“O pulları rektor tək yeməyib”

Məhərrəm Zülfüqarlı: “Tələbələri əliboş, diplomsuz yola salmaq haqsız qərardır”



Bir müddətdir ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin tələbələri ilə bağlı məsələyə aydınlıq gətirilib.

Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov bildirib ki, ABU-da bu və ya digər səbəbdən təhsilləri yarımçıq saxlanılmış tələbələrin attestatlarının qaytarılmasına başlanılır. Onun sözlərinə görə, ilkin mərhələdə 5000 tələbənin attestatı qaytarılacaq: "Vətəndaşlar gələn həftənin birinci günündən bununla əlaqədar nazirliyə müraciət edə bilərlər”.

Məlumat üçün bildirək ki,, sözügedən ali təhsil ocağının rektoru Elşad Abdullayev olub. Müəssisənin fəaliyyətinə xitam verildikən sonra o, ölkəni tərk edib.

Məsələni dəyərləndirən tarix elmləri üzrə fəlsəfə doktoru, təhsil eksperti Məhərrəm Zülfüqarlı "Şərq”ə açıqlamasında qeyd edib ki, bu, doğru addım deyil: "Onlar III-IV kursa çatıbsa, buna şərait yaradan insanlar olub. Bu prosesdə yalnız Elşad Abdullayevi deyil, orada çalışan digər müəllimləri qınamaq lazımdır. Çünki o pulları rektor tək yeməyib. Ayrı-ayrı müəllimlər də bundan bəhrələnib. İndi də müxtəlif yerlərdə çalışırlar. O adamlara sual vermək lazımdır ki, necə oldu ki, bunlar III-IV kursa qədər gəldilər. Bu reallıqlar fonunda hesab edirəm ki, qeyd olunan tələbələri əliboş, diplomsuz yola salmaq haqsız qərardır. O universitetin dekanları, kafedra müdirləri və prorektorlar bu suala cavab verməlidirlər”.

Ekspert onu da diqqətə çatdırıb ki, ən azından həmin tələbələrin ödədikləri vəsaitlər qaytarılmalıdır: "Onlar neçə il vaxt sərf ediblər. Vaxtları gedib. O tələbələrin valideynləri əziyyət çəkib, pul köçürüblər. İndi də övladları bir sənəd sahibi deyillər. Əlbəttə, çox xoşagəlməz haldır. Ciddi araşdırma aparmaq lazımdır. Tələbələrin haqqı bərpa olunmalıdır”.

M.Zülfüqarlının qənaətincə, sözügedən tələbələr məsələyə dair Təhsil Nazirliyi və digər əlaqədar qurumlara müraciət etməlidirlər: "Haqları pozulub. Buna şərait yaradanlar cəzalanmalıdır. Tələbələr bütün yuxarı instansiyalara müraciət edə bilərlər”.

Ayyət Əhməd