O adamlar üçün müqəddəs heç nə yoxdur

“Əvvəlcədən adam oğurluğuna görə həbs olunan biri ilə evlənmək bütün riskləri gözə almaq deməkdir”“Bəzi hallarda qızlar kifayət qədər araşdırma aparıb, təhlil etmədən, məhz emosiyalar çərçivəsində ailə qurmağa cəhd göstərirlər”
Toyundan bir həftə sonra əri tərəfindən Rusiyada qətlə yetirilən 23 yaşlı Gülnarə Həbibovanın işində yeni məqamlar ortaya çıxıb. Gülnarənin 34 yaşlı əri Samir Həbibov ifadəsində cinayəti törətdiyini etiraf etməsinə və meyiti polisə təslim etməsinə baxmayaraq, həbs olunmayıb.
Belə ki, Həbibovanın yaxınları onun evində olduğunu bildiriblər. Həbs olunmaq üçün məhkəməyə çıxarılsa da, Samirin vəkili onun 3 milyon rubl girov müqabilində azad olunmasını təklif edib və məhkəmə güzəştə gedib. Məhkəmə zalında daha bir fakt məlum olub. Bir neçə il əvvəl Samir adam oğurluğu və qarşılığında pul tələb etməyə görə 3 il həbs olunubmuş. Ailə isə bu həbsdən əvvəlcədən xəbərdar imiş.
Gülnar Vəliyevanın atası Şücaət Vəliyev azvision.az-a açıqlamasında Samir Həbibovun pul müqabilində azadlığa çıxdığını təsdiqləyib: "Qızımın yasını verdikdən sonra Sankt-Peterburqa qayıdacağam. Onlar pullarına güvənirlər. Samiri pul verib, azadlığa buraxdırıblar. Biz də bu məsələni belə qoymayacağıq. Lazım olsa, bütün instansiyalara müraciət edəcəyik. Qızımın qatili azadlıqda olmamalıdır. Onlar pullarına arxalanırlarsa, biz də Allahımıza güvənirik”.
G.Vəliyevanın atası qızının Samirlə ailə qurmasına öncədən razı olmadığını deyib: "Oğlanın atası Şakir bizə beş dəfə elçi gəlib. Biz qızımızı vermək istəmirdik, onlar da əl çəkmirdilər. Şakir qızı alanda bizə vədlər vermişdi. Biz də onlara inanıb, toya razılıq verdik. İndi tək istəyim, qızımın qatilinin cəzalandırılmasıdır. Şakir hadisədən sonra üç dəfə mənə zəng etdi. O, yas mərasiminin keçirilməsi üçün mənə pul təklif etdi. Mənə qızım lazımdır, pul yox. Mən qızımı, namusumu pulla satmaram. Onlara çatdırdım ki, mənə onların pulları lazım deyil. Məqsədimiz qatilin cəzalandırılmasıdır. Samir qudurğan insandır. Elə bilir ki, pulu var, bütün dünya onundur”.
"Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovanın sözlərinə görə, bəzən lüks həyat arzulayan qadınlar qarşısındakının insani keyfiyyətlərinə önəm vermədən gələcəklərini məhv edirlər: 
"Ailəsinin açıqlamalarından da belə başa düşdüm ki, qız həmin oğlana öz istəyi ilə gedib. Çox təəssüf ki, bəzi hallarda valideynlər övladlarının seçiminə qarşı çıxa bilmir və sonda da bu cür acı nəticələr doğur. Görünür, oğlanın maddi imkanı yaxşı olduğundan qız onun əvvəllər adam oğurluğuna və qarşılığında pul tələb etməyə görə 3 il həbs cəzası aldığına belə əhəmiyyət verməyib. Normal yaşamaq və maddi təminat, təhsilini davam etdirmək icazəsi oğlan haqqında onda müsbət rəy formalaşdırıb. Bəzi hallarda qızlar kifayət qədər araşdırma aparıb, təhlil etmədən, məhz emosiyalar çərçivəsində ailə qurmağa cəhd göstərirlər. Hansı ki, əvvəlcədən valideynlə övlad arasında bu istiqamətdə ciddi söhbət aparılmalı və evlilikdən sonra yarana biləcək fəsadlar müəyyən olunmalıdır”.
M.Zeynalovanın sözlərinə görə, əvvəlcədən adam oğurluğuna görə həbs olunan biri ilə evlənmək bütün riskləri gözə almaq deməkdir: "Adam oğurluğu o deməkdir ki, bu adam üçün heç bir dəyər sistemi yoxdur. Qonşu ilə dalaşan zaman emosional hisslərə qapılaraq cinayət törətməsini müəyyən mənada anlamaq olar. Amma adam oğurluğu, insan alveri, narkotik ticarəti kimi cinayətləri törədən adamlar üçün müqəddəs heç nə yoxdur. Onlar üçün ancaq maddi maraqlar prioritet təşkil edir. Həmin adamın külli miqdarda pul verərək azadlığa çıxması da onu göstərir ki, bu adam istənilən cinayəti pulla həll etməyə qadirdir. Bu o demək deyil ki, həmin şəxs cəzasız qalacaq. Əlbəttə, istintaq yekunlaşdıqdan sonra o, azadlıqdan məhrum ediləcək. Rusiyanın hüquq-mühafizə və məhkəmə orqanlarının nə dərəcədə korrupsiyalaşmasından xəbərsizəm. Amma istənilən halda bu adam cinayətkardır və ödənişlə onun öz cinayətini ört-basdır eləməsinə imkan verilməməlidir. Bu adam faktiki olaraq gənc bir xanımın həyatını məhv edib. Adekvat cəzasını da çəkməlidir”.
İndiki situasiyada prosesə Azərbaycan hökumətinin müdaxiləsinin mümkünsüz olduğunu vurğulayan ekspert deyib ki, təqsirləndirilən şəxs Rusiya vətəndaşı olduğu üçün bu qətl artıq Rusiyanın daxili işi hesab olunur: "Ancaq sonrakı mərhələdə qohumlarının müraciəti ilə o, cəzasını Azərbaycanda çəkə bilər. İndiki halda işə obyektiv baxılması, onun ən ağır şəkildə cəzalandırılması istiqamətində Azərbaycanın təsir inkanları məhduddur”.
Konkret qətl hadisəsinə gəldikdə isə M.Zeynalova hadisənin təsadüfdən və ya bilərəkdən törədilməsinin bəlli olmadığını deyib: "Evlilikdə psixoloji bir baryer var ki, ən azı 6 ay müddətində cütlüklər biri-biri ilə mehriban davranır. Sevib-sevməməsindən asılı olmayaraq bu müddət ərzində insanlar arasında qarşılıqlı hörmət hissi mövcud olur. Artıq 6 aydan sonra bütün gərginliklər, fikir ayrılıqları yavaş-yavaş özünü büruzə verir”.
Şəymən