Nəzəri cəhətdən mümkündür

NATO-nun vasitəsi ilə Ermənistana qarşı hərbi sanksiya tətbiq etmək olar



NATO-nun İstanbulda keçirilən 62-ci sessiyası çərçivəsində suveren ölkələrin ərazi bütövlüyünün dəstəklənməsi ilə bağlı qətnamə qəbul edib. Millət vəkili Siyavuş Novruzovun verdiyi məlumata əsasən, komitənin iclasında işğal olunmuş ərazilər məsələsi müzakirəyə çıxarılıb:

"ABŞ nümayəndə heyətinin üzvünün təklifi ilə "bütün suveren dövlətlərin ərazi bütövlüyü tanınmalıdır” adlı məsələ gündəmə gətirildi və müzakirələrdən sonra bununla bağlı qətnamə qəbul edildi”. Deputat bildirib ki, Ermənistan nümayəndə heyəti qətnamənin qəbul edilməsinə etiraz etsə də, bunun heç bir nəticəsi olmayıb. 
Nüfuzlu beynəlxalq qurumun Azərbaycanın lehinə qərar verməsinə münasibət bildirən millət vəkili Tahir Kərimli "Şərq”ə açıqlamasında bunun sıradan bir məsələ olmadığını deyib. Deputatın sözlərinə görə, qətnamə Avropa Şurası və ya Parlamentinin Azərbaycanın ərazi bütövlüyünü müdafiə edən bəyanatlarına bərabər aktdır: "NATO-nun imza atdığı sənəd BMT qətnamələrinin davamı kimi düşünülə bilər. Amma xüsusi əhəmiyyəti ondan ibarətdir ki, qətnaməni qəbul edən qurum hərbi alyansdır. NATO dünyada nüfuz sahibi olan beynəlxalq təşkilatdır. Hətta bildiyimizə görə, BMT bir neçə qətnaməsini icra etmək üçün birbaşa NATO-dan yardım alır. Məncə, bu təşkilat vasitəsi ilə düşmən Ermənistana qarşı hərbi sanksiya tətbiq etmək olar. Sözün açığı, bunun reallaşmasını gözləmirəm, amma nəzəri cəhətdən, yəni beynəlxalq hüququn tələbi baxımından mümkündür”. Deputat bildirib ki, NATO dünyanın, xüsusən Avropanın təhlükəsizliyini həyata keçirən ən mühüm qurumdur: "Hərbi alyans həmişə Rusiya faktorunu nəzərə alaraq müəyyən tərəddüdlər edir. Rus işğalına məruz qalan Gürcüstan dəfələrlə xahiş etməsinə baxmayaraq, qurum bu ölkəni üzvü etməyə tələsmir. Bu səbəbdən NATO-nu həddindən artıq şişirtmək istəmirəm. Amma hər halda bizim üçün böyük hadisədir. Hesab edirəm ki, burda Türkiyə amili də mühüm rol oynayır. Həmin toplantıda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Silahlı Qüvvələrin komandanı Hulisi Akar ermənilərin həyasızlıqlarını onların üzlərinə söylədilər. Fikrimcə, qətnamənin qəbulunda konfransa ev sahibliyi edən qardaş ölkənin əməyi böyükdür. Ona görə də Türkiyəyə minnətdarıq. Bundan sonra dövlət səviyyəsində NATO-ya müraciət ünvanlamaq hüququmuz var. Əgər qurum təsdiq etdiyi kimi ərazi bütövlüyümüzü tanıyırsa, bu istiqamətdə müvafiq addımlar atmalıdır”.

İsmayıl