Nəyi etmək olar, nəyi yox?

Avropadan qonaqlarımız gəlir, gənclər də hazırdı




Azərbaycan sayılı günlər qalan və dünyada çox nüfuzlu olan Avropa Oyunlarına qucaq açacaq. Yalnız paytaxtda deyil, ölkəmizin hər yerində böyük bir idman hadisəsi, sevinci, bayramı yaşanacaq. Avropalıların düşüncəsində xalqımız və dövlətimiz haqqında daha yüksək fikirlər formalaşması üçün nəyi etmək olar və nəyi etmək olmaz? sualı ətrafında ölkənin müxtəlif peşə sahibləri olan gənclərin fikirlərini almaq istədik.

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiya Təşkilatının Fərdi İnkişaf Mərkəzi "Etika Akdemiyası”nın direktoru Günel İbrahim hesab edir ki, yaşından asılı olmayaraq sıravi insandan tutmuş bu oyunlara hər kəsin dəstəyi var: "Bunun üçün cəmiyyətin ümumi baxışını formalaşdırmaq çox vacibdir. Hazırda ölkədə oyunlarla bağlı yüksək əhval-ruhiyyə hiss olunur. Oyunlara yalnız əhval-ruhiyyə ilə deyil, sözlərimiz və əməllərimizlə dəstəyimizi göstərməliyik. Bu baxımdan Azərbaycan gəncləri Avropa Oyunları zamanı onlara həvalə olunan işlərin öhdəsindən gələcək”.

Onun sözlərinə görə, AGAİT və rəhbərlik etdiyi "Etika Akademiyası” Avropa Oyunları üçün öz dəstəyini əsirgəmir və oyunlar ərəfəsində xidmət sahəsi üzrə işçilər hazırlayır: "Bakıda ötən ilin oktyabrından "Etika Akademiyası” Fərdi İnkişaf Mərkəzi fəaliyyətə başlayıb. Azərbaycanda bu sahə üzrə ilk olan qurum fəaliyyətə başlayıb. Biz könüllülərə avropalı qonaqlara ilk 5 dəqiqədə ölkəmiz haqqında təəssüratı necə yaratmağı öyrətmək məqsədilə treninqlər təşkil etdik. Bu sahədə Azərbaycanın gənclik siması portretini çizməyə yönəlik layihələr həyata keçirdik. Məsələn, bioloji və ruh deyəndə ağla ilk növbədə yapon gəncliyi gəlir. Azərbaycan gəncliyi gələndə insan düşüncəsində tolerant assosiasiyası, ixtiraçılıq və müəyyən elm sahələri nəzərdə tutulur. Deməli, ilk növbədə tolerantlıq simasını önə çıxarmaq lazımdır. Bundan əlavə gənclərə avropalı qonaqlarla necə davranmaq üzrə sosial protokol qaydaları öyrədilir”.

Azvision.az-ın baş redaktoru Vüsal Məmmədovun fikrincə, Avropanın Azərbaycanı müsbət mənada bilinməyən tərəfləri ilə tanıması əslində bütün cəmiyyətin işi olmalıdır: "Azərbaycana gələcək xarici qonaqların dövlətlə təması gömrük və daha bir neçə idarə ilə məhdudlaşır. Amma sadə xalq ilə hər yerdə təmasda olacaqlar - restoranlarda, küçədə, taksidə, mağazalarda... Bir sözlə, hər yerdə. Buna görə də, onlarda ölkəmiz və xalqımız haqqında yaxşı fikrin yaranması üçün hər kəs çalışmalıdır”.

V.Məmmədov həmçinin bəzi gənclərimizin ictimai yerlərdə özlərini apara bilməməsindən narahatçılığını da gizlətməyib: "Səmimi deyim ki, mən bizim gənclərin ictimai yerlərdə özlərini apara bilməməyindən narahatam. Xaricilərlə kobud zarafatlar, axmaq hərəkətlər etsələr, təbii ki, ölkəmiz haqqında yaranan fikir də pis olacaq. Halbuki, dövlət bu qədər resursu ona görə sərf etməyib. Biz gərək dövlətin təşkilatçılıq və maliyyə sferalarında gördüyü işi məişət səviyyəsində davam etdirək. Məncə, media da bu günlərdə mövzuya maksimum diqqət ayırmalıdır”.

Müstəqil jurnalist Tural İsmayılov isə düşünür ki, Azərbaycanın Avropada tanıdılması üçün multikulturalizm sahəsində görülən işlər və dövlət səviyyəsində beynəlxalq yarışlara ölkəmizin ev sahibliyi etməsi həm ölkənin müsbət imicinə böyük təsir göstərir, həm də Qarabağ probleminin daha da geniş arenalarda işıqlandırılmasına rəvac verir. "Eurovision” ilə başlayan halqa Avropa Oyunları ilə kuliminasiya nöqtəsinə çatacaq və daha sonra "Formula 1 Qrand-Prisi, UEFA-nın bir neçə oyununa ev sahibliyi, Bakıda İslam Həmrəyliyi Oyunlarının keçirilməsi ilə davam edəcək. Bu baxımdan Avropa Oyunları bütün xalqı ölkə maraqları naminə birləşdirməyi bacarır. Hər kəs çalışır ki, bu oyunlar yüksək səviyyədə keçirilsin, Azərbaycan yerləşdiyi həssas regionda necə güclü bir dövlət olduğunu bir daha nümayiş etdirsin. Bu oyunlar vətəndaş, dövlət həmrəyliyinin ən yaxşı forması olacaq və Avropadan gələn qonaqlar ölkəmizin real inkişafının canlı şahidi olacaq”.

T.İsmayılov hesab edir ki, fəlsəfədəki ierarxiya qanunu kimi bu inkişafın pilləli variantıdır. Bu gün həm sosial-iqtisadi inkişaf, həm də ölkədaxili inkişaf tərəqqinin bir pilləsidirsə, beynəlxalq tədbir və yarışlara ev sahibliyi etmək də digər pilləsidir: "Düşünürəm ki, edilməsi lazım olan bütün işlər görülüb və vətəndaşlar olaraq da, turistləri ən yaxşı qonaqpərvərliyimizlə qarşılayacağıq. Edilməməsi lazım olanlar isə nəzakət və etik çərçivələrə zidd şeylərdir ki, bunları da sadə insanlar olaraq etməyəcəyimizə əminəm. Avropa Oyunları bizim növbəti həmrəylik sınağımızdır və bu mərhələni də uğurla keçəcəyimizə inanıram. Oyunlar yaxınlaşdıqca, həyəcan artır, oyunlar ərəfəsində böyük bir coşqu yaranacağına şübhəm yoxdur”.

Vüqar Şahinoğlu