“Odlar Yurdu” səs saldı

Niderland vətəndaşları Azərbaycan musiqisinə heyran qalıb


Ölkəmizdən kənarda yaşayan soydaşlarımız haqqında mütəmadi olaraq yazıların dərc edilməsi, onların Azərbaycanla bağlı keçirdikləri tədbirlərin işıqlandırılması artıq ənənəvi xarakter alıb. Belə cəmiyyətlərdən biri Hollandiyada fəaliyyət göstərən "Odlar Yurdu” cəmiyyətidir.

Azərbaycanı, onun tarixini, mədəniyyətini yaşadıqları ölkələrin yerli əhalisinin diqqətinə çatdıraraq tanıdılmasına xidmət göstərən "Odlar Yurdu” cəmiyyətinin əsası 10 il bundan əvvəl qoyulub. Niderland krallığında fəaliyyət göstərən cəmiyyət mövcud olduğu illər ərzində ölkəmizin mədəniyyəti, tarixi, musiqisi ilə bağlı tədbir və konsertlərin keçirilməsinə nail olub. Bu da ölkəmizin hüdudlarından kənarda, eləcə də Avropanın aparıcı dövlətlərindən biri olan Niderland krallığında tanıdılmasında və uğurların qazanılmasında önəmli rol oynayıb. 

Uğurların əldə edilməsində Niderland "Odlar Yurdu” cəmiyyətinin sədri, həmyerlimiz, 1996-cı ildən Niderland Krallığında məskunlaşan Firəngiz Bağırovanın böyük əhəmiyyəti var. Firəngiz xanım son illər ərzində keçirdiyi tədbirlərin əhəmiyyətinə nəzər salsaq, bu insanın doğrudan da nələrə qadir olduğunu aydın şəkildə hiss edə bilərik. Cəmiyyətinin 10 illik yubileyi ilə əlaqədar keçirilən şənliklərdə də bir daha bunun şahidi olduq.

Tədbirdə iştirak edən tamaşaçı kütləsinin iştirakı Niderlandda Azərbaycana olan marağın nə qədər böyük olduğunu bir daha göstərmiş oldu ki, bu da özlüyündə sevindirici haldır. Əlbəttə ki, uğurların qazanılmasında, müvəffəqiyyətlərin əldə olunmasının arxasında cəmiyyətin sədri olan F.Bağırovanın zəhməti dayanır. Cəmiyyətin 10 illik yubileyi ilə bağlı tədbirin təntənəli açılışına Niderland və Azərbaycanın dövlət himnlərinin səsləndirilməsi ilə start verildi. Tədbir iştirakçılarının çıxışlarından və təbrik nitqlərindən sonra Azərbaycan-Niderland dostluğunu özündə əks etdirən materilların təqdimatı oldu. 

Cəmiyyətin 10 il ərzində fəaliyyət dövrünü özündə əks etdirən foto materialları xüsusi ilə diqqəti cəlb edirdi. Musiqi nömrələri ilə tədbirə qatılmış "Klankrijik Drenthe Holland” musiqi məktəbinin şagirdləri Azərbaycan bəstəkarlarının musiqisindən ibarət olan əsərləri ifa etməsi tədbirin kulminasiya nöqtəsi oldu. Alqışlarla qarşılanan bu çıxışlar Niderland vətəndaşlarının Azərbaycan musiqisinə heyranlığının bariz nümunəsidir. Yubiley münasibəti ilə cəmiyyət üzvlərini təbrik edir, eləcə də Firəngiz xanıma və onun rəhbərlik etdiyi "Odlar Yurdu” cəmiyyətinə uğurlar arzulayırıq. Azərbaycanı dünyaya tanıtmaq hər birimizin borcu və şərəf işidir.

Yeganə Bayramova