Tahir Kərimli:"Ən azından həmin yaşlı insanları münasib işlərə cəlb etməliyik. Ona görə, işəgötürənlərin də üzərinə böyük məsuliyyət düşür”Elməddin Muradlı: " Əslində sosial şəbəkələrdə həmin şəkil yayılmasa idi, heç kim qadının kommunal-təsərrüfat işçisi olduğunu bilməyəcəkdi"
Ötənlərdə Heydər Əliyev prospektində, Sabunçu körpüsünün üzərində yolu süpürən Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Departamentinin fəhləsi 53 yaşlı Cəmilə Salahovanı "Kamaz” vurub. Sürət həddinin saatda 120 kilometr müəyyən edildiyi və hərəkətin kifayət qədər intensiv olduğu yolda vurulan C.Salahova hadisə yerində dünyasını dəyişib. Hadisəni törədən 1982-ci il təvəllüdlü Musayev Zaur Komissar oğlu olay yerindən qaçsa da, sonradan hüquq- mühafizə orqanları onu yaxalaya bilib.
Qeyd edək ki, C.Salahovanın fotosu sosial şəbəkələrdə yayıldıqdan sonra bu hadisə ciddi müzakirələrə səbəb olub. Əksəriyyət Avropa ölkələrində olduğu kimi Azərbaycanda da küçələrin təmizlənməsi üçün texnikalardan istifadə etməyi təklif edib. Bundan başqa bəzi istifadəçilər belə sayağ işlərə yaşlıların deyil, məhz gənclərin cəlb olunması və yolların təmizlənməsinin səhər saatlarında həyata keçirilməsi təşəbbüsü ilə çıxış ediblər.
Hadisə barədə "Sherg.az”a danışan millət vəkili Tahir Kərimli də deyib ki, aidiyyəti orqanlar təmizlik işlərini hərəkətin minimum həddə olduğu saatlarda həyata keçirməlidir.
Deputat vurğulayıb ki, həmin kommunal-təsərrüfat işçilərinin təhlükəsizliyi yüksək səviyyədə təşkil olunmalıdır:
"Hərəkətin intensiv olduğu yollarda mütləq nəzarət olmalıdır. Çox zaman piyadaların vurulması hallarında sürücülərin də günahı olur. Nədənsə, bunu görməzlikdən gəlirik, piyadaları təqsirləndiririk. Qanunvericilikdə konkret yaş həddi yoxdur. Əmək qabiliyyəti olan şəxslər çalışa bilər. Amma yaşlı qadınların küçə süpürməsi münasib bilinməməlidir. Bir epizodu xatırladım: Gənc yaşlarımda Ağsu şəhər 1 nömrəli məktəbdə işləyirdim. Həmin məktəbdə yaşlı qadın süpürgəçi kimi çalışırdı. O qədər yaşlı və zəif idi ki, vedrələri ikinci mərtəbəyə qaldıra bilmirdi. İnanın, həqiqətən xəcalət çəkirdim, hər gün o yaşlı qadına kömək edirdim ki, işdən qovulmasın.
Çünki onun kimi yaşlı insanlar ehtiyacı olduğu üçün işləyir. Amma təhlükəli yerlərdə, küçələrdə, maşınların şütüdüyü magistrallarda yaşlı insanların ağır işlərə cəlb olunması onların həyatı bahasına başa gələ bilir. İnsanlar sosial çətinliklər ucbatından belə ağır işlərdə işləyirlər. Bu baxımdan xalqımız üçün daha yaxşı güzəran yaratmalı, təqaüd məsələsini qabartmalıyıq. Ən azından həmin yaşlı insanları münasib işlərə cəlb etməliyik. Ona görə, işəgötürənlərin də üzərinə böyük məsuliyyət düşür”.
Avtosfer.az saytının baş redaktoru, nəqliyyat eksperti Elməddin Muradlı isə hesab edir ki, Azərbaycanda kommunal-təsərrüfat işi çox bərbad vəziyyətdədir. Onun sözlərinə görə, yaranmış vəziyyət Bakı şəhər və rayon icra hakimiyyətlərinin qeyri-ciddi yanaşmasının nəticəsidir:"Bu səlahiyyətlər əslində bələdiyyələrdə olmalıdır. Amma icra hakimiyyətləri bunu əllərindən vermək istəmir. Kommunal-təsərrüfat işlərini bələdiyyələrə vermək, sistemli şəkildə təşkil etmək lazımdır. Həmin yaşlı insanlar ehtiyacı olduğuna görə, küçə süpürməyə məcbur olurlar. Bu işlər ağır olsa da, maaşı yüksək deyil, cəmi 150-200 manat təşkil edir. Bəzən cavan, gümrah insanlar da bu işlə məşğul olurlar, lakin əksəriyyət yenə yaşlılardır”.
Sürücülərin də kobud şəkildə qayda pozduğunu diqqətə çatdıran E. Muradlı sözügedən hadisənin gündüz baş verdiyini xatırladıb. O deyib ki, günün günorta çağı "Kamaz” sürücüsü həmin qadını görməyə bilməz:
"Qadının əynində işıq qaytarıcı elementləri olan "jilet" də olub. İşin təsirli tərəfi budur ki, belə hadisələrdə vəzifəli şəxs məsuliyyət daşıyır. Olmazmı ki, yolun hər istiqamətini başqa-başqa işçilər süpürsün və həmin qadın da yolu keçmək məcburiyyətində qalmasın?
Nazirliyin yaydığı rəsmi məlumatda süpürgəçi qadın piyada kimi təqdim olunur. Əslində sosial şəbəkələrdə həmin şəkil yayılmasa idi, heç kim qadının kommunal-təsərrüfat işçisi olduğunu bilməyəcəkdi. Belə hadisələr hətta ayda bir neçə dəfə baş verir. Həmin işçiləri vuran sürücülərin çoxu isə hadisə yerindən qaçır. Əksərən hadisələr qaranlıq saatlarda baş verdiyindən sürücüləri tapmaq çətin olur və hətta onlar məsuliyyətdən yayına bilir.
Kommunal təsərrüfat işçilərinin, həmin yaşlıların əksəriyyətini dindirsək, bəlkə də əsgər anasıdır, evində bir-neçə uşağa baxır, çörəkpulu qazanmağa məcbur olur. O yaşda insanlar səhər saat 5-də evində olmalıdır, küçə süpürməli deyil”.
Ekspert onu da əlavə edib ki, sosial şəbəkələrdə ölən qadının fotosu yayılandan sonra, xaricdə yaşayan azərbaycanlılar da reaksiya verdilər:
"Əksər ölkələrdə bu işə cavan kadrlar – oğlanlar cəlb olunur. Bundan utanmaq, çəkinmək lazım deyil. Bu da bir peşədir, yollarda işləyir, onlar yüksək məvacibini alır. Sovet dövründə xüsusi qurğularla yolları təmizləyirdilər, yay vaxtlarında isə yuyurdular. Sovet dövründə hamımızın gördüyü bu mexanizm XXI əsrdə tapılmırmı? Sadəcə, asfalt indi o qədər keyfiyyətsizdir ki, qorxudan su vurmurlar ki, dağılacaq. Sakinlər, sürücülər həddindən çox küçələri çirkləndirir, siqaret kötüklərini, sellofanları, su şüşələrini küçələrə atır, yaşlı qadınlar isə təmizləyir. Küçələrimizi təmiz saxlaya bilmiriksə, təhlükəli yerlərdə daha çevik insanları çalışdırmalıyıq ki, qəzaların qarşısını qismən də olsa alaq”.
Qeyd edək ki, Bakı şəhər prokurorluğu və şəhər Baş Polis İdarəsi süpürgəçinin öldüyü hadisə ilə bağlı məlumat yayıb. "Sherg.az"a daxil olan birgə məlumatda bildirilir ki, martın 27-də saat 18 radələrində 1982-ci il təvəllüdlü Musayev Zaur Komissar oğlu etibarnamə olmadan idarə etdiyi 60-ZA-135 dövlət qeydiyyat nişanlı qoşqusu olan "Kamaz” markalı, 60-BX-765 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə paytaxtın Sabunçu rayonu ərazisində hərəkətdə olarkən qoşqunun arxa dəmir qapısı açılaraq yolun sağ tərəfində təmizlik işləri aparan 1965-ci il təvəllüdlü Bakı şəhər sakini Salahova Cəmilə İsmayıl qızına dəyib. Nəticədə qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə müvafiq ekspertizalar təyin edilib, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Aysel Aslan