Bakı kinoteatrlarına ayaq açan tamaşaçılar daha çox komediya filmlərinə üstünlük verirlər
Son vaxtlar gənclərin, cütlüklərin film izləmək, kinoteatra getməyə marağı artıb. Bunu eyni zamanda sosial şəbəkələr vasitəsilə də izləmək mümkündür. Əvvəllər selfiləri, şəkilləri sosial şəbəkələrdə paylaşarkən gül-çiçək, açıq məkanları seçən gənclər, son vaxtlar bunu kinoteatrlarda gerçəkləşdirirlər.
Əslində kinoteatrlara marağın artması yaxşı göstəricidir. Digər bir məslə də var ki, hazırda Bakının əsas kinoteatrlarında yerli filmlərə maraq xaricilərə maraqdan heç də geri qalmır.
Son zamanlar Azərbaycan kinoteatrlarında yerli filmlərin nümayişinə geniş yer ayrıldığının şahidi oluruq. İzlədikcə bəyənməyə başladığımız filmlərimiz arasında getdikcə rəqabət də ortaya çıxır. Bu da filmlərimizin inkişafı üçün böyük təkan yaradır. Belə ki, biri-birinin ardınca "My name is İntiqam”, "Xoxan” və "Ay brilliant” filmləri tamaşaçılarda maraq yarada bilib. Qala gecələrindən sonra sosial şəbəkələrdə yerli tamaşaçıların da sözügedən filmlərə olan marağını izləməkdə davam edirik. Bu da o deməkdir ki, artıq tamaşaçılar yerli filmləri izləmək üçün yollarını kinoteatrlardan salırlar.
Kinoteatrlarda komediya filmləri ilə yanaşı, həmçinin dram və məişət mövzularına həsr olunmuş filmlərin də yaxın zamanlarda yer alacağı söylənilir. Kinoteatrlardan aldığımız məlumata görə, biri-birindən maraqlı yerli filmlər çəkilib və yaxın zamanlarda onların premyeraları da nəzərdə tutulub. Onlara "Toy-2”, "Arzuların ardınca”, "Yarımdünya”, "Biznesmen”, "100 kağız”, "Səhra Almazı” kimi filmlər daxildir. Bu da o deməkdir ki, çoxdandır kino sahəsində gözlədiyimiz dirçəlişin astanasındayıq. Belə çıxır ki, prodüserlər və rejissorlar "Yoxa lənət” deyibən, qollarını çırmalayıb işə başlayıblar. Bütün hallarda isə qazanan Azərbaycan kinosudur.
Biz də kinoteatrlarla və film çəkən prodüserlərlə əlaqə saxlayıb tamaşaçıların yerli filmlərə marağını xəbər aldıq.
"Nizami” Kino Mərkəzinin mətbuat xidmətinin rəhbəri Arzu Əhədova açıqlamasında tamaşaçıların yerli filmlərə marağının günü-gündən artdığını müşahidə etdiklərini bildirdi: "Ötən ildən etibarən yerli filmlərimizin nümayişi sərasər şəkildə davam edir. İlk olaraq "My name is İntiqam”, "Xoxan”, təzəlikcə isə "Səhra Almazı” filminin qalasını təşkil etdik. Bizim müşahidələrimizə görə, komediya filmlərinə böyük maraq var. Tamaşaçılar daha çox bu filmlərə baxmaq üçün bizə müraciət edirlər. Xarici filmlərə maraq necədirsə, öz komediya filmlərimizə maraq da eyni səviyyədədir. İndi yeni filmlər sırasında əksəriyyəti komediya filmləri təşkil edir ki, onlar da lazımi dərəcədə tamaşaçı toplaya bilir”.
"Park Cinema”nın PR meneceri Sinan Ağayev də tamaşaçıların yerli filmlərə böyük marağı olduğunu qeyd etdi: "Müşahidələrimiz nəticəsində deyə bilərik ki, həm Azərbaycan, həm də digər ölkələrin filmlərinə maraq eyni səviyyədədir. Hazırda yerli filmlərimiz dirçəliş dövrünü yaşayır. Azərbaycan filmləri cəmiyyətimiz üçün çox vacibdir. Bir il bundan qabaq demək olar ki, Azərbaycan filmləri azlıq təşkil edirdi. Kinoteatrlarımızda maraq doğuracaq Azərbaycan filmləriylə çox nadir hallarda rastlaşırdıq. Bu gün isə yerli filmlərə maraq xarici filmlərdən daha çoxdur. Hazırda yerli filmlərdən "Xoxan” ən çox izlənilən filmlər sırasında yer alıb. Bununla bərabər, "My name is İntiqam”, "Ay brilliant” filmlərinə də çox böyük maraq var. Onu da qeyd edim ki, gələcəkdə bizdə də bir neçə Azərbaycan filminin nümayişi nəzərdə tutulub. Onlar da indidən böyük izləyici toplayıb. Hiss edirik ki, həmin filmlər yerli tamaşaçıların diqqət mərkəzindədir. Bu filmlərdən "Yarım dünya”, "100 kağız”, "Yumurta”, "Toy- 2”ni misal göstərə bilərik”.
Mövzu ilə əlaqədar "28 Cinema”ya da müraciət etdik. Amma sualımızı cavablandırmağa zamanları olmadığını bildirdilər.
"Ay brilliant” filminin baş prodüseri İlkin Həsənli bizimlə söhbətində ilk həftələr üçün nəzərdə tutulan nəticələri əldə etdiklərini və hazırda yeni filmə hazırlaşdıqlarını bildirdi: "Hazırda "Ay brilliant” filmi kinoteatrlarda ən çox izlənilən filmlər sırasındadır. Film yayımdan çıxandan sonra sizə əldə etdiyimiz ümumi büdcəni dəqiq şəkildə rəqəmlərlə açıqlayacam. Onu deyə bilərəm ki, filmin nümayişinin bir ayı tamamlanmamış 50 min nəfərdən çox izləyicisi olub. Demək olar ki, hazırda əldə etdiyimiz nəticə filmin büdcəsinə yaxındır. Bu bizim ilk işimiz idi. Hesab edirəm ki, biz daha möhkəm və sərasər çalışsaq, daha maraqlı filmlər ərsəyə gətirə bilərik”.
İlkin Həsənli artıq tamaşaçıların nəyə daha çox güldüyünü, hansı kadrları maraqla izlədiyini öyrəndiyini deyir: "Film yayımlandıqdan sonra gecə seanslarında adi bir tamaşaçı kimi arxa cərgələrdə oturub filmi izləyirdim. İzləməkdə məqsədim o idi ki, tamaşaçının nəyə güldüyünü və onun hansı hissələrdə həyəcan keçirdiyini öyrənim. Mən öz qeydlərimi apardım. Bundan sonrakı layihələrimizdə sırf tamaşaçının istəyi ilə hərəkət edəcəyik”. İlkinin sözlərinə görə, "Ay brilliant” filminin davamı olmayacaq. Bu, birseriyalı film idi. "Bozbash pictures” serialının qəhrəmanları ilə növbəti film çəkilişlərinə hazırlaşırlar. Onlar bu dəfə başqa bir rejissorun əməyindən istifadə edəcəklər.
Kinorejissor Əli İsa Cabbarov bizimlə söhbətində özəl kinoteatrlara yerli filmləri göstərməsini heç kimin məcbur edə bilməcəyini dedi: "Çünki onlar kommersiya şirkətləridir və şəxsi mülkiyyət hesab olunur. Əgər xarici filmlər kinoteatrlara daha çox gəlir gətirirsə, təbii ki, onlar həmin filmlərin nümayişində daha çox maraqlı olacaqlar. Həmin şirkətləri yerli filmlərin nümayişinə sövq etmək üçün ilk növbədə onlara Mədəniyyət və Turizm Nazirliyi vergi məsələsində güzəştlər etməlidir. Onlar Azərbaycan filmlərini nümayiş etdirəndə vergidən müəyyən qədər azad olsalar, o zaman çox da ziyana düşməzlər. Ancaq "Nizami” Kino Mərkəzi dövlət mülkiyyətidir, biz onlara əminliklə deyə bilərik ki, yerli kinolarımızı nə üçün az göstərirsiniz. Yəni uman yerdən küsərlər. Ancaq bildiyim qədəri ilə, "Nizami” Kino Mərkəzində həftəlik olaraq filmlər nümayiş olunur. Yenə də buna baxmayaraq, tamaşaçılar yerli filmlərimizi izləməyə gəlmirlər. Düşünürəm ki, bunun da əsas səbəbi xəbərsizlikdən, tamaşaçıların məlumatsızlığından irəli gəlir. Kinoteatrlar filmlərin təbliğatına vəsait ayırmalıdır. Bu sistem bütün dünyada belədir, yəni film istehsal olunanda filmin istehsalı ilə reklamına eyni xərclər çəkilir. Belə ki, 50 milyon filmə vəsait ayrılırsa, 50 milyon da reklama yönəldilir”.
Rejissor Azərbaycan filmlərinin nümayişi zamanı zalın yarı hissəsinin boş olduğunu, yerli filmlərimizin reklama ehtiyac duyduğunu bildirdi: "Düşünürəm ki, filmlərin təbliğatına əlavə vəsait ayrılmalıdır. Çox vaxt tamaşaçılar məlumatsızlıqdan kinolara baxmağa gəlmirlər. Təbliğat filmin inkişafı üçün əsas meyar olmalıdır. Mətbuat bar-bar bağırmalıdır ki, bu gün yerli filmimiz göstəriləcək. Bundan əlavə, biletlərin qiyməti də çox ucuz olmalıdır. Yerli filmlərin qiyməti iki manat olsa, yəqin ki, tamaşaçı kinoteatra yetərincə gələr. Bunun üçün də televiziyalarda kifayət qədər verilişlər hazırlanmır. Azərbaycan televiziyasında yerli kinolarımız haqqında verilişlər yox dərəcəsindədir. Saytlarda kino ilə bağlı rubrikalar demək olar ki, yoxdur. Azərbaycan kinosunu sevdirmək üçün onu təbliğ etmək lazımdır. Hazırda Azərbaycanda biri-birindən maraqlı filmlər çəkilib. Sadəcə onların təbliğata ehtiyacı var. Tutaq ki, tamaşaçı türk kanalına baxır və Özcan Dənizin mahnılarını dinləyir. Biləndə ki, onun filmi Bakıya gəlib, tamaşaçıda maraq oyanır”.
"Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov söhbətimiz zamanı yaxın gələcəkdə gənclərin marağını təmin edəcək filmlərimizin nümayiş olunacağını dedi: "Biz tamaşaçıların zövqünü oxşamaq üçün xarici ölkələrlə müştərək şəkildə işləyirik. Misal üçün, ötən il "Mahmud və Məryəm” filmini türklərlə birlikdə çəkdik. O filmin sayəsində kinoteatra çox sayda tamaşaçı cəlb edə bildik. On günə yaxındır ki, Eldar Quliyevin "Dərvişin qeydləri” filmi "Nizami” Kino Mərkəzində davamlı olaraq göstərilir. Bu filmin televiziyalara reklamını verib, şəhərdə afişalarını vurmuşuq. Biz əvvəllər tarixi mövzulu filmlərə daha çox diqqət yetirirdik. Təcrübələrimiz nəticəsində bizə aydın oldu ki, gənc nəsil müasir mövzulu, melodrama və ya komediya janrlı filmlərə baxmaqda daha çox maraqlıdır. Biz də bu cür filmlərin çəkilişinə start verəcəyik. Həmin filmlərin təqdimatından sonra onlar kinoteatrlarımıza üz tutacaq və yerli filmlərimiz ən çox izlənilən filmlər sırasında yer alacaq. Yaxın zamanlarda Prodüserlər Gildiyasında bu məsələ müzakirə olunacaq, rejissorlarla bu barədə söhbət aparacağıq və ən yaxşı, ən çox sevilən aktyor və aktrisalar həmin filmlərdə rol alacaqlar”.
M.Hətəmov "Azərbaycanfilm” kinostudiyasının ildə dörd və ya beş film çəkdiyini, bunun da normal göstərici olduğunu qeyd etdi: "Ancaq kinoteatrda ildə ən aşağısı 500-dən çox film nümayiş olunur. Bu tək bizdə belə deyil. Türkiyədə, xaricdə, ümumiyyətlə, bütün ölkələrdə bu sistem belə işləyir. Rusiyada kinoteatrlarda 80 faizdən çox xarici filmlər nümayiş olunur. Onu da qeyd edim ki, son dövrlər çəkilən filmlərin hamısı kinoteatrlarda göstəriləcək. Bunun özü bir prosesdir və biz bunun üzərində işləyirik. Özəl studiyalar da bu işlə məşğuldur. Əsas tamaşaçıların zövqünü oxşamaqdır ki, biz də bunu nəzərə almışıq. Bizim bir çox yeni layihələrimiz var ki, bu il siz onların şahidi olacaqsınız”.
Aldığımız məlumatlardan xoşhal olduq. Ümid edirik ki, vətənimizə təşrif buyuran növbəti qonağımızın yanında üzüqara olmayacağıq.
"Sinemaluks” kinoteatrının direktoru Rəşid Əhmədov da son vaxtlar kinoteatra gələn izləyicilərin sayının çoxaldığını qeyd etdi: "Bizdə əvvəllər də kinoteatrlara getmək ənənəsi var idi. Sadəcə son illər bir qədər azalmışdı. Bunun da müxtəlif səbəbləri vardı. İndi şükür ki, yenidən o ənənə qayıdır. Səbəb isə o idi ki, müasir kino nümayişi anlayışının texniki cəhətdən təmin olunmamasında idi. Respublikada uzun müddət müasir tələblərə cavab verən yalnız bir Azərbaycan kinoteatrı fəaliyyət göstərirdi. Onun da cəmi 3 zalı var idi. Qaldı marağın artmasına səbəb, bu, böyük biznesin cəsarətlə və vaxtında bu sahəyə ayırdığı sərmayələrlə əlaqədardır. Qaldı yerli filmlərə olan maraqdan söhbət gedirsə, istənilən azacıq da olsa, keyfiyyətli yerli filmə maraq tamaşaçılarımızda var. İndi bu sahədə yenilik, dirçəliş də hiss olunur. Yarım ildə 10-dan bir qədər az yerli film sıxıb. Onların bəziləri böyük marağa səbəb olub və yaxşı kassası olub”.
Rejissor Fuad Əlişov da son vaxtlar yerli filmlərə marağın yarandığını qeyd etdi: "Son 10 ildə kinoteatrlara gedənlərin sayı çox az idi. Amma son bir ildə bu marağın çoxaldığını hiss etmək olur. Xüsusilə də yerli filmlərə də maraq yaranıb. Başqa məsələdir ki, təqdim olunan filmlərin keyfiyyəti nə dərəcədədir. Amma nə qədər qüsurlar olsa da, əsas odur ki, bu sahədə dirçəliş hiss olunur. Zamanla yəqin bu problemlər də həllini tapacaq. Sərmayə çoxaldıqca, sifarişçilər də peşəkar rejissorlarla işləməyə üstünlük verəcəklər. Amma bu gün əsas odur ki, kinoteatrlara maraq yaranıb, yerli filmləri izləyənlərin sayı çoxalır”.
Tahirə