Nəzakət xətrinə gəlmişdi

Fransa prezidentinin Azərbaycana səfəri Qarabağ münaqişəsini “ölü nöqtə”dən tərpətməyəcək
“Fransa və Rusiya Dağlıq Qarabağla bağlı mövqelərini açıq ifadə etməlidirlər”

Fransa prezidenti Fransua Ollandın Azərbaycana işgüzar səfəri başa çatıb. Prezident İlham Əliyevlə Fransa rəhbəri arasında təkbətək keçirilən görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqların son vəziyyəti ilə bağlı geniş fikir mübadiləsi aparılıb. Prezident İlham Əliyev Ollandın Dağlıq Qarabağ münaqişəsinin həlli yönündə göstərdiyi fəallıqdan məmnunluğunu ifadə edib.

Görüşdə regional, beynəlxalq və qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub. Ollandın Bakı səfərini dəyərləndirən əksər ekspertlərin fikrincə, Fransa başçısı ölkəmizə səfər etməklə Azərbaycanın könlünü almağa və Türkiyə ilə Azərbaycanı eyniləşdirmədiyini göstərməyə çalışıb. Həm də nümayiş etdirmək istəyib ki, Qarabağ vasitəçiliyində Parisin obyektiv vasitəçi obrazı hələ də qalır. Lakin Fransa prezidenti bu cür addımlarla Azərbaycan xalqının etimadını qazana bilməyəcək. Çünki əvvəla biz özümüzü Türkiyədən fərqləndirmirik. İkincisi isə İrəvanda uydurma hadisəni rahatca "soyqırım” adlandıran Fransa lideri Bakıda real işğal faktını dilə gətirməyib. Təbii ki, ATƏT-in Minsk Qrupunda həmsədr olan aparıcı bir dövlətin bu cür yanaşması Azərbaycan ictimaiyyəti tərəfindən narazılıqla qarşılanıb. Məsələyə münasibət bildirən Milli Məclisin sədr müavini Bahar Muradova Fransa prezidentinin ölkəmizə səfərinin işgüzar xarakter daşıdığını deyib. Görüşlərdə müzakirə olunan məsələlər haqqında dəqiq məlumatının olmadığını deyən vitse-spiker Dağlıq Qarabağ münaqişəsinin əsas müzakirə predmeti olduğunu bildirib: "Mümkünsüzdür ki, bu məsələ müzakirə predmeti olmasın. Biz Fransa və Rusiyanın Ermənistanla isti münasibətlərindən danışsaq da, Dağlıq Qarabağ münaqişəsinin həllində sözügedən ölkələrin arbitr rolu oynamağa çalışdıqlarını da deməliyik. Nəticə olmasa da, Fransa və Rusiyanın belə bir fəaliyyəti var. Amma sözügedən dövlətlər birmənalı şəkildə Ermənistanın qondarma problemlərini vurğulayırlar. Onlar Ermənistanla münasibətlərini açıq şəkildə bəyan edirlər. Qarabağ məsələsinin həllinə gələndə isə ümumi fikirlərlə münasibətlərini ifadə edirlər. Ona görə də konkret fikir söyləmək çətindir. Amma bu bir faktdır ki, bu vasitəçilik missiyası sözügedən dövlətlərin üzərindədir. Fransa və Rusiya Dağlıq Qarabağla bağlı mövqelərini açıq ifadə etməlidirlər”.

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu isə deyib ki, Fransa prezidenti Fransua Ollandın Azərbaycana səfəri nəzakət xarakteri daşıyırdı. Politoloqun sözlərinə görə, qondarma erməni soyqırımının 100 illiyi ilə bağlı Ermənistanda olan Olland başa düşür ki, Azərbaycanla iqtisadi əlaqələr Fransa üçün çox böyük əhəmiyyətə malikdir: "Ermənistan və Fransa arasındakı mal dövriyyəsinin həcmi 200 milyon dollara çatmır. Azərbaycanla Fransa arasında mal dövriyyəsi isə 2 milyard dollar hüdudlarındadır. Bu gün iki ölkə arasındakı iqtisadi əlaqələr, hərbi-texniki əməkdaşlıq artan xətlə inkişaf edir. Olland Azərbaycandan gələn pulu itirmək istəmir. Ona görə Ermənistandan birbaşa Azərbaycana gəldi və nəzakətini göstərdi.

Eyni zamanda humanitar əlaqələr də yüksək səviyyədədir. Fransada Azərbaycanla əlaqəli bir sıra mədəni tədbirlər keçirilir. Azərbaycanda fransız dili inkişaf edir. Ölkədə fransız məktəbi var idi, indi universiteti açılır”.

İsmayıl