Azərbaycanlı şair-publisist, Türk dünyası ədəbi-mədəni bağlarının lider təmsilçilərindən Əkbər Qoşalı Başqurdistan Respublikası Yazıçılar Birliyinin (BYB-nin) Rəmi Qəribov medalı ilə təltif olunub.
Azərbaycanlı yazar bu nüfuzlu ödülə onun təsis olunduğu ölkə dışında layiq görülən ilk ədəbiyyat nümayəndəsi olub.
15 sentyabr 2026-cı il tarixli təltif, 082 saylı medal və BYB başqanı, Dövlət mükafatı laureatı, Millət vəkili Aygiz Baymuxametin imzaladığı müvafiq vəsiqə ilə rəsmiləşdirilib. Medalı BYB başqan müavini, tanınmış başqurd şair-dramaturqu Tənzilə Devletberdina Bakıya səfəri çərçivəsində Əkbər Qoşalıya təqdim edib.
Hadisənin ayrıca diqqətçəkən cəhəti ondan ibarətdir ki, Əkbər Qoşalı Rəmi Qəribov medalına mükafatın təsis olunduğu ölkədən qıraqda layiq görülən ilk yazardır. Beləliklə, Rami Qaripovun adı ilə bağlı yeni ədəbi mükafatın coğrafiyası ilk dəfə Başqurdistan hüdudlarını aşaraq Azərbaycana – Bakıya uzanıb.
Rəmi Qəribov medalı BYB İdarə Heyətinin qərarı ilə 2026-cı ilin fevralında, böyük başqurd şairinin doğum günü ərəfəsində təsis edilib. Mükafatın əsas təqdimat formulu “Başqurdistan ədəbiyyatının inkişafına töhfəyə görə”dir.
Mükafat haqqında Əsasnaməyə görə, medal yalnız yazıçılara, milli ədəbiyyatın inkişafına önəmli töhfə vermiş səhnə ustalarına, dövlət və ictimai xadimlərə, eləcə də xarici ölkə vətəndaşlarına təqdim oluna bilər.
Medalın üz tərəfində Rəmi Qəribovun portreti və adı, arxa tərəfində isə “Başqurdistan ədəbiyyatının inkişafına töhfəyə görə” sözləri həkk olunub. Medalın lentində Başqurdistanın dövlət bayrağının göy-ağ-yaşıl boyaları əks etdirilib.
Rəmi Qəribov (Rəmi Yəğəfər ulı Ғарипов; 1932–1977) XX yüzil başqurd poeziyasının görkəmli nümayəndəsidir. O, şairliklə yanaşı, publisist və tərcüməçi kimi də zəngin irs yaradıb. 1988-ci ildə (ölümündən sonra) Salavat Yulayev adına Dövlət mükafatına, 1992-ci ildə isə Başqurdistanın Xalq şairi adına layiq görülüb.
Rəmi Qəribov medalının təsis olunmasını şərh edən BYB başqanı Aygiz Baymuxamet böyük şairin başqurd ədəbiyyatı tarixində bənzərsiz iz qoyduğunu, onun həm də yüksək səviyyəli tərcümələri vasitəsilə dünya xalqları arasında dostluq körpüsü yaratdığını vurğulayıb. Başqanın fikrincə, Rəmi Qəribovun xatirəsinin əbədiləşdirilməsi mənəvi borcdur.
Medalın Azərbaycan nümayəndəsinə təqdim olunması ayrıca rəmzi anlam daşıyır: özü tərcümə vasitəsilə xalqlar arasında mənəvi körpülər yaratmış Rəmi Qəribovun adını daşıyan mükafat bu dəfə Başqurdistan–Azərbaycan ədəbi əlaqələrinin körpüsünə çevrilir.
Bu, həm də, Əkbər Qoşalının timsalında Türk dünyası ədəbi əlaqələrinə verilən qiymətdir.
Əkbər Qoşalı uzun illərdir Azərbaycanla digər türk ölkə, topluluqları arasında ədəbi-mədəni bağların inkişafı, çağdaş türk ədəbiyyatının qarşılıqlı tanıdılması, yazarlar arasında birbaşa münasibətlərin genişləndirilməsi yönündə səmərəli işlər görür.
O, müxtəlif illərdə Türk dünyası yazarlarının ortaq layihələrinin təşkili, ədəbi nəşrlərin, antologiyaların hazırlanması, beynəlxalq ədəbiyyat tədbirlərinin keçirilməsi və türk xalqlarının çağdaş ədəbi irsinin Azərbaycanda tanıdılması istiqamətində çoxsaylı uğurlu təşəbbüslərlə çıxış edib. Əkbər Qoşalının Başqurdistanın ədəbi-mədəni mühiti ilə əlaqələri də bu uzunmüddətli fəaliyyətin tərkib hissəsidir.
Rəmi Qəribov medalının Əkbər Qoşalıya təqdim edilməsi bu fəaliyyətə, eyni zamanda Azərbaycan–Başqurdistan ədəbi-mədəni əlaqələrinin inkişafına verilən qiymət kimi səciyyələndirilir.
Medalın təqdimatı zamanı Azərbaycan və Başqurdistan arasında ədəbi bağların daha da genişləndirilməsi, qarşılıqlı tərcümələrin, nəşrlərin və yaradıcı görüşlərin davam etdirilməsinin önəmi də ifadə olunub.
Beləliklə, bu təltif bir tərəfdən konkret bir Azərbaycan yazarının fəaliyyətinə verilən qiymətdirsə, digər tərəfdən, Azərbaycan və Başqurdistan ədəbi mühitləri arasında uzun illər boyu formalaşan yaradıcı münasibətlərin yeni ifadəsidir.
Budur, Bakı–Ufa ədəbi körpüsündə indi Rəmi Qəribovun adı da xüsusi bir nişan kimi yaşayır.


