Oğul itirənlər ağlamasın!

Məhkəmələr ədalətli hökm verir
Daha məmur övladları törətdikləri hadisələrin cəzalarını alacaqlar


Novella Cəfəroğlu: "Vəzifəlilərin övladları da, var-dövləti ilə öyünənlər də bilsinlər ki, qanun hamı üçündür”

Çingiz Qənizadə: "Məhkəmənin çıxardığı hökmlər də onu təsdiq edir ki, qanunun aliliyi əsasdır. Bütün bunlar əlbəttə cəmiyyətdə müsbət qarşılanır”

Bakı Ağır Cinayətlər Məhkəməsində Səbail rayon icra başçısı Asif Əsgərovun oğlu İlham Əsgərliyə 5 il 6 ay müddətinə azadlıqdan məhurmetmə cəzası verilib. Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən dünənki məhkəmə iclasında ötən il sentyabrın 27-də Xəzər rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi üzrə proses davam etdirilib.

Xatırladaq ki, həmin vaxt "Mercedes” markalı avtomobilin Əhliman Süleymanovun idarə etdiyi yük maşını ilə toqquşması zamanı "McDonalds Azərbaycan” şirkətinin icraçı direktoru Maqsud Mirzəyevin 16 yaşlı oğlu Sənan Mirzəyev dünyasını dəyişib. Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovun oğlu İlham Əsgərli və sürücüsü Pərvin Fətullayev yaralanıb. Onların hər üçü xəstəxanaya yerləşdirilsə də, yalnız Sənan Mirzəyev vəfat edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma; eyni əməllər ehtiyatsızlıqdan zərərçəkənin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılıb. Bu iş üzrə davam edən məhkəmə prosesində Maqsud Mirzəyev qəzada digər zərərçəkən tərəfi ittiham edib və hesab edib ki, hadisənin baş verməsində, oğlunun həyatını itirməsində İlham Əsgərli günahkardır.

Məhkəmənin dünənki iclasında isə İlham Əsgərli 5 il 6 ay, yük avtomobilinin sürücüsü Əhliman Süleymanov isə 6 il müddətinə azadlıqdan məhrum edilib. İlham Əsgərli və Əhliman Süleymanov məhkəmə zalında həbs edilib.

"McDonalds Azərbaycan”ın rəhbəri Maqsud Mirzəyev oğlu Sənan Mirzəyevin ölümündə təqsirli bilinən İlham Əsgərlinin və Süleyman Əhlimanovun həbsinə münasibət bildirib.

O, Modern.az saytına açıqlamasında bildirib ki, məhkəmə oğlunun ölümündə təqsirli bilinən sürücülər barədə obyektiv hökm çıxarıb:

"Mən oğlumu itirmişəm. İlham Əsgərli həbs müddətini bitirdikdən sonra evinə qayıdacaq. Amma mənim oğlum heç vaxt evə qayıtmayacaq. Sadəcə olaraq, fəxr eləyirəm ki, azərbaycanlıyam. İstəyirdim ki, məhkəmə Azərbaycan qanunları əsasında obyektiv və ədalətli qərar çıxarsın. Əgər məhkəmə belə məsləhət gördüsə, demək, belə də olmalı idi. İlk gündən belə bir qərarın çıxarılmasını gözləyirdim. Məhkəmə də ədalətli qərar qəbul edib”.

Qeyd etməliyik ki, yüksək vəzifəli şəxslərin, bəzən də onların övladlarının məsuliyyətə cəlb edilməsi halları son zamanlar artıb. Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin hökumət üzvləri ilə keçirdiyi müşavirələrdə vəzifəli şəxslərə ciddi xəbərdarlığı, qanunu pozanın kimliyindən asılı olmayaraq məsuliyyətdən kənarda qalmayacağını bəyan etməsi məhkəmə proseslərinə də təsirini göstərir. Məhkəmələr də artıq bu ölkədə qanunun şah olduğunu təsdiqləyirlər.

Xalq artisti Ağasəlim Abdullayevin ailəsinə faciə yaşadan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin sabiq sədr müavini Mübariz Mədətovun oğlu Xalid Mədətova 12 il, "Min bir gecə” istirahət mərkəzində odlu silahdan açdığı atəşlə bir nəfəri öldürən millət vəkili Hüseynbala Mirələmovun qardaşı oğlu Rəşad Mirələmova ömürlük həbs cəzası verilməsi, Yevlax Gömrük İdarəsinin rəisi Əliməmməd Həsənovun avtoxuliqanlıq edən oğluna görə vəzifədən kənarlaşdırılması, Tərtər rayon icra başçısının birinci müavini Vidadi Bəylərovun oğlunun bir nəfərin ölümü ilə nəticələnən avtomobil qəzasına görə cəzalanması, atanınsa vəzifədən kənarlaşdırılması kimi hallar cəmiyyətdə müsbət rezonans doğurur.

Bəlkə də dünənədək Azərbaycan əhalisi arasında qanunun aliliyinə şübhə edənlər, məmurların və onların "gül balaları”nın, "day-dayı” olanların cəzadan kənar qaldığı fikri formalaşmışdısa, son hadisələr bu mənfi stereotipləri artıq dağıdır. Deməli, yüksək vəzifə daşımasından, varından-dövlətindən asılı olmayaraq hər kəs qanun qarşısında cavab verir. Bu hal, əlbəttə ki, cəmiyyət tərəfindən müsbət qarşılanır və hüquq-mühafizə orqanlarına da, qanunun qalib gəlməsinə də inam yaradır.

D.Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu "Şərq”ə açıqlamasında qanunu pozan məmur övladlarının cəzalanmasının müsbət hal olduğunu dedi:

- Əlbəttə, bu, çox müsbət haldır. Kim qanunu pozursa, cinayət əməli törədirsə, ona müvafiq də cəzasını almalıdır. Məsələn, bankdan kredit götürən biznesmenləri məsuliyyətə cəlb edirlər. Deyirlər, ya pulu qaytar, ya da həbs olunacaqsan. Bu qədər pulu sən götürüb neyləmisən?! Daha heç kim cəzadan yayına bilməz. Kimliyindən asılı olmayaraq qanunu pozan cəzalanacaq. Doğrudan da, bu, təqdirəlayiq haldır. Belə hallar göstərir ki, Azərbaycanda sivil, demokratik dövlət quruluşu oturuşur artıq. Korrupsiyaya qarşı mübarizə güclənir, vəzifəsindən sui-istifadə edənlər cəzalanır, vəzifədən kənarlaşdırılır. Dünən generalın oğlunu həbs etdilər, bu gün icra başçısının oğlunu. Belədə Azərbaycanı "siyasi motivli həbslər”ə görə ittiham etmək də çətin olacaq. Çünki dünya görəcək ki, bizdə hər kəsə tutduğu əmələ müvafiq cəza verilir. Yüksək vəzifəlilər də, onların övladları da bu hadisələrdən nəticə çıxarmalıdır, anlamalıdırlar ki, daha əvvəlki kimi onlara güzəşt edilməyəcək. Özlərini normal aparsınlar, sadə vətəndaşlar kimi onlar da qanuna tabe olsunlar. Belədə vətəndaş da can-başla dövlətə qulluq edəcək, görəcək ki, onun haqqı itirilmir.

N.Cəfəroğlu bildirdi ki, kənar müdaxilələr olmadıqda məhkəmələr adətən ədalətli qərarlar çıxarır:

- Məhkəmə öz işinə qanunun aliliyi çərçivəsində baxmalıdır. Cinayəti törədən ona müvafiq də cəzasını almalıdır. Məsələn, biz təşkilatımıza müraciət edən qadınların işinə baxılmasında məhkəmələrdən razıyıq. İddia qaldırdığımız işlərin demək olar ki, 70-80 faizini uduruq. Çünki heç kim kənardan müdaxilə etmir. Heç kim hakimə, prokurora tapşırıq vermir. Amma bunun əksini gördüyümüz məhkəmə prosesləri də var. Məhkəmələr ancaq qanuna tabe olmalıdırlar. Əlbəttə, cinayətkarların əməlləri müqabilində də cəza almaları müsbət haldır və cəmiyyətdə də bu, yaxşı qarşılanır. Bu iki məhkəmə prosesi hamıya örnək olmalıdır. Vəzifəlilərin övladları da, var-dövləti ilə öyünənlər də bilsinlər ki, qanun hamı üçündür. Qanundan kənara çıxarlarsa, cavab verməli olacaqlar. Övladları bədbəxt edən valideynləridir. Uşağa bahalı maşın alanda bilmirlər ki, həmin uşaq pis yola düşəcək, ya özü qəza törədib öləcək, ya da bir başqasını bədbəxt edəcək? Bu qədər qaçqını, köçkünü, Qarabağ dərdi olan bir ölkədə kimsə var-dövləti ilə öyünüb, atasına, dayısına arxayın olub, qanunsuzluğa yol verməməlidir.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, millət vəkili Çingiz Qənizadə də belə hesab edir ki, cinayət törədənlərin layiqli cəzalarını almaları cəmiyyətdə müsbət qarşılanır:

- Etiraf etməliyik ki, bəzi məmurların, yüksək vəzifə sahiblərinin yaxınları, ailə üzvlərinin müəyyən hərəkətləri cəmiyyəti qıcıqlandırırdı. Amma cənab Prezident məsələlərə müdaxilə etdi, keçirdiyi müşavirələrdə məmurları, vəzifəliləri haqlı olaraq tənqid etdi. Və konkret addımlar atıldı. İsmayıllı olayları ilə bağlı bəzi şəxslər tutduqları vəzifədən kənarlaşdırıldı, digər başqa məsələlər də oldu, rayon prokurorluqlarında çalışanlar, ayrı-ayrı məmurlar vəzifələrindən azad edildi. Lakin bəziləri bundan nəticə çıxara bilmədilər. Cənab Prezidentin bu kimi hallara qarşı kəskin reaksiyası da göstərdi ki, artıq ayrı-ayrı şəxslər öz vəzifələrindən sui-istifadə edə bilməyəcəklər. Məhkəmənin çıxardığı hökmlər də onu təsdiq edir ki, qanunun aliliyi əsasdır. Bütün bunlar əlbəttə cəmiyyətdə müsbət qarşılanır, cəmiyyətimiz görür ki, Prezident bu cür məsələlərdə barışmaz mövqedədir. Məhkəmələr də cinayətə adekvat cəza verməkdə israrlıdırlar. Məncə, bu cür cəzalar başqalarına da dərs olmalıdır. Bəzi ünsürlər bilməlidirlər ki, hansı vəzifəni daşımalarından asılı olmayaraq qanunun tələb etdiyi cəzanı alacaqlar.

Məlahət Rzayeva