O kişi belə alçaldılmamalı idi

Xəyanətin cəzası zorakılıq deyil
Ekspertlər əmisi gəlini ilə sevgili olan şəxsin soyundurularaq cəzalandırılmasına fərqli yanaşırlar


Azərbaycanda daha bir namus davası sosial şəbəkələrin gündəmini zəbt edib.
Şəmkir rayonunun Seyfəli kənd sakini Həsənov Elşad Yusif oğlu əmisi oğlanları tərəfindən döyülərək təhqir edilib. Döyülməyə səbəb isə E.Həsənovun əmisi oğlunun arvadına sataşması olub. Hadisədən xəbər tutan Ə.Həsənov qardaşları Asiman Həsənov və Ruslanla birlikdə rayonun Çaylı kəndindən Yeni Həyat kəndi istiqamətində olan avtomobil yolunda E.Həsənovun idarə etdiyi avtomobili saxlatdıraraq onu avtomobildən düşürüblər.

Daha sonra qardaşlar E.Həsənovu döyərək əynindəki paltarları soyundurub onu videoya çəkiblər və Seyfəli kəndində küçədə düşürüblər.

E.Həsənovun müraciətindən sonra faktla bağlı Şəmkir rayon polis şöbəsində Cinayət Məcəlləsinin 133.2.3-cü (işgəncə, mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən törədildikdə) maddəsilə cinayət işi başlanıb.

Hazırda hadisəni törədən şəxslərin tutulması istiqamətində əməliyyat-istintaq tədbirləri keçirilir.
Qeyd edək ki, bu, ilk fakt deyil. Bir müddət əvvəl də Qubada əmisi oğlunun arvadını qaçıran şəxsi linç edərək öldürmüşdülər.

Psixoloq Azad İsazadənin "Şərq”ə açıqlamasına görə, hüquqi baxımdan qanunsuzluq olduğu üçün bu cür əməllərə haqq qazandırmaq düzgün deyil. Hər kəs elədiyi səhvə görə qanun çərçivəsində cəzalandırılmalıdır: 

"Amma biz xəyanətə uğrayan insanın ruh halını, yaşadığı stresi gözardı edə bilmərik. Bu halı yaşayan insanlar affekt vəziyyətinə düşür və yaşadığı hadisəyə daha kəskin reaksiyalar verir. Affekt vəziyyətə düşən insan həddindən artıq aqressiv olur və qeyri-adekvat addımlar atır. Özlüyündə bunun üçün haqlı səbəbləri də var. Təbii ki, peşəkar olaraq yanaşanda, bu, çıxış yolu deyil. Amma Qafqaz, cənub-şərq ölkələri xəyanət kimi hallara çox sərt reaksiya verir, qarşı tərəfi ilə qanun çərçivəsində yox, məsələni dədə-baba qaydası ilə həll etməyə çalışır. Eləsi var bir saatdan sonra öz əməlindən peşman olur, bəzən isə "əcəb eləmişəm” deyib tüpürdüyünü yalamaq istəmir”.

Qeyd edək ki, başqasının namusuna göz dikən, həyat yoldaşını yoldan çıxaran şəxslərin bu cür cəzalandırılmasının lehinə olub, digərlərinin bundan nəticə çıxaracağını zənn edən insanlar da var.
A.İsazadə isə hesab edir ki, xəyanət hər dövr üçün aktual olub. Qanunlardan əvvəl də, sonra da insanlar doğmaları, sevdikləri tərəfindən xəyanətə uğrayıb. İndinin özündə də bəzi ölkələrdə xəyanətkarları daş-qalaq edirlər. Təbii ki, bu, xəyanətə qarşı profilaktika deyil. Daş-qalaqla, insanların gözü qarşısında alçatmaqla xəyanətin qarşısını almaq olmur. Əks halda, bu cür xoşagəlməz hadisələr qədim dövrlərdən günümüzə qədər gəlib çıxmazdı.

Konkret hadisə barəsində məlumatlı olmadığını vurğulayan Sosioloq Elçin Bayramlı prinsipial olaraq bu tip xəbərləri oxumadığını deyib: "Lakin faktdır ki, son vaxtlar qadınların xəyanət faktlarının sayı kəskin artıb. Ailə institutu dağılıb gedir. Boşanmalar yüksək səviyyəyə çatıb. Hər 3 ailədən 1-i boşanır. Burada son vaxtlar qərb mədəniyyətinin təsiri faktı və qadın azadlığı altında özbaşınalıq halları böyük rol oynayır. Bu vəziyyətin yaranmasının günahının azı 90 faizi özəl televiziyalarla, daha doğrusu, onların seriallar, şoular, reklamlar və s. teleistehsallarla apardığı təbliğatla bağlıdır. Bir də internet resursların, sosial şəbəkələrin ciddi təsiri var. 

Heç də hamı bu qlobal mənəvi terrora müqavimət göstərəcək gücdə deyil. Azərbaycan ailəsinin xarakteri, mənəvi-psixoloji vəziyyəti, əxlaqi kriteriyaları tamam başqadır. Bura fransız, ya da ərəb cəmiyyəti deyil. Bizim mənəvi dəyərlərimiz böyük təsirini hələ ki, saxlayır. Namus məsələsi həyati dərəcədə əhəmiyyət daşıyır. Xəyanət faktına görə qətli normal saymıram. Lakin sərt cəzaların olması qaçılmazdır. Əks halda əxlaqsızlıq baş alıb gedər. Belə hallar başqalarına da dərs olur və çəkindirir”.

E.Bayramlının fikrincə, qanunlarımız bu məsələdə xeyli yumşaldılıb, ona görə də insanlar yazılmış qanunları kənara atıb məsələni yazılmamış qanunlarla həll edirlər: 

"Mənim onları qınamaq fikrim də yoxdur. Namus ləkələmə, xəyanət çox ağırdır, bunu bağışlamaq olmaz. Qadın əgər fahişəlik eləmək istəyirsə, əvvəl boşansın, sonra gedib rahatca pozğunluğunu eləsin. 

Hansısa hörməti, ləyaqəti olan bir kişini öz əxlaqsızlığı ilə sındırmaq, ona ağır mənəvi-psixoloji zərbə vurmaq, insanlara inamını sarsıtmaq ən ağır cinayətdir. Və bu cinayət adekvat cəzasını almalıdır. Biz ikisindən birini seçməliyik, ya ailə institutumuz, əxlaqi dəyərlərimiz tamam məhv olacaq, ya da belə olmalıdır. Bu ağır dilemma qarşısında cəmiyyət konkret seçimini etməlidir. Mənə görə, milli-mənəvi dəyərlərimiz, əxlaqi kriteriyalarımız dünyadakı, həyatdakı hər şeydən üstündür. Əxlaq, mənəviyyat paltar deyil dəbdən düşsün, dəyişsin və s. İstəyir 31-ci əsr olsun, istəyir 51-ci əsr - bu kriteriyalar dəyişməməlidir, dəyişə bilməz. Dəyişərsə, insan cəmiyyəti heyvan cəmiyyətindən də aşağı səviyyəyə düşər”.

Şəymən