O qadın yalan danışır

“Xanım əvvəllər 230 manat sosial müavinət alırdı, lakin indi bizə şərt qoyur ki, 250 manat verilsin”



Bakı sakini və yeddi uşaq anası olan Səbinə Muradova sosial müavinət ala bilmədiyini söyləyir. S.Muradova əvvəllər çoxuşaqlı ailə olduğu üçün 230 manat məbləğində müavinət alsa da, son 4 aydır ki, bundan məhrum olub.

Şikayətini ANS TV-yə danışan və Suraxanı rayonu, Zığ bağlarında məskunlaşan S.Muradovaya aidiyyəti üzrə Sosial Müdafiə Mərkəzindən bildirilib ki, Xətai rayonunda qeydiyyatda olduğu üçün sənədlərilə birlikdə ora müraciət etməlidir. O da lazımi sənədləri toplayıb Xətai SMM-ə
təqdim edib. Amma orada bildiriblər ki, sənədlər araşdırılana qədər edilən yardım dayandırılacaq. Lakin 4 ay keçsə də, onlara hələ bir məlumat verilməyib.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Elman Babayev "Şərq”ə açıqlamasında deyib ki, həmin qadın yalan danışır: "Xanım söylədiyi kimi 4 ay öncə deyil, aprel ayının 16-da müraciət edib. Hazırda sənədlərinin yoxlanılması prosesi gedir. Çünki xanım əvvəllər 230 manat sosial müavinət alırdı, lakin indi bizə şərt qoyur ki, 250 manat verilsin. Əgər yoxlamalar nəticəsində bu məbləğ ona düşürsə veriləcək, yox düşmürsə, elə 230 manat veriləcək”.
E.Babayev sonradan müraciətin Xətai rayonuna edilməsinə də aydınlıq gətirib: "Sadəcə sənədlərini qeydiyyatda olduğu Xətai rayonu üzrə təqdim etmək tövsiyə olunub”.

Vüqar Şahinoğlu