Dünən "Olaylar” qəzeti fəaliyyətə başlamasının 20-ci ildönümünü qeyd edib. Sözügedən media quruluşu bu müddət ərzində uzun inkişaf yolu keçib. Qəzet Azərbaycan mətbuatında özünəməxsusluğu ilə həmişə seçilib, ictimai-siyasi prseslərə təsir baxımından çox önəmli yer tutub. Qəzetlər sırasında "Olaylar”ın ayrıca yeri, dəst-xətti və dəyəri var.
Eyni zamanda, fəaliyyətində daim dövlətçiliyə sadiqlik, milli təəssübkeşlik, qərəzsizlik, operativlik, prinsipiallıq nümayiş etdirərək geniş oxucu auditoriyasını formalaşdıra bilib. Bir igidin ömrü olan 20 ili "Olaylar” elə igid kimi yaşayıb. Müəyyən, şər-böhtanla üz-üzə qalıb, məhkəmələrə çəkilsə də, doğru bildiyi yoldan dönüb geriyə boylanmayıb. Üstəgəl, bu mətbu orqanın təsis olunması da maraqlı tarixə təsadüf edir. Bildiyimiz kimi, aprelin 24-ü hər il qondarma erməni soyqırımının ildönümü kimi qeyd olunur. Bu tarixdən çap olunmağa başlayan "Olaylar” qəzeti sanki dünya azərbaycanlılarının, türklərinin haqq bağıran səsi kimi doğulub. Dövlətçilik ənənələri və milli maraqların qorunması bu qəzet üçün prioritet olub. Danılmaz faktdır ki, adıçəkilən media orqanı Azərbaycan mətbuatının bir nümunəsi kimi dünya mətbuatının ümumi inkişaf xəttinə uyğun şəkildə xidmət göstərir. Həmçinin səhifələrində Azərbaycan jurnalistikasının özünəməxsus ənənələrini layiqincə davam etirir. Əlbəttə, qeyd etmək yerinə düşərdi ki, hər bir uğurun arxasında güclü lider və uğurlu komanda dayanır. Və "Olaylar”ı "Olaylar” edən baş redaktor Yunus Oğuzun rəhbərliyi ilə fəaliyyət göstərən fədakar "olayçılar”dır. Bu baxımdan qəzetin kollektivini təbrik etməklə yanaşı, yubiley münasibətilə onların fikirlərini də aldıq. Qəzetin əməkdaşı Mənsur Rəğbətoğlu söylədi ki, o, iməkləməyi və yeriməyi məhz bu redaksiyada öyrənib: "Burada da qocalıb əldən düşməyə, indi arxasında
əyləşdiyim masaya başımı qoymağa hazıram. Ola bilsin ki, hələ də yaxşı jurnalist deyiləm, lakin bunun səbəbini "Olaylar”da axtarmıram. "Olaylar” irəliləməyim üçün qarşımda geniş yol açıb. Nəzərə alsaq ki, hazırda Azərbaycan mətbuatının gündəmini formalaşdıran mətbu orqanların müəyyən qisminin rəhbərləri və əməkdaşları buranın yetirmələridir, demək, "Olaylar” böyük bir jurnalistika məktəbinin adıdır. Həm də ən çətin dönəmlərdə belə yoluna davam etməyi bacaran qəhrəmanın...”
P.S. "Olaylar” qəzeti və İnformasiya Agentliyinin yaranmasının 20-ci ildönümü münasibətilə Yunus Oğuz başda olmaqla bütün kollektivi təbrik edirik. Yubileyiniz mübarək, əziz həmkarlar.