Ola bilsin, pivə içən molla deyil, adi insandı

“Məncə, şəkildəki şəxsin dinlə heç bir əlaqəsi yoxdur”


Bu günlərdə sosial şəbəkədə bölgələrin birində fəaliyyət göstərən mollanın biabırçı görüntüləri yayılıb. Belə ki, molla çayxanada pivə içərkən görüntülənib. Onun bu fotosu çox sayda paylaşılaraq sərt formada tənqid edilib.

Xatırladaq ki, bir müddət öncə də Bakıda fəaliyyət göstərən başqa bir mollanın çayxanada pivə içdiyi zaman görüntüsü yayılmışdı. Təsadüfi deyil ki, mollalarla bağlı neqativ hallara daha çox bölgələrdə rast gəlinir və sözügedən fotonun Azərbaycan bölgələrinin birində görüntüləndiyi məlumdur. Maraqlıdır, bu cür xoşagəlməz halların qarşısını almaq üçün Qafqaz Müsəlmanları İdarəsi hansısa reydlər keçirərək müvafiq yoxlamalar apara bilərmi?

Tanınmış din xadimi, ilahiyyatçı Hacı Atif İmsayılov məsələ ilə bağlı fikirlərini "Şərq”lə bölüşüb. İlahiyyatçının sözlərinə görə, bəzi bölgələrdə bir qrup insanlar var ki, onların dinlə heç bir əlaqəsi olmasa da, əllərində təsbeh və ya başlarında araxçın ilə gəzirlər. Bütün bunlar isə insanlarda həmin şəxsin din xadimi olması kimi yanlış fikirlər formalaşdırır.

İlahiyyatçı bildirir ki, ola bilsin, şəkildə görüntülənən şəxs hansısa dini qurum tərəfindən təyin edilən molla olmasın. Lakin sözügedən şəxs müvafiq qurum tərəfindən təyin edilibsə və belə əməllərlə məşğuldursa, bu, olduqca təəssüfləndirici haldı və müəyyən tədbirlər görülməlidir: "Belə bir molla obrazının olması bəzi bölgələrdə və rayonlarda savadsızlıq ucbatından meydana çıxan bir qrup insanların mövcudluğu ilə əlaqəlidir. Ola bilər ki, həmin insanlar qazanc məqsədilə bundan sui-istifadə edirlər. Hətta namazın qaydalarını öyrədən kitablar vasitəsilə namazdan da sui şəkildə istifadə edənlər var.

Bəli, bu məsələ ilə bağlı rəsmi qurumlar həqiqi şəkildə bölgələrdə araşdırma apara bilərlər. Bölgədə QMİ-nin rəsmi nümayəndələrinin nəzərəti altında bir qrup insanlar yoxlamadan keçirilməlidir. Ola bilər, fotosu yayılan şəxs adi bir insandır. 

Təbii ki, bu insan QMİ və ya hansısa dini qurumlar tərəfindən təyin olunmuş icma nümayəndəsi olarsa, onun mollalıq vəzifəsini icra etməsi qeyri-mümkündür. Bildiyiniz kimi, dinimizdə və şəriətimizdə pivə və ya digər spirtli içki qəbul edən insanlar kəskin və birmənalı olaraq dini nümayəndə kimi qəbul olunmur. Ona görə də məncə, şəkildəki insanın dinlə heç bir əlaqəsi yoxdur. Belə halların baş verməsi isə çox təəssüfedici, eyni zamanda nadir haldır. Bütün bunlara görə də dinlə əlaqədar qurumlar, həmçinin QMİ reydlər və yoxlamalar aparmalıdır. Belə insanların, ümumiyyətlə, dini topluma girməsinə imkan verilməli deyil. Həmçinin olanlarla bağlı kəskin şəkildə xəbərdarlıqlar edilməlidir”.

Yeganə Bayramova