Ölmüş adamın adına kredit götürülüb
Bank başqa arqument gətirir, əmlakını itirmək təhlükəsində qalan mərhumun həyat yoldaşı isə savaşa başlayıb
"Parabank”ın Nərimanov filialında ağla gəlməyən dələduzluq hadisəsi baş verib. Bankın 1 il qabaq ölmüş adamın adına kredit verdiyi üzə çıxıb. Bankın işçiləri 2014-cü ilin avqust ayında rəhmətə getmiş Vaqif İbrahimovun adına kredit sənədləşdirib. 2016-cı ilin mart ayında rəhmətliyin arvadı Xəyalə İbrahimova əri Vaqif İbrahimovun aldığı krediti ödəmədiyi üçün bank tərəfindən onun mülkünün "Parabank”ın xeyrinə əlindən alınması haqqında məhkəməyə müraciət edəcəyi haqda bildiriş alıb. Və bu bildirişdə yazılıb ki, mərhum Vaqif İbrahimov bu krediti 14 sentyabr 2015-ci ildə alıb, yəni öləndən 13 ay sonra.
Xəyalə İbrahimova dərhal "Parabank”a müraciət edib, lakin orda bunun necə baş verdiyini heç kim ona başa sala bilməyib. İndi Xəyalə İbrahimova hüquq-mühafizə orqanlarına müraciət etməyə hazırlaşır.
Qeyd edək ki, X.İbrahimova vəkil Əziz Qənbərovla müqavilə bağlayaraq məsələyə aydınlıq gətirməyə çalışıb. Vəkilin sözlərinə görə, mərhum "Parabank”ın Nərimanov filialının intizamlı müştərisi olub. Bankdan müxtəlif vaxtlarda kredit götürüb və vaxtında ödənişlər edib: "Vaqif İbrahimov rəhmətə getdikdən sonra bankdan onun adına 11 mart 2016-cı il tarixli, 635/16 saylı bildiriş məktubu göndərilib. Mərhumun həyat yoldaşı məktubu oxuyanda gözlərinə inanmayıb. Bankdan göndərilən məktubda yazılır ki, Vaqif İbrahimovla 14 sentyabr 2015-ci il tarixli, 035/15/PBN nömrəli kredit müqaviləsi bağlanıb?!”.
Bankın ölmüş biri ilə kredit müqaviləsi bağlamasına toxunan vəkil filialdan ağlabatan bir izahat verilmədiyini deyib. Ə.Qənbərov hesab edir ki, bank məsələyə aydınlıq gətirməlidir: "Göndərdikləri məktubda yazırlar ki, guya, mərhum həmin müqavilə üzrə borc öhdəliyini icra etmir və bu səbəbdən tutulma onun yüklü əmlakına yönəldiləcək. Mərhumun həyat yoldaşı isə deyir ki, yaşadığı mənzilin yüklü olması ona həmin məktubdan sonra məlum olub. Mərhumun həyat yoldaşı ilə 1997-ci ildən rəsmi nikahda olmasına və həmin evdə qeydiyyatda olmasına baxmayaraq, evin yüklü olması barədə onun razılığı olmayıb”. Dələduzluq ittihamını qəbul etməyən "Parabank” rəhbərliyi vəfat etmiş Vaqif İbrahimovun adına kredit müqaviləsi imzalanması məsələsi haqda açıqlama verib. Bank yaydığı təkzibdə 19 avqust 2014-cü ildə ölən Vaqif İbrahimovun müqaviləsi haqda yayılan xəbərlərin həqiqətə uyğun olmadığını qeyd edib: "Məqalədə yerləşdirilmiş "ölüm haqqında şəhadətnamə”yə əsasən 19.08.2014-cü il tarixində rəhmətə getmiş İbrahimov Vaqif İskəndər oğluna kreditlər, o, rəhmətə getməmişdən əvvəl verilib. Məqalədə yerləşdirilmiş "Bildiriş”də qeyd edilən müqavilə tarixləri və nömrələri yanlışdır. Yanlışlıq texniki səhv nəticəsində baş verib. Xəyalə İbrahimovanın, V.İbrahimova aid əmlakın girov qoyulmasına dair razılığının olmaması məsələsinə gəldikdə isə, bildirmək istəyirik ki, kreditlərin verilməsi zamanı Vaqif İbrahimov tərəfindən təqdim edilmiş ona məxsus şəxsiyyət vəsiqəsində ailə vəziyyəti "subay” göstərilib. Bütün yuxarıda göstərilən məlumatları bank istənilən vaxt sənədlərlə təsdiq etməyə hazırdır”.
Bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov "Şərq”ə açıqlamasında deyib ki, hər iki iddia üzrə fakt araşdırılmalı və həqiqət ortaya çıxarılmalıdır:
"Burada bank tərəfindən edilən saxtakarlıq faktı özünü doğrulda bilər. Ola bilsin ki, ölmüş adamın şəxsiyyət vəsiqəsini ələ keçirən bank işçiləri müqaviləni rəsmiləşdirib, kredit çəkiblər. Yəni bu elə də mümkünsüz bir şey deyil və belə hallar olur. Bu isə artıq cinayətdir. Hesab edirəm ki, hadisə cinayət tərkibli olduğu üçün hüquq-mühafizə orqanları məsələyə müdaxilə etməli və istintaq açılmalıdır. Amma bir ehtimal da bankın verdiyi açıqlamadır ki, texniki səhv olub və bildirişdə tarix səhv qeyd olunub. Prinsip etibarı ilə bu da mümkündür. Ola bilsin ki, məktubu yazan bank işçisi belə bir yanlışlığa yol verib. Amma istənilən halda hadisəni aydınlığa çıxartmaq müvafiq dövlət orqanları üçün o qədər də çətin bir şey deyil. Ən azı Maliyyə Bazarlarına Nəzarət Palatasının nəzdində bütün borcların mərkəzləşdirilmiş kredit reyestri var. Həmin reyestrdə kimin adına, nə vaxt kredit rəsmiləşdirilibsə, sənədi var. Palataya sorğu göndərməklə sözügedən şəxsin adına "Parabank”dan nə vaxt kredit götürüldüyünü dəqiqləşdirmək olar. Əgər həmin adam krediti doğrudan da sağlığında götürübsə, burada heç bir qanunsuzluq yoxdur”.
Hüquqşünasın sözlərinə görə, mərhumun ailəsinin iddiaları təsdiqləndiyi halda "Parabank”ı çox ciddi cəzalar gözləyir: "Faktın bankın fırıldaqçılığı olduğu təsdiqləndiyi halda bu işi həyata keçirən bank işçiləri sənədləri saxtalaşdırdıqlarına görə cinayət məsuliyyətinə cəlb olunacaqlar. Burada eyni zamanda dələduzluq və qanunsuz kredit alma faktları da var. Bir neçə maddə olduğu üçün həmin şəxsləri bir neçə il azadlıqdan məhrumetmə cəzası gözləyir. Eyni zamanda, Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən "Parabank”a qarşı da cərimə sanksiyaları tətbiq edilə bilər. Mərhumun yoldaşına dəyən mənəvi zərəri də bank mütləq şəkildə kompensasiya etməli olacaq. O şərtlə ki, bu kreditin vətəndaşın adına öləndən sonra götürüldüyü təsdiqlənsin”.
Şəymən