Nurlan kimi o qədər istedadlı azərbaycanlı balası var...

Ancaq onların sonrakı taleyi ilə maraqlanan olmur, itib batırlar


"Qolos. Deti” şousunun iştirakçısı kimi yadda qalan azərbaycanlı iştirakçı Nurlan İsmayılov Rusiya mətbuatında da maraqlı ifaçı kimi diqqət çəkə bilmişdi. Münsif qismində oturan müğənni Nyuşanın qəlbini həmyerlimiz məhz Polad Bülbüloğlunun "Zəng et” mahnısı ilə fəth edə bilmişdi. N.İsmayılov Rusiyada dünyaya gəlib, onun ailəsi Azərbaycan ənənələrinə riayət edir. Hər il valideynləri onu Azərbaycana gətirirlər. Nurlanın atası İsmayıllı, anası isə Şamaxı rayonundandır.

Nurlan səkkiz yaşından Naberejnı Çelnıda musiqi məktəbində təhsil alır, akademik vokal ilə məşğul olur, fortepianoda çalır və ansamblda oxuyur. Birinci sinifdən karate ilə məşğul olur və yaşıl kəmər alıb, eləcə də üzgüçülük və şahmat ilə maraqlanır. Şouda iştirak etmək qərarı təsadüfi alınıb. Şansını sınayıb və bu onda alınıb. Kastinqdə Polad Bülbüloğlunun "Dolalay” mahnısını oxuyub və seçilən 60 uşaqdan biri olub.

Nurlan İsmayılov özü barədə Rusiya mətbuatına maraqlı açıqlamalar verib: "Polad Bülbüloğlu və Müslüm Maqomayev - kumirlərimdir. Onların mahnılarını sevirəm. Müsabiqəyə bir neçə ay qalmış valideynlərim ilə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluna məktub göndərdim. Məni dinləyib, fikrini bildirməyi xahiş etdik. Polad müəllim razılıq verdi. O, mənə "Nurlan qələbənə inanıram!” yazılmış disk hədiyyə etdi.

Ümumrusiya və beynəlxalq miqyaslı müsabiqələrdə iştirak sahəsində təcrübəyə sahib olsam da, indiyə qədər "Qolos. Deti” miqyasında olan layihələrdə iştirak etməmişdim. Mən, "Volqadan Yeniseyə qədər” Beynəlxalq ifaçılıq sənəti müsabiqəsinin birinci dərəcəli laureatı, "İstedadlar qanadı” beynəlxalq festival-müsabiqənin laureatıyam”,-deyə N.İsmayılov bildirib.

O, "Ustadlara gəldikdə isə onları televizorda deyil, canlı görmək qeyri-adi bir şeydir. "Qolos. Deti” şousunun səhnəsində olanda "Ura, məşhur olacağam! Məni "Birinci” kanalda göstərəcəklər” düşündüm. Bir sözlə, çox sevindim” - deyə sözlərinə əlavə edib.

"Ailəmizdə Azərbaycan ənənələrinə riayət edilir. Müxtəlif müsabiqələrdə də Azərbaycan mədəniyyətini təmsil etməyə çalışıram. Azərbaycan dilində sərbəst danışıram. Hər yay Azərbaycana gedirəm, tətilimi orada keçirirəm. Bu səfərlər mənə çox maraqlıdır”.

Azərbaycanın Nurlan kimi gənc istedadları əslində çoxdur. Sadəcə onların təbliği, tanınması istiqamətində işlər görülməlidir. Əslində istər son illər Türkiyədə, istərsə də Rusiyada keçirilən müxtəlif musiqi yarışmalarında azərbaycanlı iştirakçılarını görmək mümkündür. Maraqlı məqamlardan biri də odur ki, azərbaycanlı iştirakçılar bu kimi müsabiqələrə əksər hallarda böyük marağa səbəb olurlar. Onların ifası diqqət çəkir, münsifləri əksər hallarda təəccübləndirə bilirlər. Rusiyada iştirak edən Nurlan da ilk ifası ilə rus münsiflərini təəccübləndirməyi bacardı. Yaşının az olmasına baxmayaraq, Nurlan Polad Bülbüloğlunun repertuarından və digər klassik estrada musiqilərini ifa etməklə Rusiya publikasının rəğbətini qazana bildi. Məsələ burasındadır ki, bu tip müsabiqələrdə istedad nə qədər önəmli olsa da, burada başqa görünməyən məqamlar da müsabiqənin gedişatına təsirini göstərir. Başqa millətin nümayəndələri ilk pilləni qazana bilsələr də, sonrakı mərhələlərdə onların finala çıxmasına maneələr yaradıla bilər. Hətta qonşu Türkiyədə belə qardaş ölkə olsaq da, azərbaycanlı istedadların finala qədər getməsinə imkan verilmir. Düzdür, "O Səs Türkiyə”nin qalibi olan Elnur istisna sayıla bilər. Amma Elnurun ifası, repertuarı və səs imkanları onun birinci olmasını sığortalayacaq qədər güclü idi. Qalan digər hallarda heç bir azərbaycanlı iştirakçının müsabiqədə finala qədər gəlməsinə imkan verilmir. Eləcə də Nurlanın "Qolos deti” müsabiqəsindən tez uzaqlaşdırılması bunun bir daha sübutu ola bilər. Amma istənilən halda azərbaycanlı istedad öz potensialını Rusiyada nümayiş etdirə bildi. Bəs sonra, nə baş verir? Müsabiqədən sonra belə istedadlıların taleyi necə olur? Bax, bəlkə də əsas məsələ bu suala cavabdan başlayır. Hər bir yarışmanın qalibi bir nəfər olur. Amma önəmlisi Nurlan kimi istedadlı uşaqlarımızı tanımaq və onların sonrakı taleyinə yaxşı mənada təsir etməkdir. Nurlan kimi istedadlı uşaqlarımız üçün Azərbaycan səhnəsində imkanlar yaratmaq vacibdir.

Müxtəlif müsabiqələrdə iştirak edən istedadlarımız barədə Xalq artisti Mübariz Tağıyevlə söhbət etdik. "Şərq”ə açıqlamasında Xalq artisti maraqlı məqamlara toxundu: "Bilirsiz, Azərbaycanda o qədər istedadlı uşaqlar var ki, onlardan inanın xəbərimiz yoxdu. 

"O səs Azərbaycan” müsabiqəsində mən elə səslərin şahidi oldum ki, təəccübümü gizlədə bilmirdim. Özlərinə də deyirdim ki, indiyə qədər siz hardaydız? Amma nə olsun ki? Bəs sonra? Onların sonrakı taleyi necə olur? Axı biz o istedadlıları belə müsabiqələrdə tapsaq da, sonradan onlar üçün lazımi imkanlar yaratmağa maraqlı olmuruq. Nurlan Rusiyada maraqlı ifaları ilə diqqət çəkdi. Amma sonradan onun səhnədə olması üçün nə işlər görülüb? Heç nə. Azərbaycanlı balasına Azərbaycandan bir maraqlı təklif gəlibmi? Kanallarımız belə istedadlı uşaqları efirə təmənnasız çıxarırmı? Təbii ki, istisnalar olur. 

Amma böyük mənada onlara dəstək olmur, ona görə də belə istedadlı uşaqlarımız itib-batırlar. Biz nə qədər musiqimizə laqeyd münasibət göstərməyə davam edəriksə, o qədər bizim istedadlı gənclərimizin dünya musiqi bazarına çıxmasını gözləməyə dəyməz. Mən o uşağın ifasını bir dəfə dinlədim. Pis oxumadı. Polad Bülbüloğlunun repertuarına müraciət etmək özü cəsarət tələb edir. Nurlan bu mənada cəsarətlidir. Amma bununla da iş bitmir. Müsabiqəyə qatılmaq pis deyil, amma bununla ulduz olmağı düşünənlər yanılırlar. Sənət daim çalışmaq, mübarizə aparmaq, axtarmaq, üzərində işləmək, iddialı olmağı tələb edir. Nurlan kimi bilirsiz nə qədər istedadlı uşaqlarımız var, onlar bu laqeydliyimizin içində yoxa çıxır, itirlər. Bir az bu sahədə ciddi işlər görmək, estrada sahəsinə diqqət yetirmək lazımdı”.

Tahirə