“Ölkəmizin dərman bazarında xaotik bir vəziyyət var” – Professor

Azərbaycanda fenspirid tərkibli dərman vasitələrinin idxalı, pərakəndə və topdan satışı qadağan edilib. Səhiyyə Nazirliyindən verilən məlumata görə, dərmanın qadağan olmasına səbəb bu dərman preparatının xəstələrdə ürək ritm problemlərinə yol açmasıdır.
Məsələni dəyərləndirən tibb elmləri doktoru, professor Adil Qeybulla "Sherg.az”a açıqlamasında görə, ölkəmizdəki dərman bazarında xaotik bir vəziyyət var.
Professor bildirib ki, adətən dərman maddələri aşağı keyfiyyət parametrləri ilə xarakterizə olunur:
"Hansısa dərman preparatı az-çox tanınır, müəyyən güvən yaranır, sonra isə yoxa çıxır. Azərbaycanda dərman maddələrinin dövlət reyestri olmalıdır. 
Əhali bilməlidir ki, hansı dərman vasitəsinin ölkədə istifadəsinə icazə var. Yoxsa epizodik qərarlarla və korporativ maraqlar əsasında nəyəsə nail olmaq mümkün deyil. Əslində istər Səhiyyə Nazirliyinin, istərsə də digər qurumların bu məsələyə olan münasibəti şəxsən məni qane etmir. 
Söhbət hansısa dərmanın qadağan edilməsindən deyil, dərman bazarının nizamlanmasından gedir. Bu məqama ciddi yanaşmaq lazımdır. Dərmanların idxalı prosesində sırf korporativ maraqlar var. Buna müəyyən qüvvələr nəzarət edir. İlk növbədə dərman preparatlarının dövlət reyestrini yaratmalı, daha sonra isə bu işi ictimailəşdirməliyik”.
Yeganə Bayramova