Moskvada keçirilən paradda Azərbaycanın iştirakı təəccüblü deyil
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Moskvada "Qələbə günü”nün 70 illiyi münasibətilə keçirilən paradda iştirak edib. Hərbi parada Azərbaycan Silahlı Qüvvələrinin 70 nəfər hərbi qulluqçusu da qatılıb. Xatırladaq ki, ABŞ, Böyük Britaniya, Kanada, Yaponiya, İsrail və Fransa prezidentləri "Qələbə” törənlərində iştirak etməyiblər.
Türkiyə prezidenti Ərdoğan da paradda olmayıb. Bəs görəsən, Azərbaycanın "Qələbə” törənlərində iştirak etməsinə ölkə ictimaiyyətinin münasibəti necədir?
Məsələni dəyərləndirən "Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu bildirib ki, məsələyə birmənalı yanaşmaq mümkün deyil. 9 may İkinci Dünya Müharibəsində qələbə çalmış xalqların hər birinin qələbəsidir: "Bu törəndə iştirak etmək bütün xalqlar üçün vacibdir, o cümlədən, Azərbaycan üçün. Azərbaycandan minlərlə insan bu savaşda iştirak edib, onların yarıdan çoxu həlak olub. Bu baxımdan, belə bir tədbirdə iştirak etmək normal qarşılanmalıdır. Ancaq nəzərə alaq ki, Rusiya hakimiyyəti əslində, bu paradı güc nümayiş etdirmək məqsədilə təşkil etdi. Paradda yeni hərbi texnikanın nümayiş etdirilməsi, dünya mətbuatında bunun işıqlandırılması və s. indiki Qərb-Rusiya münasibətlərinə öz neqativ təsirini göstərdi. Sadəcə olaraq, həmin qələbənin əldə olunmasında iştirak etmiş və SSRİ-nin müttəfiqi olmuş bir sıra dövlətlər parada qatılmağı boykot etdilər. Təbii ki, bu, tam şəkildə boykot olmadı. Onlar diplomatik nümayəndələr vasitəsilə törəndə təmsil olundular. Ancaq hər halda Rusiyanın güc nümayiş etdirmək cəhdi böyük miqyasda baş tutmadı”.
Azərbaycana gəldikdə isə, Ə.Oruclu deyib ki, bu paradda iştirak etmək qərarı siyasi xarakter daşıyır: "Digər tərəfdən isə bu, həm də mənəvi məsələdir. Burada seçim etmək çox çətindir. Rusiyanı qıcıqlandırmamaq, onunla münaqişəyə getməmək rəsmi Bakının tutduğu siyasi xəttin davamıdır”.
Millət vəkili Rasim Musabəyov da bildirib ki, qələbənin qazanılmasında Azərbaycanın payı böyükdür və bu baxımdan, paradda iştirak qərarı verilməsində təəccüblü heç nə yoxdur: "Türkiyə bu məsələdə fərqli mövqe nümayiş etdirdi. Putinin qondarma erməni soyqırımı tədbirlərinə qatılmasına cavab olaraq, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Moskvaya getməkdən imtina etdi. Lakin Azərbaycanın durumu başqadır. Biz bu müharibədə iştirak etmişik və Azərbaycan əsgərlərinin oradakı paraddan keçməsində mən elə də böyük bir qəbahət görmürəm. Bu, heç də o demək deyil ki, biz öz siyasətimizi Moskvanın istəklərinə uyğun həyata keçiririk. Konkret məsələlərdə Azərbaycan öz mövqeyində kifayət qədər düşünülmüş siyasi xətt aparır və Moskvanın istəyi ilə oturub-durmur”. Moskvanın bu paradla dünyaya güc nümayiş etdirməsinə gəlincə, millət vəkili deyib ki, bu, sadəcə daxili auditoriyaya hesablanmış addımdır: "Nə güc nümayişi? Kimə göstərir o gücü? Fikrimcə, Putin bu gücü daha çox öz vətəndaşlarına göstərir. Dünya çoxdan bilir ki, Rusiyanın gücü nə qədərdir, nəyə qadirdir. Onlar sadəcə, özlərini aldadırlar. Qərb ölkələrinin parada qatılmamasına gəlincə, burada məsələ bəllidir. Qərb dövlətlərinin Rusiya ilə hansı münasibətdə olduğu hər kəsə məlumdur. Onlar Rusiyanın hərəkətlərinə göz yummaq istəmirlər. Azərbaycan isə bu müharibədə bilavasitə iştirak edib. Qələbənin qazanılmasında bizim də rolumuz az olmayıb. Bu, vaxtilə SSRİ-nin tərkibinə daxil olan ölkələrin ümumi bir bayramıdır. Azərbaycanın bu paradda iştirakını siyasiləşdirməyə ehtiyac yoxdur”.
İsmayıl