Ola bilsin ki, girovlarımızla bağlı qərarlar qəbul edilsin

“Ancaq o qərarların icra olunacağı sual altındadır. Ermənilər həddən artıq həyasız millətdi”



Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Şurasının (AŞ) baş katibi Tyorbyorn Yaqlandın təşəbbüsü ilə fəaliyyətini bərpa edən İnsan Hüquqları üzrə Birləşmiş Qrupun üçüncü iclası baş tutub. Bu barədə qurumun katibi, Vətəndaşların Əmək Hüquqları Liqasının sədri Sahib Məmmədov məlumat verib.

Toplantıda qrupun üzvü olan AŞ-nin siyasi işlər üzrə şöbə müdiri Aleksander Gessel də iştirak edib. Yığıncaqda insan hüquqları - birləşmə azadlığı, daşınmaz əmlak hüququ, məhbuslar, o cümlədən Kəlbəcərdə girov götürülən Şahbaz Quliyev və Dilqəm Əsgərovla bağlı məsələlər müzakirə olunub. Müzakirə zamanı A.Gessel səfərdən geri döndükdən sonra bu məsələ barədə AŞ baş katibinə məlumat verəcəyini söyləyib. Qrupun adından Ş.Quliyev və D.Əsgərov haqda AŞ də daxil olmaqla, beynəlxalq təşkilatlara müraciət hazırlanması qərara alınıb.

AŞ nümayəndəsinin girovlarımızla əlaqədar təşəbbüsünü dəyərləndirən İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin (İQAK) sədri Elçin Behbudov "Şərq”ə deyib ki, Qarabağla bağlı BMT-nin 4 saylı qətnaməsi var. Bu gün də onun tələbləri icra olunmur: "Ola bilsin ki, girovlarımız haqda beynəlxalq təşkilatlar müəyyən qərarlar qəbul etsinlər. Ancaq o qərarların icra olunacağı sual altındadır. Ermənilər həddən artıq həyasız millətdi. Mən də BMT və AŞ-yə müraciət etmişəm. Müraciətimdə göstərdim ki, erməni əsgəri Qriqoryan erməni zabitləri tərəfindən döyülüb, təhqir olunursa, görün onda azərbaycanlı girovların başına nə müsibətlər gətirilir”.

Komitə sədrinin fikrincə, beynəlxalq institutlar sözügedən məsələdə də ikili standartlardan çıxış edirlər: "Düşünürəm ki, separatçı ölkəyə birbaşa təzyiqlər göstərilməsə, problem həllini tapan deyil. Mütləq təzyiq mexanizmləri işə düşməlidir. Belə olan halda ola bilsin ki, nəsə gözləmək olar. Təzyiq olmasa, problemin həllinə ümid bəsləmək yersizdir. Doğrudur, dünyanın aparıcı qurumları Azərbaycana gəlirlər və burda bizimlə həmfikir olduqlarını söyləyirlər. Amma ölkəsinə qayıdan kimi başqa fikirlər səsləndirirlər. Əlbəttə, bunlar ikiüzlüyün və ya riyakarlığın nəticəsidir. Hər üzlərində bir söz danışırlar. Bu, qəbuledilməzdir”.

Qərb dövlətlərindəki demokratik prinsiplərə diqqət çəkən həmsöhbətimiz vurğulayıb ki, bu ölkələrdə azad sözdən və insan haqlarından söhbət belə gedə bilməz: "Özləri heç bir qanuna və hüquqa sığmayan əməllərlə məşğuldurlar. Orada insanlar küçələrdə döyülürlər, güllələnirlər. Bu demokratiyadır? ABŞ və Qərb öncə özlərində insan hüquqlarını bərpa etsinlər, sonra gəlib, başqa dövlətlərdən insan haqlarının qorunmasını tələb edə bilərlər. Baxın, Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanası var. Hər ay orada monitorinq keçirdirəm. Sizə tam məsuliyyətimlə deyirəm ki, heç bir neqativ hal müşahidə eləmirəm. Buna rəğmən hazırda BMT məsələ qaldırıb ki, Azərbaycan MTN-in istintaq təcridxanası ləğv olunmalıdır. Nəyə görə? Fikir verin, Ermənistanın təhlükəsizlik komitəsinin biabırçı, natəmiz, istintaq təcridxanası mövcuddur. Onlar barədə məsələ qaldırılmır. Lakin Azərbaycan haqda əsassız iddialar səsləndirirlər. Tədbirlərin birində bu haqda adıçəkilən qurumun nümayəndəsinə sual verdim. O, sualıma cavab verə bilməyib, başını aşağı saldı. Bax, budur məsələyə ikili standartlarla yanaşmağın nəticəsi”.

Ayyət Əhməd