Sosioloqlar, psixoloqlar həyəcan təbili çalır. Sanki öldürən öləni öldürməklə hirsini soyuda bilmir, cəsədinə cürbəcür vəhşiliklər tətbiq etməklə qisas alır
Öldürmək su içmək kimi asanlaşıb
Cəmiyyətdə şiddət artır, qətllər daha dəhşətli olur
Sosioloqlar, psixoloqlar həyəcan təbili çalır. Sanki öldürən öləni öldürməklə hirsini soyuda bilmir, cəsədinə cürbəcür vəhşiliklər tətbiq etməklə qisas alır
Sosioloqlar, psixoloqlar həyəcan təbili çalır. Sanki öldürən öləni öldürməklə hirsini soyuda bilmir, cəsədinə cürbəcür vəhşiliklər tətbiq etməklə qisas alır
Azərbaycanda ailədaxili münaqişələr, məişət zorakılıqları artıq pik həddə çatıb. Qadınların ölümü ilə nəticələnən hadisələr saya-hesaba gəlmir.
Elə gün olmur ki, Bakıda, eləcə də bölgələrdə qadınlara qarşı zorakılıq halları ilə bağlı xəbərlər yayılmasın.
Növbəti qanlı hadisə Zərdabın Yarməmmədbağı kəndində baş verib. Ər övladlarının gözü qarşısında arvadının başını kəsib. 33 yaşlı Aqşin Astanov həyat yoldaşı 23 yaşlı Rüxsanə Astanovanı başını kəsərək öldürüb.
Mərhumun qohumlarının sözlərinə görə, rayon ərazisində şəxsi təsərrüfatların birində çobanlıq edən Aqşin Astanov son vaxtlar ailənin qayğılarına biganə yanaşıb. Ehtiyac içərisində olan ailəyə qonşular kömək edib. Bunu eşidən Aqşin Astanov gecə saatlarında evə gələrək, 3 azyaşlı övladının gözü önündə həyat yoldaşına balta ilə zərbə endirib, ölmədiyini görüncə başını bədənindən ayırıb.
Hətta mərhumun qohumlarının dediyinə görə, A.Astanov həyat yoldaşının başını kəsəndən sonra əlində fırladırmış: "Camaat görüb ki, əlində baş var. Uşaqlar da qorxudan harasa qaçıblar. Sonra gəlib tutublar”.
Qeyd edək ki, Aqşin Astanov bundan öncə iki dəfə ailə həyatı qurub. Onun sonuncu nikahdan 3 uşağı var. Faktla bağlı Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır. Bəs, problemin kökündə nə dayanır? Yaxşı gündə, pis gündə biri-birlərinə arxa-dayaq olacaqlarına dair söz verən insanlar necə olur ki, biri-birinə qənim kəsilir?
"Sağlam Toplum” İctimai Birliyinin sədri, sosioloq Lalə Mehralı isə hesab edir ki, ailədaxili qətllərin səngidiyi vaxt olmur, həmişə aktual problemdir: "Amma öldürən də, ölən də son vaxtlar çoxalıb, bununla razıyam. Birmənalı olaraq, bütün qətlləri eyni arşınla ölçmək doğru deyil. Hərəsi başqa səbəblərdən baş verir. Bəzən öldürən, bəzən də ölən günahkar olur. Məsələ burasındadır ki, indi qətllər daha dəhşətli, daha vəhşət dolu olur. Sanki öldürən öləni öldürməklə hirsini soyuda bilmir, cəsədinə cürbəcür vəhşiliklər tətbiq etməklə qisas alır. Günahkar məsələsinə gəlincə isə, qadını həmişə "günah keçisi” edirlər, bu doğru deyil. Hər 10 haldan qoy 7-si qadının günahından olsun, axı kişilər də aydan arı, sudan duru deyil. İçki düşkünü olan var, narkotikə qurşanan var, qumarda pulunu uduzub hirsini evdəkindən çıxan var. Düzdür, bəzən qətlə elə qadının özü rəvac verir. Bəzi hallarda isə yuxarıda sadaladığım zərərli vərdişlər səbəb olur. Bütün hallarda öldürmək su içmək kimi asanlaşıb indi. Orta məktəb uşaqlarının cibində belə bir düymə ilə açılan kəskin bıçaqlar var”. Bu prosesin qarşısını almaq üçün atılacaq addımlara gəldikdə isə sosioloq deyib ki, çətin ki, bundan sonra düzələ: "Qəsdən qətlə yetirməyə görə 20-25 il azadlıqdan məhrum edilənlər var, çıxır həbsdən, 1 aydan sonra yenə qətl törədir. Bəlkə yeniyetmələrə dustaq həyatının ağırlığından, gələcəyinin puç olacağından, bütün həyatını bir qətlə görə məhv edəcəyindən danışılsa, ailədə qəti qadağalar və qaydalar qoyulsa, valideyn nəzarəti gücləndirilsə, bir qədər düzələ vəziyyət. Uşaqları zalım böyüdür valideynlər, bunun hər gün şahidi oluruq. Bu zalımlıq bu gün bir küçüyün, pişiyin qulağını kəsmək, sərçəni "raqatka” ilə vurmaqdır, sabah bir insanı qətlə yetirmək. Maksimum diqqətli olmaq lazımdır. Uşaqları zorakılıq aşılayan oyunlardan, cizgi filmlərindən uzaq saxlamaq lazımdır”.
Psixoloq Dəyanət Rzayev isə hesab edir ki, bu hadisələrin kökünü araşdırmaq və problemə kompleks yanaşmaq lazımdır: "Bu tərz şiddətə meyilli insanlar psixopat insanlardır. Bu insanlar isə birdən-birə bu duruma düşmürlər. Onlar əvvəldən də psixoloji problemi olan şəxslər idi. Sadəcə, müəyyən bir dövrdə bu insanlarda kəskinləşmə gedir. Bu da ya patoloji qısqanclıq, ya da başqa səbəblərlə özünü büruzə verir. Sonu isə təəssüf ki, kriminalla nəticələnir”.
Bu kimi cinayətlərin önünün alınmasının mümkün olduğunu deyən psixoloq, münaqişədə qadının rolundan da danışıb: "Bu insanlar cinayəti bir günün içində planlaşdırıb, törətmir. Onlar bu cinayətə doğru məqam güdərək gedirlər. Qadın vaxtında bunu duymalı və müəyyən tədbirlər görməlidir. Bu durumlarda ən rahat çıxış yolu isə boşanmaqdır. Bizdə isə qadınlar boşanmaq məsələsinə müsbət baxmırlar. Uşaqların atasız qalmasını-filanı səbəb göstərib, ailəni dağıtmamağa çalışırlar.” D.Rzayev deyir ki, Azərbaycan ailələri, xüsusən də qadınlar ailə psixologiyası məsələsində məlumatsız, savadsızdırlar:
"Bizdə ailə problemlərinin həll edilməsi məsələsi qohum-qardaşın üzərinə qoyulur. Ailədaxili münaqişələr olan zaman ağsaqqallar yığışır, bir-iki kəlmə tövsiyə verir ki, belə olmaz, arvadı döyməzlər, vəssalam. Ancaq psixopat adamın düşüncəsi bu yolla dəyişə bilməz”.
Qeyd edək ki, bu ilin doqquz ayı ərzində Azərbaycanda qadınlara qarşı 4552, o cümlədən zorakılıqla bağlı 1747 cinayət qeydə alınıb.
Daxili İşlər Nazirliyinin (DİN) Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili şöbəsinin rəisi Adıgözəl Adıgözəlov Azərbaycanda gender əsaslı zorakılıqla mübarizə layihəsinin açılış mərasimində deyib ki, bu hüquqa zidd əməllərə görə 2104 nəfər məhkəmə məsuliyyətinə cəlb olunub.
Onun sözlərinə görə, cinayətlərin 13 faizi, yəni 4552-dən 591-i və ya hər səkkizincisi ailə-məişət münaqişəsi zəminində baş verir. Şöbə rəisi vurğulayıb ki, hesabat dövründə qadınların hüquqlarının məhdudlaşdırılması ilə bağlı heç bir cinayət faktı qeydə alınmayıb: "Qadınlara qarşı zorakılıq, eləcə də məişət zorakılığı ilə bağlı nazirliyə və onun ərazi polis orqanlarına daxil olan müraciətlərin araşdırılmasına xüsusi həssaslıqla yanaşılır. Münaqişəli ailələr uçota götürülərək aidiyyəti üzrə qurumlar da cəlb edilməklə qabaqlayıcı əməliyyat profilaktiki tədbirlər həyata keçirilir”.
A.Adıgözəlov əlavə edib ki, hazırda daxili işlər orqanlarında xidmət edən 2 860 qadından 1 347-si xüsusi rütbəsi olanlar, 1 513-ü mülki işçilərdir.
Məlumat üçün bildirək ki, BMT-nin Əhali Fondu və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən aparılan sorğunun nəticələri göstərir ki, Azərbaycanda 15 yaşından sonra qadınların 24 faizi müxtəlif formada zorakılığa məruz qalır.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı rezident əlaqələndiricisi və BMT-nin inkişaf proqramının (BMTİO) rezident nümayəndəsi Qulam İsakzai Azərbaycanda gender əsaslı zorakılıqla mübarizə layihəsinin açılış mərasimində regiondan-regiona bu vəziyyətin dəyişdiyini deyib. Onun sözlərinə görə, zorakılığa məruz qalma hallarına ən çox Abşeron yarımadası və Lənkəranda rast gəlinir: "Statistik göstəricilər kifayət qədər ciddi narahatçılıqlar yaradır. Bu o deməkdir ki, işimizi davam etdirməliyik. Xüsusilə, məcburi köçkün və qaçqınlar arasında zorakılıq halları daha yüksəkdir və bu göstərici 26 faiz həcmindədir. Bu təbəqə bütövlükdə zorakılığa məruz qalıb və onların arasında gender əsaslı zorakılıq halı daha yüksəkdir”.
Q.İsakzai əlavə edib ki, bu məsələyə ardıcıl və hərtərəfli yanaşmaq vacibdir. Onun sözlərinə görə, yalnız insanları məlumatlandırmaq deyil, media, hüquq-mühafizə orqanlarının nümayəndələri, gənclər, siyasətçilərlə də işləmək lazımdır: "Onları maarifləndirmək, müvafiq qanunvericilik aktları qəbul etmək və lazımi səviyyədə həyata keçirmək gərəkdir. Gender əsaslı zorakılıq insan hüquqlarının çox kobud şəkildə pozulması halıdır. Bu tək Azərbaycan və ya daha az inkişaf etmiş ölkələrə aid olan fenomen deyil. Bütün dünyada, həmçinin inkişaf etmiş ölkələrdə baş verən haldır. Hər gün çoxsaylı qadınların hüquqları tapdanır, zorlama halları olur. Buna qarşı mübarizə aparmalıyıq. Azərbaycanda bu sahədə əsas çatışmazlıqlardan biri mövcud qanunvericiliyin kifayət qədər icra edilməməsi və günahkarların cəzasız qalmasıdır. Çoxtərəfli yanaşma, müxtəlif aidiyyəti orqanların bu problemə cəlb edilməsi məsələnin hərtərəfli həllinə kömək edə bilər”.
Şəymən