Ödəmə terminallarında qarət halları çoxalıb

Şəmsəddin Əliyev: “Bunun arxasında müəyyən pərdəarxası məqamlar da ola bilər”
Natiq Cəfərli: “Elə etmək olar ki, “Pay Point”lərin çıxarılması, açılması mümkünsüz olsun”



Son vaxtlar paytaxt küçələrində qoyulan ödəmə terminallarının tez-tez qarət edilməsi barədə informasiyalar yayılır. Nəticədə pulun oğurlanması ilə yanaşı, həm də sözügedən terminal sıradan çıxır.

Bununla bağlı dəfələrlə müvafiq tədbirlər görülsə də, görünən odur ki, hələ də sözügedən məsələ ilə bağlı xoşagəlməz hallar təkrarlanır. Bu da, istər-istəməz, həmin terminalların təhlükəsizliyini gündəmə gətirir.

Bir neçə gün əvvəl paytaxtın Yasamal rayonu ərazisində”Milli Ön” ödəmə terminalından 2290 manat oğurlamış Bakı şəhər sakinləri Rəşad Məlikov, Amid Əliyev, Nahid Bağıyev və Elmar Məmmədov DİN Növbətçi Hissələri Şəhər Xidməti və Yasamal RPİ 29-cu PB əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulublar.

Qeyd edək ki, terminallarda təhlükəsizlik kamerası olmasa belə, bunlara şirkətin mühafizə xidməti tərəfindən nəzarət edilir. Hətta hansı ərazidə ödəmə terminalına müdaxilə edilir, onun ünvanı da dərhal bilinir. Bəzi şirkətlər baş verə biləcək qarət hallarından sığortalanmaq üçün müəyyən miqdarda məbləğ yığılan kimi terminaldakı pulu inkasator vasitəsilə götürür.

Bütövlükdə, ekspertlər ödəmə terminallarının effektiv mühafizə yollarını nədə görür?

"Polisə Dəstək” İctimai Birliyinin rəhbəri Şəmsəddin Əliyevin sözlərinə görə, ödəmə terminallarını qarətdən qorumaq üçün bu qurğuları əsasən ictimai yerlərdə quraşdırmaq lazımdır: "Əhalinin sıx olduğu yerlərdə adətən müşahidə kameraları çox olur. Bu da, istər-istəməz, bu işlə məşğul olan şəxsləri çəkindirir. Təsadüfi deyil ki, bu cür ödəmə terminalları daha çox müşahidə kamerası olan ərazilərdə qurulur. Nəticədə hansısa oğurluq baş verirsə, bu səbəbdən belə cinayətlərin üstü tez açılır. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, bunun arxasında müəyyən pərdəarxası məqamlar da ola bilər. Yəni burda müəyyən qüvvələrin əlaqələri ola bilər. Yəni bu işi törədən dələduz şəxs qabaqcadan müəyyən məlumatlar toplayır. Bu kimi cinayətlər qəsdən törədildiyi üçün bunu edən kifayət qədər hazırlıqlı olur. Bütün bunlardan sonra öz əməllərini həyata keçirir. Ola bilər ki, qurğunu quraşdıran tərəf də müəyyən informasiyaları qarşı tərəfə verir. Yaxşı olardı ki, ödəmə terminallarının mühafizəsi ilə bağlı qabaqcıl texnologiyaya əsaslanan elektron vasitələrdən də istifadə olunsun. Ən nəhayət, hesab edirəm ki, qəsdən törədilən cinayətlərə görə cəzalar sərtləşdirilməlidir. Konkret bu işlə məşğul olanlar sərt cəzalandırılmalıdır”. ‘Milli ön’ ödəniş sistemlərinin əməkdaşı Ülviyyə Əfəndiyeva terminalların təhlükəsizliyini artırmaq məqsədilə yeni sistemin tətbiq olunduğunu deyib. Onun sözlərinə görə, bu vasitə ilə aparatların oğurlanmasının qarşısı alınır. Yenilik sayəsində artıq bir çox oğurluq hadisələrinin qarşısı alınıb.

Bu sistem terminallara siqnalizasiyanın quraşdırılmasından ibarətdir: "Terminala müdaxilə edilən zaman siqnalizasiya dərhal işə düşür. Bu sistem terminalın daxilində quraşdırılıb”.

Siqnalizasiya vasitəsilə müdaxilə olunan terminalın ünvanı bilinir. Bu isə öz növbəsində terminalın yerləşdiyi əraziyə tez bir zamanda yaxın mühafizə polisi əməkdaşlarının cəlb olunmasını təmin edir. "Çalışırıq ki, terminallarda az miqdarda pul saxlayaq. Bu səbəbdən də inkasator prosesi tez-tez həyata keçirilir. Nəticədə terminallarda minimum məbləğdə pul saxlanıla bilər”.

İlk növbədə ödəmə terminallarının əhəmiyyətindən danışan iqtisadçı-ekspert Natiq Cəfərli deyib ki, ötən illərlə müqayisədə ödəmə terminalları yavaş-yavaş özünü doğruldur. İnsanlar bu sistemə öyrəşdikcə, istifadəçilərin sayı artır: "Əvvəllər hansısa ödəniş etmək üçün poçta getmək lazım idi. İndi isə vətəndaşlar rahat şəkildə alış-veriş elədikləri mağazalarda və ya evlərinə yaxın olan metro keçidlərində quraşdırılan "Pay Point” vasitəsilə öz ödəmələrini edirlər. Onu da deyim ki, getdikcə də insanlar bu sistemin rahatlığını hiss edirlər. Bu da çox yaxşı bir haldır. Həmçinin kommunal və ya digər xərclərin ödəmə terminalları vasitəsilə həyata keçirilməsi daha tez olmaqla yanaşı, daha şəffaf olur”.

Bununla belə iqtisadçı hesab edir edir ki, inkişafa rəğmən hələ də həllini tapmayan problem var: "Problemlərdən biri regionlarda kifayət qədər ödəmə terminallarının olmaması ilə bağlıdır. Demək olar ki, kənd yerlərində "Pay-Point”lər yox səviyyəsindədir. Problemlərdən biri də təbliğat məsələsidir. "Milli Ön”lərin daha geniş yayılması üçün sosial çarxların çəkilməsi, televiziya kanallarında bu terminalların reklam olunaraq üstünlüklərinin vətəndaşlara aşılanması daha məqsədəuyğun olardı. Eyni zamanda, əlavə sahələrin də bu terminallara qoşulması daha yaxşı olardı. Tez-tez rastlaşdığım bir faktı nəzərinizə çatdırım ki, əvvəllər ev telefonlarının borcunu da asanlıqla "Pay Point” vasitəsilə ödəmək olurdu. Amma son zamanlar bu istiqamətdə müəyyən problemlər yarandı. Çox hallarda sistem bu ödəməni qəbul etmir. Təbii ki, bunlar texniki məsələlər olsa da, həllini tapması məqsədəuyğundur”.

Terminalların təhlükəsizliyinə gəldikdə isə iqtisadçı deyib ki, son zamanlar oğurluq hallarının artması ölkədəki sosial durumla əlaqəlidir: "Təhlükəsizliklə bağlı problemlər bir növ həll edilib. Ödəmə terminalları əsasən nəzarət altında və təhlükəsizlik kameraları olan yerlərdə quraşdırılıb. Zənnimcə, oğurluq halları tək ödəmə terminallarının təhlükəsizliyi ilə bağlı deyil. Bu, ümumilikdə ölkədəki sosial durumla bağlıdır. Son dövrlər dövlət öz xərclərini optimallaşdırır, kommersiya şirkətlərində də müəyyən ixtisarları görürük. Ödəmə terminallarının oğurlanması tək təhlükəsizlik məsələsi olsa, bu problem asanlıqla öz həllini tapardı. İstənilən halda hücum edən şəxs anlamalıdır ki, hadisəni araşdırmaq üçün kamera görüntülərini çox asanlıqla əldə etmək olur. Və hadisənin törədiciləri çox asanlıqla hüquq-mühafizə orqanları tərəfindən məsuliyyətə cəlb olunur. Amma ödəmə terminallarının təhlükəsizliyinin tam təminatı üçün müəyyən addımlar atmaq olar. Elə etmək olar ki, "Pay Point”lərin çıxarılması, açılması mümkünsüz olsun”.

Şəymən