Azərbaycanı, onun malik olduğu zəngin mədəniyyəti dünya miqyasında ictimaiyyiləşdirmək, Qarabağ probleminin gerçək mahiyyətini beynəlxalq ictimaiyyətə çatdırmaq, erməni yalanlarını ifşa etmək bu gün dünyanın harasında məskunlaşmasından asılı olmayaraq, hər bir azərbaycanlının, diaspor təşkilatının başlıca vəzifəsi hesab olunur. Bu baxımdan Ukrayna Azərbaycanlıları Konqresinin Odessa Vilayəti Təşkilatının məlum istiqamətdə həyata keçirdiyi fəaliyyət istər dövlətçilik, istərsə də ümumtürk maraqları baxımından xüsusi önəm kəsb edir. Odessa Vilayəti Təşkilatının bu istiqamətdə həyata keçirdiyi ən mühüm addımlardan biri isə heç şübhəsiz bu şəhərdəki dövlət və özəl universitetlərdə "Azərbaycan evləri”nin yaradılmasıdır.
Odessa universitetlərini bəzəyən üçrəngli bayraq, yaxud qürbətdə yaşadılan Azərbaycan...
Ukrayna Azərbaycanlıları Konqresinin Odessa Vilayəti Təşkilatının sədr müavini Namiq Talıbov
bizimlə söhbətində universitetlərdə "Azərbaycan evləri”nin yaradılması işinə ciddi önəm verdiklərini, bunun bir çox aspektdən mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı:
"Odessada xeyli sayda universitet fəaliyyət göstərir ki, bu universitetlərdə dünyanın bir çox ölkələrindən, eləcə də Azərbaycandan gələn tələbələr oxuyur. Məhz bu səbəbdən də biz təşkilatımızın fəal üzvləri ilə birlikdə, azərbaycanlı tələbələrin də yaxından iştirakı ilə universitetlərdə "Azərbaycan evləri”nin yaradılmasına qərar verdik. Hansı ki, sözügedən iqtiqamətdəki fəaliyyətimizi bu gün də davam etdirməkdəyik. Hesab edirik ki, universitetlərdə Azərbaycanla bağlı bu cür guşələrin yaradılması ölkəmizlə bağlı əsl həqiqətlərin, eləcə də Qarabağ həqiqətlərinin təbliği baxımından ciddi bir addımdır və bu addım, həm də universitetdəki azərbaycanlıların Azərbaycan bayrağı altında cəmləşməsi, həmrəylik sərgiləməsi baxımından da önəmlidir”.
Odessa Dövlət Ekologiya Universitetində "Azərbaycan rüzgarı”"Azərbaycan evi”nin formalaşdırıldığı universitetlərdən biri Odessa Dövlət Ekologiya Universitetidir. Adıçəkilən universitetdə "Azərbaycan evi”nin yaradılmasında təşkilatın ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Natiqoğlu xüsusi fəallıq göstərib. A.Natiqoğlu bizimlə söhbətimizdə bu təşəbbüsün universitetin azərbaycanlı tələbələri tərəfindən də maraqla qarşılandığını vurğuladı:
"Odessa Dövlət Ekologiya Universitetində "Azərbaycan evi”nin yaradılması ideyası həm təşkilatımızın üzvləri, həm də bu universitetin azərbaycanlı tələbələri tərəfindən məmnunluqla qarşılandı. Hesab etdik ki, belə bir mərkəzin formalaşması dövlətimizin diaspor siyasətinə cavab verməklə yanaşı, ölkəmizin təbliğatı, onun Ukrayna gəncliyinə sevdirilməsi baxımından da faydalı olar. Bu səbəbdən də universitetdə "Azərbaycan evi”nin yaradılmasını təmin etdik və elə ilk gündən bu addım böyük marağa səbəb oldu. Burada Azərbaycanımızın milli rəmzləri ilə yanaşı, rəsm əsərləri, mədəniyyət və incəsənət nümunələri, xeyli sayda ədəbiyyat və s. cəmləşib ki, bu da maarifləndirmə işində bizə çox kömək edib. Bu günə qədər xeyli sayda ukraynalı gənc "Azərbaycan evi”ni ziyarət edib ki, burada onlara ölkəmizin tarixi, mədəniyyəti və s. ilə yanaşı, həm də Qarabağ müharibəsi, erməni işğalı, xalqımıza qarşı törədilən soyqırım siyasəti haqqında da ətraflı bilgi verilib”.
Azərbaycandan uzaqda milli maraqlarımızın keşiyində dayanan Azərbaycan generalı
Odessadakı Azərbaycan diasporunun fəaliyyətinə yaxından yardım göstərən, ölkəmizin milli maraqlarının müdafiəsi uğrunda yorulmadan çalışan soydaşlarımızdan biri də "Azərbaycan Dəmir Yolları” QSC-nin İpək yolu üzrə nümayəndəsi general Natiq Nağıyevdir. Universitetlərdə "Azərbaycan evləri”nin yaradılmasından tutmuş, Odessadakı diaspor təşkilatının fəaliyyətinə dəstək vermək, Azərbaycanın milli maraqlarının bütün sahə və müstəvilərdə qorunmasını təmin etmək baxımından böyük işlər həyata keçirən Natiq Nağıyev, bu şəhərdəki bütün soydaşlarımızın dərin rəğbət və ehtiramı qazanıb. Prezident İlham Əliyevin diaspor fəaliyyətinin önəmi ilə bağlı məlum çağırışlarını rəhbər tutan Natiq Nağıyev, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinin ifşa edilməsi, xalqımıza qarşı tarixin müxtəlif mərhələlərində törədilən dəhşətli soyqırımların Ukrayna ictmaiyyətinin diqqətinə çatdırılması istiqamətində ciddi uğurlara imza atmaqdadır.
Odessadakı azərbaycanlılarla söhbət zamanı bəlli oldu ki, adıçəkilən şəhərdə məskunlaşan soydaşlarımızın problemlərinin həllində yaxından iştirak edən, onların Azərbaycan bayrağı altında, milli maraqlar ətrafında birləşməsini təmin edən Natiq Nağıyev, həm də oradakı azərbaycanlılar üçün mənəvi dayaq mənbəyi hesab edilir. Bu günə qədər görülən işlər şəxsiyyət olaraq oradakı soydaşlarımız arasında birləşdirici və barışdırıcı rol oynayan Natiq Nağıyevin ictimai fəaliyyətinin bundan sonra da xalqımız və dövlətimiz üçün faydalı olacağına şübhə yeri qoymur.
Mart Soyqırımı və Cümhuriyyətin 100-cü ildönümü Odessada da qeyd ediləcəkNamiq Talıbov Azərbaycan tarixi ilə bağlı bütün mühüm hadisələrin Odessada yüksək səviyyədə qeyd edildiyi, rəhbəri olduğu təşkilatın bunun üçün bütün imkanlarını səfərbər etdiyini vurğuladı:
"Hesab edirəm ki, harada, hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı, hər bir diaspor təşkilatı Azərbaycan tarixi, mədəniyyəti ilə bağlı mühüm hadisələrin ildönümünü qeyd etməli, bu tarix və mədəniyyətin təbliğçisinə çevrilməlidir. Qarşıdan 1918-ci ildə baş verən Mart Soyqırımı və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü gəlir.
Hər iki hadisə təşkilatımız tərəfindən qeyd ediləcək. Bununla bağlı müxtəlif tədbirlər keçiriləcək, maarifləndirici aksiyalar reallaşdırılacaq. Xüsusilə də, Cümhuriyyətin 100-cü ildönümünün mümkün qədər geniş və əhatəli şəkildə keçirmək, Ukrayna mətbuatının, ziyalılarının bu tədbirlərdə iştirakını təmin etmək niyyətindəyik. Düşünürəm ki, bu tədbirlər həm buradakı soydaşlarımızın növbəti dəfə bir araya gəlməsi, bir amal uğrunda birləşməsi, həm də Azərbaycanın dövlətçilik tarixinin Ukrayna ictimaiyyəti arasında təbliği baxımından faydalı olacaq”.
Seymur Əliyev