O hərəkətlər dinə ziddir

Öz qanını tökənlər müsəlman deyillər və Quranın düşmənləridir



Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Səbail Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Dini mərasimlər: ənənəvilik və müasirlik" mövzusunda seminar-müşavirə keçirilib. Tədbirdə bildirilib ki, əhalinin 96 faizi müsəlman olan respublikamızda iki mindən çox məscid var və islami dəyərlər dövlətin hər zaman təminatı altındadır.

Din dövlətdən ayrı olsa da, dövlətimiz daim dinə, dini ibadət yerlərinə - məscidlərə, ziyarətgahlara xüsusi diqqət yetirir, yeni məscidlər tikir, bərpa və təmir olunur. Vurğulanıb ki, Azərbaycanda dini məsələlər qanunlarla tənzimlənir. Ölkədə tolerantlıq mühiti mövcuddur və bütün dinlərə eyni münasibətlə yanaşılır: 

"Məhərrəm ayında keçirilən bütün tədbirlər, o cümlədən Aşura mərasimləri yalnız Qafqaz Müsəlmanları İdarəsinin fətvası əsasında keçirilməlidir. Vətəndaşlarımız qanundankənar hərəkətlərə yol verməməli, bütün tədbirlər məscidlərin içərisində olmalı, kənar atributlar məscidlərə gətirilməməlidir". Çıxış edən din xadimləri də Aşura günü ilə bağlı müsəlmanlara xəbərdarlıq edərək, müəyyən tövsiyələr veriblər. İnsanlar Aşura günü qanvermə aksiyasına dəvət olunublar.

"Altay" Sosial Araşdırmalar Mərkəzinin rəhbəri, "Azadinform" informasiya agentliyinin redaktoru Elçin Bayramlı deyib ki, uzun illərdir maarifləndirici təbliğat aparılır. Təbliğat tam olmasa da, müəyyən mənada nəticə verib:

 "Getdikcə daha çox adam başa düşür ki, belə hallar nə islamda, nə də Quranda var. Aşura günü edilənlər din deyil, mövhumatdır. Əsl müsəlman Quranda qeyd olunan şərtlərə əməl etməli, sonradan uydurulmuş adətlərə bel bağlamamalıdır. Son illərdə Məhərrəm ayında qanvermə aksiyası təşkil olunur ki, bu da çox təqdirəlayiqdir. Allaha xoş gedən əməl budur, başını-gözünü yarıb, qanını tökmək pis əməllərdir. Bunu edənlər müsəlman olmadıqlarını açıq nümayiş etdirirlər. Quranda belə tələb yoxdur, əksinə, özünə zərər vermək günah sayılır. Digər tərəfdən, bilirik ki, imamlar Allah yolunda şəhid olublar və Allahın dərgahına gediblər. Buna təəssüflənmək günahdır. İslamda şəhidlikdən üstün mərtəbə yoxdur".

Ekspertə görə, bəzi qüvvələrin burada siyasi maraqları var və onlar müsəlmanların cəhalət içində qalmasını istəyirlər: 

"QMİ bununla bağlı sərt tədbirlər görməlidir. İdarənin borcu Qurana zidd olan əməllərin qarşısını almaqdır. Quranla təsdiq edilməyən bütün hərəkətlər dinə zidd və günahdır. Ona görə də bu cür hərəkətləri edənləri müsəlmanlar özləri kənarlaşdırmalıdır. Öz qanını tökənlər faktiki müsəlman deyillər və Quranın düşmənləridir. O ki qaldı uşaqların belə qanlı mərasimlərə cəlb edilməsinə, bunun qarşısı hüquq-mühafizə orqanları tərəfindən sərt şəkildə alınmalıdır. Belə hallara biganə yanaşmaq olmaz".

İsmayıl