“Nurgün Motors”un fırıldaqları üzə çıxdı

“Bandotdel” salon rəhbərlərini həbs etdi



Son vaxtlar avtolsalonlarda avtomobil alarkən vətəndaşların aldadılması halları çoxalır. Artıq bununla bağlı aidiyyəti qurumlar hərəkətə keçiblər. Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Bakıda avtomobil satış mərkəzləri və salonlarında gizli əməliyyat keçirib. Əməliyyat nəticəsində 10-dan artıq şəxs tutulub. Məlumata görə, əməliyyata səbəb salonlarda keyfiyyətsiz avtomobillərin satılması, müştərilərin aldadılması ilə bağlı çoxsaylı şikayətlərin edilməsi olub.

Aznews.az-ın yaydığı məlumata görə, şikayətlər əsasən suya düşmüş, istifadəsi təhlükəli olan avtomobillərin və işlənmiş (ikinci əl) avtomobillərin yürüşünün ("probeq”) aşağı salınaraq baha qiymətə satılması ilə bağlı olub.

"Bandotdel” əməkdaşlarının əməliyyatı zamanı Babək prospektində olan bəzi avtomobil satış mərkəzlərində bu fakt təsdiqini tapıb. Məlum olub ki, avtosalonlar dələduzluq yolu ilə insanlardan xeyli pul mənimsəyirlər, onlara maddi ziyan vururlar.

Elə buna görə də "Nurgün Motors”un bəzi salonlarının, eləcə də "Avto Line”, "Avto Qalereya”, "Avto Murad” və digər salonların rəhbərləri, eləcə də bəzi əməkdaşları saxlanılaraq "Bandotdel”ə aparılıb.

Nəqliyyat üzrə ekspert Ərşad Hüseynovun fikrincə, belə əməliyyat bir nəfərin şikayəti əsasında həyata keçirilə bilməz: "Hər hansı istehlakçını satıcı aldatdığına görə polis belə bir əməliyyat keçirmir. Əgər belə bir əməliyyat keçirilibsə, yəqin həmin yerlərdə qanun pozuntuları mütəmadi xarakter alıb. Və yaxud hansısa cinayətin əlamətləri də ola bilər. İstənilən halda burada istehlakçı hüquqları kobud şəkildə pozulub və xoşa gəlməyən bir haldır”.

Ə.Hüseynov vətəndaşları avtomobil alarkən diqqətli olmağa çağırıb: "İkinci əl avtomobilləri alarkən yoxlasınlar. Çünki istismarda olan avtomobillərdə belə problemlər və aldatma halları baş verə bilər. Lakin köhnə avtomobillərin yeni adı ilə Azərbaycanda satılmasına inanmıram. Hətta naşı şəxslərə belə köhnə avtomobilləri yeni adı ilə sata bilməzlər. Gərək o qədər sadəlövh olasan ki, sənə köhnə maşını yeni adı ilə sata bilsinlər”.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev istehlakçıların hüquqlarının qorunması ilə bağlı 1990-cı illərin ortalarından belə bir qanunun qəbul olunduğunu söyləyib: "Müxtəlif dövrlərdə isə sözügedən qanuna dəyişikliklər olunub”.

Lakin ekspertin qənaətincə, bu qanun lazımi səviyyədə işləmir: "Çünki istehlakçıların hüquqları bütün sahələrdə pozulur. Adi mağazadan tutmuş bank sektoruna qədər belə hüquq pozuntularına rast gəlirik. Düzdür, Sənaye və İqtisadiyyat Nazirliyinin tərkibində istehlakçıların hüquqları ilə bağlı müvafiq departament var və insanlar şikayətləri ilə bağlı bura müraciət edirlər. Eyni zamanda QHT formasında Azad İstehlakçılar Birliyi və digər təşkilatlar var. Vətəndaşların aldadılması ilə bağlı mətbuatda məlumatlar getsə də, aidiyyəti dövlət qurumları tərəfindən zəruri tədbirlər həyata keçirilmir. Adıçəkilən şirkət haqqında söylənilənlər doğrudursa, belə aldadılmalar uzun zaman davam edib və niyə indi ortalığa çıxır? Əminəm ki, müraciətlər çox olub, sadəcə qulaqardına vurularaq araşdırılmır”.

Vüqar Şahinoğlu