Ölkənin 50 faizi silahlıların əlindədir

Rusiya və İran Əsəd hakimiyyətini uzatmaq istəyir
Ona görə də Suriya müxalifəti proseslərə qarşı çıxır



Suriya müxalifət qruplaşmaları Rusiya Xarici İşlər naziri Sergey Lavrov ilə bir araya gəlməkdən imtina ediblər. Onların Lavrov ilə keçiriləcək toplantıya qatılmamasının səbəbinə dair bir açıqlama edilməyib. Lakin ehtimal olunur ki, Rusiyanın təqdim etdiyi son sənəddə terror təşkilatı PKK-nın keçirdiyi ərazilərdə "kürd muxtariyyəti”nin qurulması ilə bağlı təklif müxalifləri bu addımı atmağa vadar edib.

Bununla yanaşı, Suriya müxalifəti Rusiyanın Konstitusiya təklifinə də "yox” deyib. Nümayəndə heyətinin üzvü Əhya əl-Aridi deyib ki, "Suriya Konstitusiyasını yazmağa yalnız suriyalıların haqqı var. Başqa ölkə tərəfindən yazılan Konstitusiya siyasiləşmiş olacaq”. Məlumata görə, Rusiyanın layihəsində prezidentin 7 il müddətinə seçilməsi nəzərdə tutulur və iki dəfə ard-arda seçilmək hüququ olmur. Parlamentin iki palatalı olması və əsas hüquq mənbəyi kimi şəriətdən imtina edilməsi də təkliflər arasındadır. Xatırladaq ki, BMT 8 fevralda Cenevrədə nəzərdə tutulmuş Suriya ilə bağlı danışıqları növbəti ayın sonuna keçirib. Bu barədə Rusiya XİN başçısı Sergey Lavrov açıqlama verib. O deyib ki, Astanada Suriya ilə bağlı qəbul olunan səylər Cenevrədə BMT-nin sədrliyi ilə keçiriləcək görüşə öz töhfəsini verəcək. Lavrov deyib ki, Astana görüşünün ən böyük uğuru silahlı müxalifət və rəsmi Dəməşqin eyni danışıqlar masasına oturdulması və Rusiya, Türkiyə, İran tərəfindən atəşkəsin tənzimlənməsi üçün üçlü mexanizmin yaradılmasıdır.

Prosesləri "Şərq”ə dəyərləndirən politoloq Arzu Nağıyev Suriyada hər dövlətin öz maraqlarının olduğunu deyib: 

"Hətta Suriya müxalifəti Astanada Türkiyənin iştirak etməsini belə istəmirdi. Ona görə də Astana görüşündə Suriya hakimiyyəti ilə müxalifət arasında heç bir razılıq olmadı. Bu gün Suriyanın 50 faizdən çoxu İŞİD və digər silahlı radikal qruplaşmaların nəzarətindədir. Müxalifət gözəl başa düşür ki, Suriyada savaşan PKK və PYD-nin də öz maraqları var. Eyni zamanda, Qərb Türkiyənin sərhədləri yaxınlığında sadəcə muxtariyyət deyil, bütöv dövlət yaratmaq niyyəti güdür. Rusiyanın əsas marağı isə öz nüfuzunu qorumaqla ölkə xaricində, yəni Suriya ərazisində hərbi bazasını saxlamaqdır”. 

Politoloq bildirib ki, ABŞ-ın görüşə müşahidəçi qismində qatıldığı, terrorçu qruplaşmaların təmsil olunmadığı Astana danışıqlarından müsbət nəticə çıxmayacağı bəlli idi: 

"Rusiya həddindən artıq Suriyanın daxili işlərinə qarışır. Moskvanın sülhməramlı addımları təqdirəlayiqdir. Lakin bu o demək deyil ki, Kreml Suriyanın siyasi idarəçiliyini də öz əlinə ala bilər. Hərbi üstünlüyü ələ almaq, siyasi üstünlüyə sahib olmaq anlamına gəlmir. Rusiya və İran Əsədin hakimiyyətini uzatmağa çalışdığı üçün Suriya müxalifəti proseslərə qarşı çıxır”.

İsmayıl