nəvənizin mətbuata açıqlamasına münasibətinizi öyrənmək istədik. Yəqin sizin də deyəcəyiniz var?

- Nəvəm kiçik yaşlarından bu xəstəliyə tutulub. Hələ nəvəm uşaq ikən mən onu həkimlərə aparmışam. "Semaşko” xəstəxanasının yanında uşaq xəstəxanasında bir müddət yatdı. Oranın baş həkimi, professor bildirdi ki, bu xəstəlik sağalmır. Bir ay o xəstəxanada da yatdı. Təxminən 10 yaşına qədər mən o nəvəm üçün pul tökdüm, heç nə dəyişmədi. Axırda həmin professor mənə dedi ki, Tariyel müəllim siz elə imkanlı adam deyilsiz ki, bu uşağın xəstəliyini sağalda biləsiz. Aktyor adamsız. Nə qədər qazanırsız ki? Hədər yerə pul tökməyin, bu uşağın xəstəliyi müalicə ilə sağalan deyil. Allah nə qədər bu uşağa ömür verib, yaşayar. Sonra da bu uşağın atası, anası ayrıldılar, boşandılar. O uşağın soyadı Fariz Kərimovdu, atası Fəxrəddin Kərimovdu. Əmisi Vahab Kərimovdu. O insanların imkanları o qədər çoxdu ki, mənim kimi 10 aktyor saxlaya bilərlər.

- Yəni qız nəvənizdi Fariz?

- Bəli, qız nəvəmdi. Atası da, əmisi də çox imkanlı adamlardı. Sadəcə mənim adımı ləkələmək üçün, nüfuzuma xələl gətirmək üçün bu söhbətləri yaymağa çalışırlar. Mənim qızım Farizin atasından ayrılıb. Baxmayaraq ki, onlar ayrılmışdılar, mən o uşağa yetərincə pul tökdüm. Həkim deyəndən sonra ki, hədər yerə pulunuzu tökməyin, mən daha imkanım olmadı xəstəxanalara aparım o uşağı. İndi nəvəmin 30 yaşı var. Kimsə onu öyrədir ki, babanın adından istifadə et. Mənim adımı ləkələməyə çalışırlar. Fariz atasız deyil ki? Niyə atasının adını hallandırmır. Pullarını da qılınc kəsmir. Sadəcə mən tanınmış aktyoram, adımı ləkələmək daha asandı. Bundan da istifadə edirlər. Məni ləkələməyə çalışırlar, cəhənnəmə ləkələsinlər.

- Bəs qızınız övladı ilə görüşmür ki?

- Onlar ayrı yaşayırlar. Qızım o vaxt yoldaşından boşandı, ayrıldılar, Fariz atasından ayrı yaşayır. İndi bilmirəm ki, qızım oğlu ilə yaşayır, ya yox. Xəbərim yoxdu onlardan.

- Bilmirsiz ki, qızınız nəvənizlə birgə yaşayır, ya yox? Bu necə olur ki?

- Xəbərim yoxdu. Çünki onlarla heç bir ünsiyyətim yoxdu. Nə qızımla, nə başqaları ilə. Deyəsən, qızımla qalır nəvəm də. Bilmirəm.

- Qızınızdan necə xəbəriniz olmaya bilər ki?

- Xəbərim yoxdu. Çünki qızımla görüşmürük, münasibətimiz yoxdu.

- Neçə ildi qızınızı görmürsüz?

- 20 ildi qızımla danışmıram. Xəbərim də yoxdu onlardan. Mənim elə qızım yoxdu. Mənim bir övladım var, o da oğlumdu, yanımdadır. Vəssalam. Mənim Samirə adlı qızım yoxdu. Mən illər əvvəl onu itirmişəm. Mən vaxtında qızıma dəstək olmuşam, uşağı üçün də əlimdən gələni etmişəm.

- Qızınız da sizi qınayır ki?

- Yəqin. Bilmirəm. Amma onun məni qınamağa haqqı yoxdu. Əvvəla mən aktyoram, nə qədər məvacib alıram ki, nəvəmin müalicəsini edə bilim? İkincisi də mən uzun illərdi onlarla ünsiyyət qurmuram. Qızım da inciyib çox güman. Özü bilər. Mənim elə övladım yoxdu.

- Nəyə görə qızınızla münasibətiniz pozulub?

- Bilirsiz, bu, ailə məsələsidir. Qızımla münasibətim çox pisdi. Mənim üçün o övlad yoxdu. Qızımla 20 ildir danışmıram. Qızımda da bir günah görmüşəm, danışmıram.

- Necə günah ki? Qızınızın ayrılmağına narazı idiniz?

- Qızım yoldaşından 20 ildən çoxdu ayrılıb. Nəvəmə də 10 il baxmışam. Aktyor adamın o qədər imkanı hardandı ki, xəstəxanalara pul tökə. Mən qızıma vaxtında yaxşı ata olmuşam. Amma qızım mənə ata kimi hörmət qoymadı. Mənim razılığım olmadan ikinci dəfə ailə qurdu. Ona görə də qızımı həyatımdan sildim. Mənim üçün həyatda bir oğlum, bir də həyat yoldaşım var. Mənimlə məsləhətləşmədən ikinci dəfə ailə qurdu, mən də o qızı həyatımdan sildim.

- Qızınızla qardaşı da danışmır? Yəni oğlunuz da bacısı ilə danışmır, ünsiyyəti yoxdu?

- Deyəsən onlar da danışmır. Bilmirəm. Yəqin ki, danışmırlar. Ən azı mənim onların ünsiyyətindən xəbərim yoxdu. Varsa da, mənə demirlər. Mən xahiş edirəm, çox dərinə getməyək. Ailəmin müzakirə predmeti olmasını istəməzdim. Mən bunu özümə yaraşdırmıram. Onlar da mənim adımdan istifadə edirlər ki, sənətkaram, nüfuzuma xələl gəlsin. Mənim bir övladım var, o da oğlumdu. Vəssalam. Vaxtilə də yaxşı baba olmuşam.

Tahirə Məmmədqızı