Əgər sayt rəhbəri özü medianın nə olduğunu bilmirsə, savadsızdırsa, elementar yazı-pozu qaydalarını bilmirsə, onda onun işə cəlb etdiyi müxbirlər də təbii ki, peşəkar olmayacaq, ola bilməyəcək
Ölkədə xaotik bir “sayt bumu” yaşanır
Mediaya birbaşa “baş redaktor” kimi gələnlər peşəkar jurnalistlər arasında bir lətifəyə çevrilib
Əgər sayt rəhbəri özü medianın nə olduğunu bilmirsə, savadsızdırsa, elementar yazı-pozu qaydalarını bilmirsə, onda onun işə cəlb etdiyi müxbirlər də təbii ki, peşəkar olmayacaq, ola bilməyəcək
Əgər sayt rəhbəri özü medianın nə olduğunu bilmirsə, savadsızdırsa, elementar yazı-pozu qaydalarını bilmirsə, onda onun işə cəlb etdiyi müxbirlər də təbii ki, peşəkar olmayacaq, ola bilməyəcək
(Əvvəli ötən sayda)
Son illər ayrı-ayrı dövlət qurumlarının mətbuat xidmətləri bəzi jurnalist və redaksiyaları qeyri-peşəkarlıqda ittiham edirlər. Bildirirlər ki, mətbuatda heç bir məqalə ilə çıxış etməyənlər müxtəlif yollarla hansısa elektron media quruluşuna "baş redaktor” təyin olunurlar. Bunun da əzab-əziyyətini həm peşəkar media orqanları, həm də bəzi dövlət qurumları çəkir. Ona görə ki, həmin "baş redaktorlar” əməkdaşlarına mövzu planlaşdırması zamanı doğru-düzgün istiqamət verə bilmirlər.
Nəticədə müxbir sualını aidiyyəti olmayan qurumların mətbuat xidmətləri və ya ekspertlərinə ünvanlayır ki, sonda arzuolunmaz mənzərə meydana çıxır. Bəzi ekspertlərin iddiasına görə, "Azərsun” şirkətinə zəng edərək su ilə bağlı müraciət edən və ya hansısa iqtisadçıya siyasi məsələdən sual verən "müxbirlər” peyda olub. Əlbəttə, bu faktlar müəyyən texniki yanlışlıq olmaqla yanaşı, eyni zamanda ciddi qeyri-peşəkarlıq nümunəsi də ola bilər. Əksər ekspertlər isə düşünür ki, ümumiyyətlə, elektron media resurslarının sürətli çoxalma mərhələsində bu cür problemlərin qarşısını almaq asan deyil. Ümumiyyətlə, demokratik cəmiyyət düzənində mətbuat və söz azadlığı KİV nümayəndələrinə əlavə hüquq və səlahiyyətlər verdiyi kimi, onların üzərinə həm də əlavə məsuliyyət qoyur. Bu məsuliyyəti dərk edən jurnalist həm peşə etikasına riayət edir, həm də vəzifəsinin nədən ibarət olduğunu anlayır. Mütəxəssislərin fikrincə, çap mediasındakı problemlərə qarşı mübarizə aparmaq daha asan və effektiv olur. Çünki çap mediasında konkret kriteriyalar və qanuni tənzimləmələr var. Lakin savadsız və qeyri-peşəkar şəxslərin özlərinə daha rahat yer etdiyi yeni onlayn mediada məlum problemlərin qarşısını almaq mürəkkəbdir. Əksəriyyət hesab edir ki, internet media çap mətbuatından geniş yayıldığı üçün burada problemlər özünü daha qabarıq formada göstərir. Eyni zamanda o da vurğulanır ki, savadsızlıqla qeyri-peşəkarlıq fərqli anlayışlardır. Təhsildə heç nə öyrənməyən gənclərin sonradan bu sahədə ixtisaslaşması və peşəkarlaşması böyük çətinlik yaradır. Problem odur ki, təsadüfi, qeyri-peşəkar, jurnalistikaya yad adamların onlayn mediaya ayaq açması indi çox asandır. Ümumiyyətlə, Azərbaycanda istənilən şəxsin onlayn media yaratması üçün heç bir problem yoxdur. Ona görə də bu sahəyə bələd olmayan, cəmiyyətdə özünə yer tapmayan şəxslərin jurnalistikada "özlərini sınamaq” istəkləri bu cür savadsız və qeyri-peşəkar "ordunun” yaranmasına gətirib çıxarır. Lakin düşünülür ki, peşə olaraq bu sənəti seçən savadsızlar çətin də olsa, zamanla düzələ, püxtələşə bilərlər. Həmçinin, redaktorların səyi ilə tədricən formalaşarlar. Ancaq bu sahəyə başqa məqsədlə soxulmuş qeyri-peşəkarların hədəfi isə tamam ayrıdır. Onlar istənilən qeyri-dəqiq informasiyanı yaymaqla "reketliklə” məşğul olurlar. Bu nöqteyi-nəzərdən məsələyə münasibətdə media nümayəndələrinin fikirləri birmənalı deyil. Bir sıra ekspertlər yeni mediada hələ tam yetişməmiş qeyri-peşəkarların olduğunu və problemin onları narahat etdiyini desələr də, digər media nümayəndələri yaranmış anlaşılmazlığa görə, müxtəlif dövlət qurumlarının mətbuat xidmətlərini suçlayıblar.
Mövzu ilə bağlı "Şərq”ə fikirlərini bölüşən "Ölkə.az” saytının baş redaktoru Məmməd Gülməmmədovun fikrincə, dövlət qurumlarının mətbuat xidmətləri ilə jurnalistlər arasında qarşılıqlı ittihamlar, suçlamalar həmişə olub, bundan sonra da olacaq:
"Jurnalist mətbuat katibinə səhv və ya yersiz sual ünvanlayırsa, qurum təmsilçisi buna cavab verməyə bilər. Əsas odur ki, mətbuat katibi tapılsın, əlçatan olsun. Mətbuat katibinin vəzifəsi sualı dinləməkdir, cavab verər, ya verməz, bu ayrı məsələdir. Reallıq odur ki, bu gün Azərbaycanda hansısa dövlət qurumunun mətbuat xidmətinin həqiqi jurnalistlərdə irad axtarması absurddur. Çünki əksər mətbuat katibləri özlərini kadrlar şöbəsinin rəhbəri kimi aparırlar. Onlar heç kimin zənginə cavab vermir, əlçatmaz olduqlarını düşünürlər. Elə zənn edirlər ki, guya, kimsə onlara zəng edərək filankəsi işə düzəltmək üçün minnətçi düşəcək. O baxımdan media nümayəndələrinə qarşı səsləndirilən əksər ittihamları əsassız sayıram”. Sayt rəhbəri bildirib ki, baş redaktor olmaqla hansısa mətbu orqana rəhbərlik etmək tamamilə ayrı məsələlərdir: "Bir çox menecer var ki, onlar jurnalistikadan gəlməsələr də, çox uğurlu şəkildə hansısa media qurumuna rəhbərlik edirlər. Düşünürəm ki, bu kimi hallar normaldır və dünya təcrübəsində mövcuddur. İnkişaf etmiş heç bir ölkədə mütləq hansısa mətbu orqanın sahibi jurnalist olmalıdır deyə bir anlayış yoxdur. Bu düşüncə sovet dövründən qalmadır. O vaxt özəl qəzet və ya televiziya olmadığı, internet media yaranmadığı üçün media qurumlarına başqa ixtisas və peşə sahibləri rəhbərlik edə bilməzdilər. İndiki dövrdə də o cür düşünən insanlar keçmişdən qalan şəxslərdir. Hazırkı mətbuat xidmətlərinin rəhbərləri də sovet təfəkkürü ilə düşünürlər. Onların böyük əksəriyyəti özlərini inkişaf etdirməyiblər, krizis idarəetməsini bilmirlər. O səbəbdən qurumlarına qarşı yönələn neqativlikləri dəf etməyi bacarmırlar, tam əksinə, mənfi münasibəti daha da şiddətləndirirlər”.
"Yeni Müsavat”ın redaktoru Elşad Məmmədli də "Şərq”ə açıqlamasında bildirib ki, ölkədə xaotik şəkildə bir "sayt bumu” yaşanır. Onun sözlərinə görə, mediaya birbaşa "baş redaktor” kimi gələnlər artıq peşəkar jurnalistlər arasında bir lətifəyə də çevrilib:
"Hesab edirəm ki, bu tendensiya yaxın illərdə səngiyəcək. Çünki mediada bir sağlamlaşma prosesinin aparıldığının şahidiyik. Əlbəttə, bu məsələlərin hüquqi yollarla, eyni zamanda qınaqla həll edilməsi zərurəti var. Əgər sayt rəhbəri özü medianın nə olduğunu bilmirsə, savadsızdırsa, elementar yazı-pozu qaydalarını bilmirsə, onda onun işə cəlb etdiyi müxbirlər də təbii ki, peşəkar olmayacaq, ola bilməyəcək. Bu problemlərin həlli yolu odur ki, həmin "süni” və "kitayski” saytları maliyyələşdirən ayrı-ayrı adamlara pullarını boş yerə xərclədikləri başa salınsın. İkincisi isə ciddi qurumlar və şəxslər onları media hesab etməsinlər. Məncə, tələb-təklif prinsipi ilə bu cür "saytlar” sıradan çıxacaq. Biz çox saytın meydana atıldığını, amma qısa zamandan sonra yoxa çıxdığını görmüşük. Nəhayətdə, o cür saytlar artıq yaranmalarına səbəb görməməlidirlər. Onları həvəsləndirən amillər aradan qalxmalıdır. Eyni zamanda onu da etiraf etməliyik ki, bəzi mətbuat xidmətlərinin rəhbərləri və əməkdaşları özləri də peşəkar deyillər. Yaxşı olar ki, bu postlara da birmənalı şəkildə peşəkarlar cəlb olunsun”.
"Lent.az”ın redaktoru Səbinə Əvəzqızı də diqqətə çatdırıb ki, həqiqətən, Azərbaycan mətbuatında heç bir əməyi olmayan, hansısa araşdırmalarla mediamıza möhürünü vurmayan kifayət qədər qeyri-peşəkarlar özlərini "baş redaktor”, "redaktor” elan edib: "Təbii ki, bu insanları və onların yaratdıqları qurumları çoxları ciddi qəbul etmir. Mən bu təbəqəni daha çox "vətəndaş jurnalistikası” ilə məşğul olanlar siyahısına aid edərdim. Bəziləri "online jurnalistika” deyəndə ənənəvi jurnalistikadan fərqli bir sahəni düşünürlər. Lakin onu bilmək lazımdır ki, burada bir məsuliyyət məsələsi yaranırsa, bu, hamı üçün eyni olur. "Online jurnalistika” bu cür məsuliyyətlərdən yayına bilməz. Bunun ənənəvi jurnalistika ilə heç bir fərqi yoxdur. Bu cür problemlər əsasən ümumi jurnalist professionallığından, səviyyədən irəli gələn məsələlərdir. Öz peşəsinə hörmət edən hər bir kəs hansısa ünvana müraciət etməzdən əvvəl mütləq kiçik də olsa bir araşdırma aparmalıdır. Bəzən peşəkar jurnalistlərin də texniki problemlərlə rastlaşdığı hallar olur. Məsələn, redaksiyanın texniki əməkdaşı onu "bu Həsənin” əvəzinə, "digər Həsənlə” birləşdirər. Sən yalnız söhbətin ortasında səhv olduğunu başa düşərsən. Maraqlı bir fakt deyim. İllər öncə jurnalist Elbəyi Həsənli DTK generalı Ziya Yusifzadə ilə müsahibəyə hazırlaşırdı. Bu istiqamətdə danışıqlar gedirdi. Görüş təyin olunur, jurnalist gedir və məlum olur ki, bütün danışıqlar sabiq nazir Ziya Məmmədovla gedirmiş. O vaxt Z.Məmmədov Azərbaycan Dəmir Yollarında idi. Lakin jurnalist peşəkar olduğundan vəziyyətdən çıxıb və nəticədə gözəl bir müsahibə alınıb. Yəni, bütün məsələlər peşəkarlıqda ilişib qalır. Peşəkar da səhv edə bilər, amma oradan çıxmağı da bacarar”.
S.Əvəzqızı bildirib ki, hazırda bir çox jurnalistlərimiz hətta üzdə olan millət vəkillərini, siyasətçiləri və ekspertləri belə tanımaqda çətinlik çəkirlər:
"Hesab edirəm ki, bu məsələnin ən birinci çıxış yolu odur ki, jurnalistin müraciət etdiyi tərəflər tanımadıqları media qurumları ilə münasibət qurmasınlar. Bundan başqa, media orqanları kiminlə işlədiklərinə önəm versinlər, az maaşla işləməyə hazır olan hər bir kəsi qəbul etmək olmaz. Əslində təzə jurnalist imzasına həmişə ehtiyac var. Bu, yeni bir qan, yeni bir baxış deməkdir. Amma təzələrin püxtələşməsi üçün mütləq peşəkarların nəzarətində fəaliyyət göstərməsi vacibdir. Media orqanları elə bir durumda olmalıdır ki, gələcək kadrların hazırlanmasında iştirak edə bilsinlər”.
"Azvision.az” saytının əməkdaşı Anar Kəlbiyev də etiraf edib ki, elektron media resurslarının sürətlə çoxalması ilə bağlı fikirlər doğrudur: "Son illərdə saytların xeyli artmasını müşahidə etmək olar. Bunların bir neçəsində həmin saytın sahibindən başqa işçi olmur. Həmin şəxsin özü tanınmış media resurslarının xəbərlərini "copy-paste” etməklə öz saytında verir. Həmçinin, o saytlarda reket yazıları da müşahidə etmək olar. "Baş redaktor” olanlara gəlincə isə, əlbəttə ki, belələri də var. Özü normal bir xəbər yaza bilməyən necə baş redaktor ola bilər? Belələri öz işçilərinə aidiyyəti olmayan suallarla dövlət qurumlarına müraciət etməyi "tövsiyə” edə bilərlər. Belə halların baş verməməsi üçün internet mediaya diqqət artırılmalıdır. Bütün bunlara rəğmən bu gün mediada hər kəs biri-birini tanıyır. Bir sözlə, kimin kim olduğu yaxşı bilinir. Bu yerdə mətbuat xidmətlərinin də işi ilə bağlı fikir bildirmək lazımdır. Belə ki, bütün mətbuat xidmətlərinin də yüksək səviyyədə işlədiyini demək olmaz. Son illər bir çox mətbuat xidmətlərində operativlik müşahidə olunur. Amma bununla yanaşı, öz fəaliyyətində geridə qalanlar da var”.
İsmayıl
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb