Ölkədə 700 mindən çox təhsil işçisi var

Müəllimlərin maaşlarının eyni anda artırılması çətindir, bu iş mərhələli şəkildə aparılacaq




Ölkə başçısı İlham Əliyev dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin dərs yükünün və əmək haqlarının, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin isə əməkhaqlarının artırılması haqqında sərəncam imzalayıb.

Dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşları orta hesabla 2 dəfə artırılıb.

Hazırda peşə məktəbi təhsilimizin "ağsayan” sahələrindən biridir. Sovetlər dönəmi başa çatdıqdan sonra bu sahəyə olan maraq azaldı və müəyyən boşluqlar yarandı.

Burda valideynlərin rolunu xüsusilə vurğulamalıyıq. Çünki əksər valideynlər övladlarının adlı-sanlı, yüksək ixtisaslarda təhsil almasını istəyirlər. Halbuki dünyanın inkişaf etmiş ölkələri məhz peşə təhsili hesabına irəli gedib. Maraqlıdır, müəllimlərin maaşının artırılması yaranmış boşluğu doldurub, peşə təhsilinə dönüş yarada bilərmi?

Sovet dönəmində attestasiya anlayışının mövcud olduğunu deyən təhsil üzrə ekspert Nadir İsrafilov "Şərq”ə bildirib ki, bütün müəllimlərə eyni əmək haqqının verilməsi düzgün deyil. Ekspertin sözlərinə görə, attestasiya zamanı müəllim əməyinin stimullaşdırılması və differensial əmək haqqının verilməsi nəzərdə tutulurdu. Ona görə də sovetlər vaxtında müəyyən kateqoriyalar mövcud idi. Müəllimlər attestasiyadan keçirdilər, kimsə ali kateqoriyaya, kimsə də 2-ci və 3-cü dərəcəli kateqoriyaya daxil olurdu: 

"Bu dərəcələrlə müəllimlər əmək və qabiliyyətinə görə maaş alırdı. 1999-cu ildə bizdə islahat proqramı qəbul olundu. Proqramda birmənalı şəkildə göstərildi ki, rəhbər və pedaqoji kadrların əməyinin stimullaşdırılması və əmək haqqına differensial yanaşmaq məqsədi ilə attestasiya keçirilsin. Attestasiya 2002-ci ildə başlamalı, 2004-cü ildə isə yekunlaşmalı idi. Bununla bağlı Nazirlər Kabinetində xüsusi qərar qəbul edildi, işçilərin attestasiyası haqqında qaydalar təsdiq olundu. Sabiq təhsil naziri Misir Mərdanov əmr verdi, attestasiyanın əsasnaməsi hazırlandı, qaydalar təsdiq olundu və komissiya yaradıldı. 

Amma 2004-cü ildə yekunlaşmalı olan attestasiya sona qədər keçirilmədi. Nəhayət, 2014-cü ildə, yəni 10 ildən sonra Təhsil Nazirliyinin komandası məsələni yenidən gündəmə gətirdilər.
Daha sonra attestasiya müəllimlərin sınaq imtahanı formasında keçirildi. Prezidentin sərəncamı ilə müəllimlərin diaqnostik qiymətləndirilməsinə başlanıldı. Hər halda diaqnostik qiymətləndirmə minlərlə müəllimin əmək haqqının artırılmasına şərait yaradır. Prezidentin sərəncamı ilə diaqnostik qiymətləndirmədən keçən müəllimlərin dərs saatları 1.5 dəfə, əmək haqqı 2 dəfə qaldırılır. Bu, əvvəl ümumi müəllimlərə, növbəti sərəncamda isə peşə məktəblərinə şamil edildi”.

Ölkəmizdə 700 mindən artıq təhsil işçisi olduğunu deyən N.İsrafilov müəllimlərin maaşlarının eyni anda artırılmasının çətin olduğunu, bu prosesin mərhələli şəkildə yerinə yetirildiyini bildirib: 

"Maliyyə naziri də etiraf elədi ki, "biz birdən-birə bu qədər təhsil işçisinin əmək haqqını qaldıra bilmərik”. Ona görə də maaşların artması növbəli şəkildə həyata keçir. Birinci mərhələdə ümumi müəllimlər, indi isə peşə məktəblərində çalışanlar nəzərdə tutuldu.

Sovet quruluşu dağılandan sonra peşə məktəblərində müəyyən avadanlıqlar məhv oldu, məktəblər bağlandı. Son zamanlar isə başa düşüldü ki, bu saat peşəyönümlük əsas məsələlərdən biridir. Dünyanın qabaqcıl ölkələri də peşə təhsili ilə inkişaf edirlər. Ona görə, hazırda peşə sisteminə çox böyük diqqət yetirilir. Koreya ilə müqavilələr imzalandı, xüsusi Peşə Agentliyi yaradıldı, ölkə başçısı gənclərlə görüşündə peşə sisteminə xüsusi diqqət yönəltdiyini bildirdi. 

Hesab edirəm ki, sərəncam pedaqoji işçilərin əməyinin stimullaşdırılması sahəsində növbəti addımdır. Ölkənin büdcəsi, sosial sahəyə ayrılan vəsaitin həcmi artdıqca, peşə sahəsinə də diqqət artmalıdır”.

Yeganə Bayramova