Əsəd Cahangir: “Burda “milli” sözü, sadəcə maska rolu oynayır”
“Nigar Köçərlinin ölkəmizə qarşı oynanılan bu oyunda iştirakına təəssüflənirəm”
“Milli Kitab Mükafatı olduqca təhlükəlidir”
Əsəd Cahangir: “Burda “milli” sözü, sadəcə maska rolu oynayır”
Əsəd Cahangir: “Burda “milli” sözü, sadəcə maska rolu oynayır”
"İkinci variant olacaqsa, Nigar xanımın ən kəskin əleyhdarı mən olacam”
Hər dəfəsində səs-küy yaradan, bir çox hallarda isə ciddi narazılıqlarla nəticələnən Milli Kitab Mükafatı ilə bağlı münasibətini öyrəndiyimiz növbəti müsahib tənqidçi Əsəd Cahangirdir.
- Milli Kitab Mükafatı ilə bağlı nə düşünürsünüz?
- Mən dəfələrlə bu layihə barədə öz fikirlərimi demişəm. MKM-in maliyyələşdirilməsi kənar, daha doğrusu, xarici qüvvələr tərəfindən həyata keçirilir. Milli Kitab Mükafatının təsisçisi olan Nigar Köçərli kimdir? O, hansısa xarici ölkədən gəlib, ədəbi mühitdə qəfil peyda olmaqla ədəbiyyat himayədarına çevrilib. Bəs, Milli Kitab Mükafatını təsis etməkdə onun məqsədi nədir? Pul qazanmaq? Əlbəttə ki, yox. Onun "Əli və Nino” adlı kitab mağazaları şəbəkəsi var və gəliri də pis deyil. Deməli, məqsəd maddi qazanc da deyil. Milli Kitab Mükafatının qarşıya qoyduğu məqsədlərə keçməzdən əvvəl qeyd edim ki, müəyyən xarici qüvvələr, supergüclər, transmilli koorperasiyalar inkişaf etməkdə olan türk və müsəlman ölkələrini öz əsarətləri altına almaq niyyəti güdürlər. Bu gün postmodern dövr olduğu üçün onlar torpaqları deyil, beyinləri işğal etməyə üstünlük verirlər. Bir xalqın beynini işğal etməyin ən əlverişli vasitələrindən biri isə əbədiyyatdır. Onlar ədəbiyyat vasitəsilə həmin xalqın psixologiyasına, idrakına təsir edir. Beləliklə də, milləti manqurtlaşdırmaqla onu öz nəzarətləri altına alırlar. Onlar öz məqsədlərinə nail olmaq üçün hədəf aldıqları xalqın öz içərisindən elə bir şair, yazıçı yetişdirmək istəyirlər ki, məhz həmin yazıçı vasitəsilə bütöv millətə təsir etsinlər. Beyinlərə yeritmək istədikləri ideyaları, məhz onun dilindən səsləndirirlər. Necə ki, Orxan Pamuk vasitəsilə ilə türk xalqını, Salman Rüşdü vasitəsilə pakistanlıları, Xalid Hüseyni vasitəsilə əfqan xalqını manqurtlaşdırmağa çalışırlar. Və müəyyən qədər də buna nail olurlar. İdeyanı ortaya atırlar və özlərini kənara çəkirlər ki, baxın, bunu öz yazarınız, öz şairiniz deyib. Məsələn, tutaq ki, Orxan Pamukun dili ilə saxta erməni genosidinə görə türkləri ermənilərdən üzr istəməyə çağırırlar. Nəticəyə baxın! Bu gün bütün dünya 1914-cü il hadisələrini rəsmən erməni "soyqırımı” kimi tanımaqdadır. Deməli, illər öncə Orxan Pamukun yetişdirmələri, məhz bu günə hesablanıbmış. Bir yazıçının ardınca bütün xalqı mənəvi əsarət altına salırlar.
- Milli Kitab Mükafatı da bu cür layihələrdəndir?
- Milli Kitab Mükafatının verilməsində də əsas məqsəd gələcəkdə mikrofon kimi istifadə olunacaq şair, yazıçı yetişdirməkdən, Azərbaycanın Orxan Pamuk, Salman Rüşdü, Xalid Hüseynilərini formalaşdırmaqdan ibarətdir. Bu layihə, sadəcə Azərbaycan ədəbiyyatı üçün yox, bütövlükdə Azərbaycan cəmiyyəti üçün olduqca təhlükəlidir. Adı "milli” ilə başlayan bu layihənin fundamentində antimilli mahiyyət dayanır. Burda milli sözü, sadəcə maska rolu oynayır. Bu birbaşa milli-mənəvi dəyərlərimizə qarşı irəli sürülən bir layihədir. Əgər inanmırsınızsa, Milli Kitab Mükafatında qalib olan əsərlərə və müəlliflərə baxın! Əsas etibarilə anti-Azərbaycan, antimilli adamlar, əksərən də bədii istedaddan da kasad şəxslər. Təbii ki, müsabiqədə bu və digər dərəcədə qiymətləndirilən bütün müəllifləri bu kateqoriyaya daxil etmirəm. Gözə kül üfürmək, ictimaiyyəti çaşdırmaq üçün hərdən öz gizli prinsiplərindən kənara çıxıb, digər kateqoriya müəlliflərə də yer ayırırlar. Nigar Köçərlinin ölkəmizə qarşı oynanılan bu oyunda iştirakına təəssüflənirəm. Çünki o, ən azı zahirən mədəni və ziyalı birisi kimi görünür. Təbii ki, bu oyunda əsas qüvvə o özü deyil. Onun arxasında dayanan xüsusi "əl” var. Hesab edirəm ki, Azərbaycan ictimaiyyəti ədəbiyyat vasitəsilə xalqımıza qarşı oynanılan bu bədxah oyunlara qarşı laqeyd qalmamalıdır. Məncə, siyasi fəhmi olanlar laqeyd qalmırlar. Məsələn, Çingiz Abdullayev, Rəşad Məcid və digər yazıçılarımız, məhz yuxarıdakı amillərlə bağlı olaraq münsiflər heyətinin tərkibindən istefa verdilər.
- Bəs Milli Kitab Mükafatı qarşıya qoyduğu məqsədlərinə nail ola bildimi, yoxsa layihə özünü doğrultmadı?
- Hesab edirəm ki, MKM-in ilk hücumu məğlubiyyətlə nəticələndi. Müsabiqənin gedişinə fasilə verilməsi də məhz bunun əlamətidir. Faktiki olaraq, layihə ölkədə ciddi etirazlara səbəb oldu. Bir çox yazarlar müsabiqədən imtina etdi, bir çox yazarlar ictimai səviyyədə neqativ rəy bildirdilər. MKM müəyyən müddət geri çəkildi ki, özünü toparlayıb, növbəti hücuma hazırlaşsın. Hərbi-siyasi dillə desək, Milli Kitab Mükafatı yeni "revanş”a başlayır. Bəlkə də, Nigar xanım öz taktikasında, strategiyasında müəyyən zəruri dəyişikliklər etməli olduğunun fərqinə varıb.
- Uzun fasilədən sonra növbəti Milli Kitab Mükafatının keçirilməsi cəhdinin arxasında nə dayanıb?
- Müsabiqənin müəyyən fasilədən sonra yenidən keçirilməsi iki formada özünü doğrulda bilər. Ya Nigar xanım haqlı tənqid və təzyiqlərdən nəticə çıxararaq, öz mövqeyində müəyyən dəyişikliklər edib və sözün əsl mənasında milli müsabiqə keçirmək niyyətinə düşüb. Ya da əvvəlki uğursuzluqlarından nəticə çıxarıb, bundan sonra daha ehtiyatlı davranmaqla öz planlarını həyata keçirmək qərarındadır. Çox arzu edərdim ki, birinci variant olsun. O zaman Milli Kitab Mükafatını dəstəkləyən birinci adam mən olardım. Birinci variantda Nigar xanıma səmimi qəlbdən uğurlar arzulayıram. İkinci variantda isə təbii ki, onun ən kəskin əleyhdarlarından biri olaraq qalacam. Nə Azərbaycanın özü, nə onun sözü ilə oyun oynamaq olmaz.
- Layihə ilə bağlı əsas narazılıq doğuran məsələlərdən biri münsiflər heyətinin qərəzli və qeyri-obyektiv qiymətləndirməsidir. Bu barədə siz hansı fikirdəsiniz?
- İyirmi beş ildir ki, ədəbi prosesdəyəm, ədəbiyyatda baş verən bütün proseslərdən məlumatlıyam. Həm mənəvi, həm intellektual, həm də yaradıcılıq baxımından kimin kim olduğunu da pis bilmirəm. Milli Kitab Mükafatının onluğuna düşən əksər yazıları oxumuşam. Birinci, ikinci, üçüncü yerin qaliblərini şəxsən tanıyıram. Münsiflər bəzən elə şok nəticələr çıxarır ki, heyrətlənməkdən başqa əlindən heç nə gəlmir. Məsələn, əsərə sırf siyasi prizmadan qiymət verirlər. Hansı əsər müxalif siyasi mövqedə yazılıbsa, onun müəllifini qalib edirlər. Halbuki, bədii mətnin qiymətləndirilməsində siyasi meyar heç bir halda həlledici prinsip ola bilməz. Bunun bir adı var, neobolşevizm, hətta neofaşizm. Çünki yalnız bolşeviklər və faşistlər əsərə siyasi tendensiyasına görə qiymət verirdilər. Milli Kitab Mükafatında məqsədyönlü şəkildə milli dəyərlərimizin əleyhinə olan, vulqar, əxlaqsız ifadələrlə dolu, xalqın etik-mənəvi varlığına qarşı yönələn əsərlərə yüksək qiymət verirlər. MKM-in münsifi üçün ədəbiyyatın əsas göstəricisi olan bədii-estetik meyar həlledici amil deyil. Əslində, bu da təbiidir. Çünki münsif üzvlərinin 80 faizi ədəbi prosesdən kənar, bədii ədəbiyyatdan uzaq adamlardır. Onların əksəri hətta əsərləri oxumur, müəyyən qüvvələrin qalib etmək istədiyi əsərlərə avtomatik olaraq yüksək bal yazırlar. Əgər Nigar xanımın məqsədi Azərbaycan ədəbiyyatının xeyrinə bir addım atmaqdırsa, MKM-də islahatlar aparmalı və bu islahatlara münsif üzvləri siyahısının redaktəsindən başlamalıdır. Nərgiz Cəlilova, Rafiq Əliyev, Cəmil Həsənli, Ayaz Salayev və digərlərinin münsifliyi ilə ədəbiyyat müsabiqəsi keçirmək olmaz.
Şəymən